VIII GÜN. RETROSPEKTİV
Siyasət

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə  Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

12 noyabr

  • Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib.
  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həlli istiqamətində fəaliyyətini artıracağını bildirib.

13 noyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edib.

Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul etdi. Cənubi Qafqaz regionunda vəziyyətlə və ATƏT Parlament Assambleyasının rolu ilə bağlı aparılan fikir mübadiləsində dövlətimizin başçısı qeyd etdi ki, Cənubi Qafqaz regionunda artıq yeni reallıqlar yaranıb. Prezident İlham Əliyev vurğuladı ki, regionda baş vermiş son hadisələr Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalı və hərbi təcavüzü kontekstində nəzərdən keçirilməlidir. Bu işğal və təcavüzün nəticələrinə baxılmadan regionun gələcəyi ilə bağlı baxışların irəli sürülməsi düzgün yanaşma olmaz.

Ölkə başçımız bildirdi ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını əbədiləşdirməyə çalışırdı. İşğal dövründə həyata keçirilmiş vasitəçilik missiyaları tamamilə uğursuz olmuş, işğal və təcavüzün nəticələrini aradan qaldırmamışdır. Artıq bu məsələlərin keçmişdə qaldığını bildirən Prezident İlham Əliyev qeyd edib ki, hazırda regionun sülh gündəliyi üçün çox yaxşı imkanlar var. 44 günlük Vətən müharibəsindən sonra sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplər təşəbbüsü ilə də məhz Azərbaycan çıxış edib. Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

  • Milli Məclisin sədri ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşüb.
  • İraq Prezidenti Azərbaycan səfirini qəbul edib.
  • XİN Fransa tərəfindən Ermənistana zirehli avtomobillərin göndərilməsini pisləyib.
  • İHŞ-da Azərbaycanda mina qurbanlarına həsr edilmiş hesabat təqdim edilib.
  • Qırğız nəşri ötən 20 il ərzində Azərbaycanın uğurlarından bəhs edib.

14 noyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib.
  • ATƏT PA-nın bəyanatında Qarabağın Azərbaycan ərazisi olduğu vurğulanıb.
  • ATƏT PA-nın prezidenti vaxtilə Ermənistandan köçürülən azərbaycanlılar barədə məlumatlandırılıb.
  • YAP, AK Parti və UBP arasında Anlaşma Memorandumu imzalanıb.
  • Azərbaycanın, Özbəkistanın, Qazaxıstanın iqtisadiyyat və energetika nazirləri arasında üçtərəfli görüş olub.
  • Xarici İşlər Nazirliyi Cozef Borrelin Azərbaycan əleyhinə əsassız ittihamları ilə bağlı şərh yayımlayıb.
  • Laçının daha 40 sakini doğma yurda qayıdıb.

Laçınlıların sevinc və fərəh hissi

Əhalisinin qayıdışına start verilən ərazilərimizdən biri də Laçındır. Noyabrın 14-də 10 ailə - 40 nəfər Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən Laçına yola salınıb. Bununla da Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib. Ağalı və Talış kəndlərindən sonra Böyük Qayıdış çərçivəsində cari ilin may ayında Laçına ilk köç baş tutdu. Prezident İlham Əliyev laçınlılarla görüşündə bildirmişdi ki, birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlaşacaq. Artıq Laçın şəhərinin Baş planı hazırlanıb. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.

Dövlət başçımız 44 günlük İkinci Qarabağ müharibəsinin başa çatmasından təxminən 20 gün sonra, dekabrın 1-də Azərbaycan xalqına tarixi müraciətində demişdir: "Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq". Artıq əzəli yurdumuza mərhələli şəkildə köç başlayıb, bu gözəl diyarın əsl sakinləri öz evlərinə qayıdır.

15 noyabr

  • Birinci xanım Mehriban Əliyeva "Fələstin üçün tək ürək" toplantısının iştirakçılarına müraciət ünvanlayıb.
  • Bakıda Dayanıqlı İnkişafa dair II Forum keçirilib.
  • Milli Məclis Azərbaycanla Türkiyə arasında sazişi ratifikasiya edib.

Ağ Evin sabitliyə kölgə salan qara kampaniyası

Okeanın o tayından Cənubi Qafqaza müdaxilə etməyə çalışan rəsmi Vaşinqton bədxah əməllərinin sayını artırır. ABŞ Konqresinin Nümayəndələr Palatasında noyabrın 15-də "Dağlıq Qarabağın gələcəyi" mövzusunda dinləmələr keçirilməsi, konqresin yuxarı palatasının Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan qanun layihəsini təsdiqləməsi bunu deməyə əsas verir. Təxribat xarakterli dinləmələrdə Azərbaycanın iştirakı olmadan onun daxili məsələlərinin müzakirə edilməsi birbaşa ABŞ-ın Cənubi Qafqazda gərginliyi artırmaq cəhdidir. Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kinin bir müddət əvvəl Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ilə görüşməsi bir daha ABŞ rəsmilərinin qərəzindən xəbər verir.

Qüdrətli Azərbaycan dövləti ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Yeni reallıqlarda "Qarabağ problemi" anlayışı yoxdur. Bütün bunları qütbləşən Qərb bloku da yaxşı anlayır, lakin bunu həzm edə bilmir. 30 ilə yaxın regionda münaqişənin dinc yolla həllinə söz verənlərin əsl niyyətləri bu gün meydana çıxır.

ABŞ "Dağlıq Qarabağ" ifadəsini öz lüğətindən hələ də silməməkdə israr edir. Bir çox aspektlərdə Rusiyaya qarşı Ermənistandan istifadə də məhz bu yoldan keçir. Bu çərçivədə artıq ABŞ-ın Ermənistanı öz qanadları altına aldığını da müşahidə edirik. Bir müddət əvvəl rəsmi Vaşinqton hayları Rusiyadan "qorumaq" üçün İrəvana güclü dəstək verəcəyini açıqladı. Bu, həm də Cənubi Qafqazda yeni "Ukrayna modeli"nin təməlləridir.

16 noyabr

  • Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində səsləndirdiyi birtərəfli və qərəzli fikirlərə münasibət bildirib.
  • Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb.
  • Zəngilanda "Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları" mövzusunda beynəlxalq konfrans keçirilib.
  • Fransa polisi qanunsuz olaraq sifətin tanınması proqramından istifadə edib.

17 noyabr

  • Birinci vitse-prezident Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib.
  • Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı 10 iddiasından 7-sini rədd edib.
  • Sahibə Qafarova MDB PA-nın plenar iclasında Ermənistan tərəfinin yalanlarını növbəti dəfə ifşa edib.
  • Bakıda Qərbi azərbaycanlıların deportasiyası ilə bağlı virtual muzeyin təqdimatı olub.

18 noyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev "V.V.Mustafayevin Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilməsi haqqında" Sərəncam imzalayıb.
  • Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 17 noyabr tarixli qərarına münasibət bildirib.

“Respublika”.