Yelisey sarayı anti-Azərbaycan missiyasını genişləndirir
Siyasət

Yelisey sarayı anti-Azərbaycan missiyasını genişləndirir

Fransa Senatı yanvarın 17-də “Azərbaycanın Qarabağa hərbi təcavüzünün pislənməsi və Ermənistan Respublikasına qarşı növbəti təcavüz cəhdlərinin və ərazi bütövlüyünün pozulmasının qarşısının alınması” barədə qətnamə qəbul edib. Qətnamədə ötən ilin 19-20 sentyabr tarixlərində Azərbaycan tərəfindən həyata keçirilən antiterror tədbirləri pislənərək “humanitar faciə və əsl etnik təmizləmə” adlandırılır. Ermənistana hərbi dəstək verməyə və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə çağırış edilir.

2023-cü ilin sentyabr ayında keçirilən antiterror tədbirlərinin hərbi təcavüz kimi qiymətləndirilərək Ermənistanın ərazi bütövlüyünün pozulması formasında şərh edilməsi, eləcə də ermənilərin Qarabağı tərk etməsinin etnik təmizləmə və humanitar faciə adlandırılması kimi cəfəng və əsassız iddialar Fransanın regionda qarışıqlıq yaratma cəhdidir. Yelisey sarayı Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmə hüququnun Azərbaycan və Ermənistan arasında sülhə aparan yeganə yol olduğuna dair ictimai rəy formalaşdırması bunu deməyə əsas verir.

Ermənistan rəsmiləri Qarabağ ermənilərinin öz xoşu ilə ərazini tərk etmələri barədə mövzunu müzakirə etmədikləri halda, firənglər bu məsələdə olduqca maraqlıdırlar. Xatırladaq ki, ötən il noyabrın 15-də Fransa Senatı buna bənzər bir qətnamə qəbul etmiş və Azərbaycana sanksiyaların tətbiqi təklif edilmişdi. Fransız senatorlar qəbul etdikləri qətnamədə Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılmasına və Fransa hökumətini Qarabağ ermənilərinin müstəqilliyini tanımağa çağırmışdır. Qətnamədə, həmçinin Laçın dəhlizi statusunun qorunub saxlanması və bunun üçün təminatlar yaradılması qeyd olunurdu. Kağız parçasından ibarət olan bu qətnamə bir daha Fransanın ermənidən daha çox erməni olmaq missiyasını ifşa etdi.

Fransa Senatı Azərbaycan əleyhinə ötən il 15 noyabr qətnaməsi ilə kifayətlənməyərək bu ilin 17 yanvarında da növbəti dəfə qətnamə qəbul edirsə, bu, artıq o deməkdir ki, Paris anti-Azərbaycan siyasətini bundan sonra da genişləndirəcək. Qətnamədə Azərbaycanın Naxçıvanla quru əlaqəsini bərpa etmək istəyi Ermənistanın suverenliyinin pozulması kimi qiymətləndirilərək dəhliz ifadəsi qınanılır. Həmçinin iddia olunur ki, Azərbaycan və Türkiyə regionda Ermənistan üçün real təhlükədir. Daha bir maraqlı məqam da ondan ibarətdir ki, Xankəndidəki küçələrdən birinə Ənvər Paşanın adının verilməsi belə sözügedən sənəddə pislənir. Gülünc və absurd iddialar fonunda Fransa hər vəchlə Ermənistan ilə Azərbaycan arasında sülhün əldə olunmasını istəmir. Çünki əlaqələr yaranarsa bu halda Ermənistan Azərbaycanla yanaşı, Türkiyə ilə də münasibətləri normallaşdıracaq. Bu isə Fransadakı siyasi mərkəzlərin maraqlarına cavab vermir. Yelisey sarayının ədalətsiz yanaşmasına rəsmi Bakının da münasibəti gecikmədi. Belə ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar bəyanat verdi. Bəyanata əsasən təklif edildi ki, Fransaya qarşı sanksiyalar tətbiq edilsin və iqtisadi əlaqələr daxil olmaqla bütün münasibətlər dondurulsun. Azərbaycanı sanksiyalarla qorxuda biləcəyini düşünən Fransa, deyəsən, Abşeron yatağında böyük paya malik “Total” neft şirkətinin olduğunu və buradan böyük gəlir əldə etdiyini unudur. Düşünmür ki, Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirəcəyi təqdirdə rəsmi Bakının atacağı addımlar özləri üçün təhlükə doğura bilər. Fransa Senatı ölkənin xarici siyasətini bu cür müəyyən etməklə ölkəmizə qarşı hər hansı dividend əldə edəcəyini zənn edir.

Fransanın anti-Azərbaycan mövqeyi onun regiondan daha da uzaqlaşmasına xidmət edir. Ona görə ki, indi Cənubi Qafqaza həqiqətləri diktə edən tərəf kimi Azərbaycan liderlik edir və burada Fransanın növbəti anti-Azərbaycan mövqeyi əslində onun son çırpınışlarıdır. Onsuz da dünyada siyasi gücünü itirən rəsmi Paris əlindəki son rıçaqlardan istifadə etməklə nüfuzunu bərpa etməyə çalışır.

Nurlan ABDALOV,

“Respublika”.