Yelisey sarayı ən ağır cinayətlərin törədilməsində günahkardır
Siyasət

Yelisey sarayı ən ağır cinayətlərin törədilməsində günahkardır

Korsika adası uzun müddətdir Fransa müstəmləkəçiliyindən əziyyət çəkir. Məlumdur ki, bu bölgədə daha çox italyandilli qruplar yaşayırlar. Onların əsas tələbi Korsika dilinin dövlət idarələrində işlənməsi ilə bağlıdır. Çünki Fransa buna əngəl yaradır. Bu kimi digər səbəblər adada müstəqillik uğrunda mübarizəni daha da stimullaşdırır. "Nazione" hərəkatı da Fransadan ayrılmaq istəyən korsikalıların azadlıq uğrunda mübarizəsinə dəstək olan mühüm təşkilatlardandır. Bu hərəkat Fransa hakimiyyəti tərəfindən təqiblərə və repressiyalara məruz qalır.

Son dövrlərdə "Nazione" üzvlərinin Fransa hökuməti tərəfindən həbs edilməsi bunu bir daha təsdiqləyir. Fransa bu gün özünü "demokratiyanın carçısı" kimi qələmə verməyə çalışsa da, əslində reallıq tamamilə fərqlidir. Fransa tarixinə, xüsusilə də son 300 ilə nəzər yetirsək, müstəmləkəçilik və işğalçılıq siyasətini daha qabarıq şəkildə görmək mümkündür. Bir sıra ağır hərbi cinayətlərin törədilməsində də məhz Fransa tərəfi günahkardır.

Fransa Afrika və Dəniz arxası adlandırılan ərazilərdə, Cənub-Şərqi Asiyada, eyni zamanda Cənubi Amerikada olan müstəmləkələrində baş verən cinayətlərdə də iştirak edib. Yalnız Əlcəzairdə bir milyondan çox insanın etnik təmizləməyə məruz qalması, qətlə yetirilməsi, bu ölkədə nüvə silahlarının sınaqlarının keçirilməsi üçün ərazilərin çirkləndirilməsi və beş milyondan artıq minaların basdırılması da Fransanın iç üzünü ifşa edir. Baxmayaraq ki, Əlcəzair 60 ildən artıqdır ki, Parisin müstəmləkəsindən azad olub, mina xəritələri hələ də hökumətə verilməyib.

Son dövrlər baş verən hadisələr də Fransanın müstəmləkəçilik və neokoloniolist siyasətindən əl çəkmək istəmədiyinin əyani sübutudur. Fransanın repressiya və təzyiqlərinə baxmayaraq, onun müstəmləkəsində olan millətlər öz azadlıqları uğrunda mübarizəni davam etdirirlər. Həm Şimali Kaledoniyada, həm Mayot adalarında, o cümlədən Fransız Qvineyasında və Korsikada müstəqillik hərəkatı davam edir. Nə qədər ki, həmin xalqlar öz azadlıqlarına qovuşmayıblar, Fransanın müstəmləkələrində bu hərəkatlar getdikcə daha da güclənəcək.                       

Oqtay QASIMOV,

politoloq.