Yeni günüm
Sosial həyat

Yeni günüm

Yenə fəsli-bahar oldu... Artıq qış ömrünü başa vurur, ruhumuzun dirçəldiyi, əhvalımızın yüksəldiyi xoş bahar gəlir. Allı-güllü, yamyaşıl yaza gedən yol üstündəyik. Qış gecələri qısalıb uzun günlə əvəzlənir, buludların qar-yağış sırğası yavaş-yavaş dağılır, göy üzünə ulduzlar səpələnir. Bir azdan ay da bədirlənəcək. Yazın erkən çağında səmanı göy qurşağı bəzəyəcək. Boz ay nə qədər şıltaqlıq etsə də təbiət öz işindədir: bizi üzü yaza aparır. Qız-gəlinlərin evlərdə cücərtdikləri səmənilərin belinə qırmızı kəmər də bağlanıb. Göyərən arzulara bənzəyən, ümid, həyat, yaşamaq rəmzi sayılan səmənilər Novruza qovuşmağa can atır. İlaxır çərşənbədən sonra torpağın ətri insanı bihuş edir. Bu gün-sabah bənövşə, novruzgülü kolların dibindən boylanacaq. Onlar baharın elçiləridir, boz ay, şaxta-boran bilməz, vaxtında-vədəsində yazın gəlişini xəbər verərlər. Bir də qaranquşlar… İnsanlara yazdan müjdə gətirir. Qışın köhlən atını çəkib gedəcəyinə, dörd bir tərəfə gül-çiçəkdən nur səpiləcəyinə sayılı günlər qalıb.

Min illərdir el-obamız Novruza ürəyinin başında, gözünün üstündə yer verib, ağ gününü, bəxtəvər çağını, inamını, gümanını, ruzi-bərəkətini onun adıyla bağlayıb. Yəqin elə buna görədir ki, Novruz ən uzun dövranı olan bayram sayılır. El dilində belə bir söz var deyirlər, tut sovuşana, gilas ağarana qədər Novruzdur. Bütün zamanlarda xalqımız Novruzun bayram taxt-tacına ürəkdolusu, gözdolusu məhəbbətlə baxıb. Bəlkə buna görə Novruza "bayramların sultanı", həmin günlər torpaqdan boylanan gülə "novruzgülü", əsən küləyə "Novruz yeli", yandırılan tonqala "Novruz tonqalı", açılan süfrəyə "Novruz süfrəsi" deyilib.

Bahar soraqlı, yaz nəfəsli bir dünya yaradan Novruzla bağlı belə bir inanc var: Oğuz oğlu qış aylarında çox əziyyət çəkirmiş. Xilaskar qurd ona qoyun sürüsü, əl dəyirmanı, bir də sünbül gətirir. Və beləliklə, əkinçiliyin, qoyunçuluğun əsası qoyulur. Bundan sonra Oğuz oğlu qışın çiləsindən daha qorxmur. Günlərin birində o, xilaskar qurdla yenidən görüşür. Həmin günə "Novruz" adını verir və o zamandan Novruzu bayram kimi qeyd edir. Min illərdir bu yaddaş elimizin arzusu, istəyi, sevincini türkün ən qədim düşüncəsindən qaynaqlanan ənənələri, inamları yaşadır.

Novruz bayramının yaranma tarixi barədə hər zaman müxtəlif fikirlər mövcud olub. Məsələn, xalq arasında belə hesab olunur ki, Tanrı Adəmi məhz bu gün yaradıb, Nuh peyğəmbər bu gün quruya enib. Əksər orta əsr mənbələrində Novruz bayramının Pişdadilər sülaləsinin hökmdarı Cəmşid tərəfindən yaradıldığı fikri irəli sürülür. Belə hesab olunur ki, "Avesta"da da adıçəkilən Cəmşid hökmdarın taxta çıxdığı gün Novruz günlərinə təsadüf edib. Biruninin verdiyi məlumata görə, "Cəmşid bir sıra şəhərlər gəzib, nəhayət Azərbaycana gələndə taxta çıxıb. Günəş o taxta düşüb, camaat bu şöləni görüb o günü bayram edib". Bundan əlavə, Novruz Həzrət Əlinin taxta çıxdığı gün kimi də məşhurdur. Çağdaş elmi mənbələrdə Novruzun mənşəyinə dair fərqli fikirlər var. Bəzi alimlər Novruzu sırf təsərrüfat bayramı kimi qələmə verir, onu insanların əkinçilik həyatının başlanğıcı kimi qəbul edirlər. Belə hesab olunur ki, dörd çərşənbənin dörd ünsüründən hər biri Novruz qabağı çərşənbədə oyanaraq, torpağı canlandırır, dirilmiş torpaq əkinə hazır vəziyyətə gəlir. Bir qisim alimlərin fikrincə, Novruz bayramı təbiətin ölüb-dirilməsi ilə insanın yaranış mifinin vəhdətidir.

Novruzun qeyd edilməsi barədə ilk rəsmi məlumata yeni Avesta təqvimində rast gəlinir. Bu təqvimə əsasən il məhz Novruzdan hesablanır və həmin gün bayram kimi qeyd olunur. XI əsrdə türk hökmdarı Məlikşah Cəlaləddin Səlcuqi müdrik vəziri Nizamülmülkə və Məlikşahın tikdirdiyi rəsədxanaya cəlb olunmuş Ömər Xəyyama təqvimi qaydaya salmağı tapşırır. Novruz məhz o zaman dövlət bayramı kimi qanuniləşdirilir.

Milli-mənəvi dəyərləri ilə tanınan xalqımız yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya xalqları arasında özünəməxsus yer tutur. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan xalqı əsrlər boyu maddi-mənəvi xəzinəsini qoruyub saxlaya bilib. Bu zəngin irsdə xalqın soykökünə bağlı olan adət-ənənələr əsrimizə, yeni yüzilliyə qədər gəlib çatıb. Xalqın toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz şənlikləri onun milli-mənəvi dəyərlərini özündə yaşadır. Uzun illərin yolu və əsrlərin, qərinələrin sorağı bizi bu ənənələrə bağlayaraq dövrümüzə körpü salıb. Müasir insanın formalaşması və özünütəsdiqi, məhz milli-mənəvi dəyərlərin aşılanması ilə bağlıdır.

Azərbaycanda dövlət səviyyəsində qeyd edilən Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Minilliklərin sınağından çıxaraq, bu günə gəlib çatan Novruz bayramını hələ Azərbaycan xalqı Sasanilər dövlətinin tərkibində olduğu zaman qeyd edib. Daş dövrünə aid əşyalar, qazıntılar zamanı aşkar edilən mədəniyyət abidələrimiz Novruz bayramının qədim tarixi olduğunu təsdiqləyən amillərdir. Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Əfzələddin Xaqani kimi dahi klassiklərimiz baharın gəlişini əks etdirən nümunələr yaradıblar. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizaminin "Siyasətnamə"sini, Ömər Xəyyamın "Novruznamə"sini və başqalarını nümunə göstərmək olar. Azərbaycanın qədim ənənələri, milli-mənəvi dəyərləri, mədəni irsi xalqımızın fəxr mənbəyi olmaqla yanaşı, həm də dünya mədəniyyətinə töhfəsidir.

Mehparə ƏLİYEVA,

"Respublika".