Yaşıl enerjinin ixracatı reallaşır
İQTİSADİYYAT

Yaşıl enerjinin ixracatı reallaşır

Ölkəmizin həm regionda, həm beynəlxalq aləmdə nüfuzu getdikcə artmaqdadır. Azərbaycan artıq Avropada enerji təhlükəsizliyinin formalaşmasında mühüm rolu olan etibarlı tərəfdaşa çevrilmişdir.

Son illərdə bərpaolunan enerjiyə sərmayənin cəlb edilməsi baxımından ölkəmiz digər dövlətlərdən fərqlənir. Bunun nəticəsidir ki, yüksək reytinqli şirkətlər Azərbaycanın bir sıra layihələrinə yatırım edirlər. Bərpaolunan enerjiyə həm xarici investisiyanın cəlb edilməsi, həm bu istiqamətdə investisiya mühitinin yaradılması respublikamızın istehsal imkanlarının artmasına mühüm töhfə verir. Bundan başqa, ölkəmizin yaxın illərdə alternativ enerji mənbələrindən istehsal etdiyi enerjinin həcminin 22 min meqavata qədər artması mümkündür. Məsələn, sadəcə "Masdar" şirkəti ilə bağlanmış müqaviləyə əsasən, 4 min meqavat enerjinin istehsalı baş tutacaq. Şübhəsiz, bu, Azərbaycan üçün uğurlu addımdır, çünki dövlətimiz tərəfindən hazırda 4 ölkəyə elektrik enerjisi ixrac edilir.

Azərbaycanın enerji istehsalında hidroenerjinin özünəməxsus rolu var. Bu potensialı nəzərə alsaq, dövlətimizin istehsal ixrac imkanlarının daha böyük olduğunu söyləmək mümkündür. Əlavə olaraq, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji ixracatı üçün geniş potensial mövcuddur. Bu baxımdan, həmin yerlərdə "Yaşıl enerji zonası"nın yaradılması istiqamətindəki addımlar da təqdirəlayiqdir. Çünki burada 380 Mvt gücündə su, 7200 Mvt gücündə günəş 2000 Mvt külək enerjisinin istehsalına geniş şərait var. Ağalı kəndinə qayıdan ailələrin evlərinin damında quraşdırılan günəş panelləri onların günəşdən alınan ekoloji cəhətdən təmiz elektrik enerjisindən istifadəsini təmin etmişdir. Xarici sərmayədarlar da "Yaşıl enerji zonası"nın böyük potensiala malik olduğuna inanaraq ölkəmizə yatırım edir, bu istiqamətdə danışıqlar aparırlar. Təsadüfi deyil ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" elan edilən əsas istiqamətlərdən biri ölkənin enerji mərkəzinə çevrilməsidir. Regionumuzun unikal iqlimə malik olması "yaşıl enerji"nin istehsalına da öz əhəmiyyətli təsirini göstərmişdir. Bundan başqa, Prezident İlham Əliyevin bu il yanvarın 23- baş tutan Əbu-Dabi Dayanıqlılıq Həftəsindəki çıxışı zamanı səsləndirdiyi fikirlər dövlətimizin mövcud potensialını bir daha təsdiqləmişdir: "Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq".

Hazırda, yaşıl enerjinin əsas ixrac istiqaməti Avropadır. Keçən il dekabrın 17- Prezident İlham Əliyevin Avropaya səfəri çərçivəsində imzalanmış "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında" Saziş ölkəmizin enerjiyə tələbatı artan Avropa üçün əvəzolunmaz tərəfdaşa çevrilməsində mühüm rol oynamışdır. Azərbaycan, həmçinin enerji təhlükəsizliyi baxımından da Avropa İttifaqının strateji tərəfdaşı rolunda çıxış edir. Bu il aprelin 26-da ölkəmizlə "Bulgartransgaz", "Transgaz", "Eustream" Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu da imzalanmışdır. Sözügedən memorandum da öz növbəsində ölkəmizin enerji sahəsindəki hədəflərinə nail olduğunun göstəricisidir. Sənədin imzalanma mərasimində iştirak edən ölkəmizin başçısı üç əsas enerji infrastrukturu layihəsinin uğurla tamamlandığını da vurğulamışdır. Prezident İlham Əliyev, həmçinin uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra Azərbaycanın bərpaolunan enerji istehsalı ixracı mənbəyinə çevrilməsi istiqamətində mühüm işlər apardığını da diqqətə çatdırmışdır.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan yaşıl enerji sahəsindəki fəal diplomatiyasını uğurla davam etdirir. Belə ki, hazırda dövlətimizin neft meqalayihələrindən tutmuş, qaz, yaşıl hidrogen daxil olmaqla bir sıra vacib layihələri mövcuddur. Sözügedən layihələr ölkənin nüfuzunu artırmaqla yanaşı, Azərbaycanın Avrasiyanın enerji xəritəsini yenidən cızmasına da şərait yaradacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".