Azərkosmos və “SpaceX” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Digər xəbərlər

Azərkosmos və “SpaceX” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos ABŞ-nin “SpaceX” şirkəti (Space Exploration Technologies Corporation) ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki, müqaviləyə əsasən Azərkosmos və “SpaceX” şirkəti arasında şirkətin “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışı üzrə razılıq əldə olunub.

Azərkosmos tərəfindən ölkəmizdə artıq uğurla sınaqdan keçirilən “Starlink” peyk internet xidmətləri dənizdə, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində, ucqar ərazilərdəki iş və məlumat mərkəzlərində, kifayət qədər internet əhatəsi olmayan ərazilərdəki istifadəçilər tərəfindən istifadə oluna bilər.

Azərkosmosun İdarə heyətinin sədri Saməddin Əsədov bildirib ki, ölkəmizdə “SpaceX” şirkəti kimi qlobal səviyyəli texnologiya bələdçisi ilə birgə fəaliyyət göstərməkdən məmnunuq. “Starlink” internet xidmətlərinin tərəfdaşı olaraq ənənəvi və çox vaxt məhdud telekommunikasiya infrastrukturlarının yaratdığı maneələri aradan qaldırmaqla dənizdə və quruda qabaqcıl peyk texnologiyası xidmətlərimizi genişləndirəcəyik.

Görüşdə “SpaceX” şirkətinin prezidenti və baş əməliyyat direktoru Qven Şotvel (Gwynne Shotwell) qeyd edib ki, bu əməkdaşlıq Azərbaycan və “SpaceX” arasında kosmik sahənin davamlı inkişafı istiqamətində mühüm addımdır.

Əli SADIQOV,

“Respublika”.