Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında görüşlər
Siyasət

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında görüşlər

MDB PA müşahidə missiyasının üzvləri ilə

Fevralın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) beynəlxalq müşahidəçilər qrupunun koordinatoru, Qazaxıstan Respublikası Parlamenti Senatının sədr müavini Jakip Asanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov MDB PA müşahidə missiyasında təmsil olunan ölkələrin bir-biri ilə ənənəvi dostluq münasibətlərinin olduğunu və xalqlarının ortaq mənəvi dəyərləri bölüşdüyünü bildirib. Onun sözlərinə görə, əsasən parlament üzvlərindən təşkil olunan MDB PA müşahidə missiyalarının fəaliyyəti təşkilat üzvləri arasında seçki təcrübəsinin mübadiləsi baxımından mühüm önəm daşıyır.

Tahir Budaqov Azərbaycanın demokratik seçki təcrübəsinə malik olduğunu vurğulayaraq 2024-cü il fevralın 7-nə təyin edilmiş prezident seçkilərinə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraq göstərildiyini diqqətə çatdırıb. Seçkilərə hazırlığın yüksək səviyyədə olduğunu bildirən Tahir Budaqov yerli və beynəlxalq müşahidəçilərə seçki prosesinin bütün mərhələlərini izləmək üçün zəruri şəraitin yaradıldığını qeyd edib.

YAP Mərkəzi Aparatından verilən məlumata görə, görüş imkanının yaradılmasına görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Jakip Asanov MDB PA müşahidə missiyasının tərkibi və fəaliyyəti haqqında məlumat verib. O, seçki prosesinin uzunmüddətli müşahidəsi çərçivəsində Azərbaycanın bir sıra MDB ölkələrindəki səfirlikləri və konsulluqlarında olduqlarını, ölkə ərazisində Mərkəzi Seçki Komissiyası və digər dövlət qurumlarının nümayəndələri, habelə prezidentliyə namizədlər və onların seçki qərargahlarının üzvləri ilə görüşdüklərini söyləyib. Azərbaycanın seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu, seçki məntəqələrində maddi-texniki cəhətdən seçkiyə hazırlığın yaxşı təşkil edildiyini, həmçinin namizədlərin seçkilərdə iştirakı üçün yaradılmış şəraiti müsbət qiymətləndirdiklərini vurğulayıb.

Sonra nümayəndə heyətinin üzvlərinin suallarını cavablandıran YAP Sədrinin müavini Tahir Budaqov müşahidə missiyasının fəaliyyətinə uğurlar arzulayıb.

***

"Seçki Müşahidə və Təhlil Qrupu" Koalisiyasının nümayəndələri ilə

Fevralın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin monitorinqinin həyata keçirilməsi məqsədilə yaradılmış "Seçki Müşahidə və Təhlil Qrupu" Koalisiyasının nümayəndələrini qəbul edib.

YAP Mərkəzi Aparatından verilən məlumata görə, görüş zamanı koalisiya nümayəndələri - "Vətəndaş Cəmiyyəti Uğrunda Mərkəz" İctimai Birliyinin sədri Rafiq İsmayılov, "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı və "Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi" İctimai Birliyinin nümayəndəsi Taleh Mansurov "Seçki Müşahidə və Təhlil Qrupu" Koalisiyasının fəaliyyəti haqqında məlumat veriblər. Koalisiyanın seçki prosesi ilə əlaqədar aralıq hesabatının yayıldığı vurğulanıb və yekun hesabat tərtib olunana qədər nəzərdə tutulan tədbirlər haqqında məlumat diqqətə çatdırılıb.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanda azad, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün bütün imkanların yaradıldığını diqqətə çatdırıb. Seçki kampaniyasının Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yüksək səviyyədə həyata keçirildiyini bildirən Tahir Budaqov prezident seçkilərinin Azərbaycanın demokratik inkişafının növbəti nümunəsi olacağına əminliyini ifadə edərək vətəndaş cəmiyyətinin bu prosesdə fəal iştirakının önəmini diqqətə çatdırıb.

Sonra Koalisiya nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

***

Rusiya Dövlət Dumasının müşahidə missiyasının rəhbəri ilə

Fevralın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının müşahidə missiyasının rəhbəri, Dumanın Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası və həmvətənlər ilə əlaqələr üzrə komitəsi sədrinin müavini Artyom Turovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə YAP Mərkəzi Aparatından məlumat verilib.

Görüşdə YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizdəki şəffaf və demokratik seçki mühitindən bəhs edib, bütün namizədlərə bərabər imkanların yaradıldığını vurğulayıb.

Tahir Budaqov YAP-ın seçkilərə hazırlıq işləri barədə məlumat verib, bununla bağlı partiyanın Tədbirlər Planında nəzərdə tutulan əsas hərəkət və tədbirlərin indiyədək vaxtında və tam şəkildə icra olunduğunu bildirib.

Nümayəndə heyətinin rəhbəri A.Turov qeyd edib ki, missiyanın apardığı ilkin müşahidələr seçkilərə hazırlıq işlərinin sistemli şəkildə həyata keçirildiyini göstərir. O, seçki qanunvericiliyinə uyğun olaraq bütün namizədlər üçün bərabər imkanların və ədalətli rəqabət mühitinin yaradılmasının təqdirəlayiq olduğunu bildirib.

Sonda Tahir Budaqov Rusiya Dövlət Dumasının müşahidə missiyasının fəaliyyətinin seçkilərlə əlaqədar təcrübə mübadiləsi baxımından əhəmiyyətini qeyd edərək missiyanın işinə uğurlar arzulayıb.

Xaqani KOSAYEV,

“Respublika”.