Ekologiya

"Yaşıl enerji"iqlim dəyişmələrinə müsbət təsir göstərir

Son illərdə qlobal enerji siyasətində əsas istiqamətlərdən biri "yaşıl enerji"yə keçiddir. Hələ də dünyada enerjiyə olan tələbatın artması və ənənəvi ehtiyatların getdikcə azalması iqtisadi və geosiyasi münasibətlərə təsir göstərir. Mütəxəssislər hesab edirlər ki, dünyada neftin 30-40 illik, daş kömürün 80-100 illik, təbii qazın isə 100-120 illik ehtiyatı qalıb. Ənənəvi enerji mənbələrindən istifadə olunması ilə ətraf mühitin korlanması, qlobal bir istiləşmə, bunların yaratdığı bir sıra iqtisadi və sosial fəsadlar cəmiyyətdə problemlərə səbəb olur. Bütün bunlar isə öz növbəsində, "yaşıl enerji"yə keçid və bərpaolunan enerji mənbələrindən istifadə məsələlərini ön plana çıxarır. "Yaşıl enerji" istehsalı ekoloji fəsadlar yaradan karbon emissiyasının minimuma endirilməsində, ekoloji çirklənmənin qarşısının alınmasında və təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Xatırladaq ki, "yaşıl enerji"nin istehsalı üçün yeni texnologiyaların tətbiqi XX əsrin 70-ci illərindən etibarən gündəmə gəlib. Lakin "yaşıl enerji" və yaxud "yaşıl iqtisadiyyat" konsepsiyası bundan 20 il sonra britaniyalı iqtisadçı tərəfindən irəli sürülüb. İqtisadçının "Yaşıl iqtisadiyyat: ətraf mühit, davamlı inkişaf və gələcəyin siyasəti" adlı kitabında "yaşıl enerji"nin mahiyyəti və onun ətraf mühitin qorunmasında rolu ətraflı şərh edilib. Onun ideyaları XXI əsrin əvvəlindəki ümumdünya maliyyə-iqtisadi böhranı zamanı və ondan sonrakı dövrdə "yaşıl iqtisadiyyat"ın inkişafı, onun tərkib hissəsi kimi "yaşıl enerji"dən istifadə olunması istiqamətində ekoloji riskləri və çatışmazlıqları azaldan vasitələrdən biri kimi populyarlıq qazanıb.

Bu gün bərpaolunan enerji texnologiyalarının sürətli inkişafı və ölkələrin fərdi olaraq qarşıya qoyduqları iqlim hədəfləri "yaşıl enerji" keçidini sürətləndirir. Pandemiya zamanı yaranan böhranlara baxmayaraq, təkcə 2020-ci ildə dünya miqyasında ümumi gücü 260 QVt-dan çox olan bərpaolunan enerji stansiyaları istismara verilib. Bu isə 2019-cu ildəki rekordu təxminən 50 faiz üstələyib. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) hesabatında bildirilib ki, pandemiyadan öncəki dövrdə istismara verilmiş yeni elektrik enerjisi qoyuluş güclərinin 80 faizdən çoxunu bərpaolunan enerji təşkil edib. Həmin göstəricinin 91 faizi isə günəş və külək enerjisinin payına düşüb. Ümumilikdə 2019-cu ilin sonunda dünyada bərpaolunan enerjinin qoyuluş gücü 2 799 QVt təşkil edib ki, bu da ümumi qlobal qoyuluş güclərinin üçdəbiri deməkdir. Günəş və külək enerjisinin sürətli inkişafına baxmayaraq, hidroenerji 1 211 QVt qoyuluş gücü ilə ən böyük paya sahib olub. Dünya İqtisadi Forumunda isə bildirilib ki, əgər 10 il öncə günəş və külək enerjisi karbohidrogen əsaslı elektrik enerjisi istehsalı ilə müqayisədə iqtisadi cəhətdən rəqabətədavamlı deyildisə və qlobal olaraq cəmi 70 QVt gücündə günəş, 238 QVt gücündə külək elektrik stansiyaları quraşdırılmışdısa, 2020-ci ildə bu göstərici müvafiq olaraq 714 QVt və 733 QVt olub.

Enerji istehlakına tələbatın ildən-ilə daha çox artması enerji təchizatı modelinin təkmilləşdirilməsini və dayanıqlılığını tələb edir. Bu məqsədlə enerji təchizatı zəncirində karbon emissiyasının təsirinin azaldılması və iqlim dəyişmələrinə səbəb olan faktorların qarşısının alınması mühüm məsələdir. Mütəxəssislər bildirirlər ki, 2030-cu ilə qədər bərpaolunan mənbələrdən və yaxud "yaşıl enerji"dən alınan elektrik enerjisi dünyada elektrik enerjisi istehsalının 65 faizini təmin edəcək. IRENA-nın hesablamalarına əsasən, 2050-ci ilə qədər dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud "yaşıl enerji" mənbələrindən əldə edilə bilər. Nəticə etibarilə deyə bilərik ki, karbon emissiyasının qlobal səviyyədə 2050-ci ilə qədər 70 faiz azaldılması nəzərdə tutulub. Bu isə iqlim dəyişmələrinin qarşısının alınmasına kömək etmək üçün əsas amildir. Bundan başqa, alternativ enerji mənbələrinə keçid sosial-iqtisadi inkişafa da təkan verəcək.

Danılmaz faktdır ki, "yaşıl enerji"dən istifadə insanların sağlamlığı üçün olduqca vacibdir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında bildirilir ki, dünyada hər il 13 milyondan çox şəxsin ölməsi havanın çirklənməsi ilə birbaşa əlaqədardır. İnsan tələfatının qarşısını almaq üçün "yaşıl" dünya əsas şərtdir. 

"Yaşıl enerji" həm ekoloji, həm də iqtisadi baxımdan əlverişlidir. Həmçinin yeni texnologiyaların tətbiqi istehsalda, nəqliyyatda və məişətdə daha az enerji və maddi resurs istifadəsinə imkan verir. İllər öncə böyük texnoloji maşınlarla görülən işlər bu gün kompüter vasitəsilə rahatlıqla həll olunur. Bu da davamlı inkişafın əsasını təşkil edir.

Bu gün dövlətlər və onların vətəndaşları əllərindən gəldikləri qədər çalışırlar ki, bu işdə faydalı olsunlar. Bu mənada Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycan Respublikasında "Yaşıl dünya naminə həmrəylik İli" elan edilməsi ətraf mühitin qorunmasına böyük diqqət və həssaslıqla yanaşmanın göstəricisidir. "Yaşıl enerji"yə keçid dövlətimizin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Odlar yurdu iqlim dəyişmələrinin qarşısının alınması üçün ardıcıl strateji çağırışlar edir. Ölkə başçımızın 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də "yaşıl enerji" məkanının yaradılmasına xüsusi diqqət ayrılır. Sənəddə elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin istehlakda payının artırılması və "yaşıl texnologiyalar"ın tətbiqinin genişləndirilməsi əsas götürülüb.

Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib ki, cari ilin sonuna qədər bu rəqəmin 270 meqavata çatacağı gözlənilir. 2023-cü ilin oktyabr ayında Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Hansı ki, bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyası sayılır və 230 meqavat gücündədir. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar", Səudiyyə Ərəbistanının "ACWA Power", Böyük Britaniyanın "bp", Avstraliyanın "Fortescue Future Industries", Yaponiyanın "TEPSCO", İtaliyanın "Maire Tecnimont", Çinin "China Gezhouba Group Overseas Investment", Fransanın "Total Energies" və digər xarici şirkətlərlə Azərbaycanda bərpaolunan enerji istehsalına dair müqavilələr imzalanıb. Bundan əlavə, Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələrin həyata keçirilməsinə başlanılıb. Təmiz ekoloji mühitə dəstək çərçivəsində SOCAR tərəfindən hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsi, emissiya intensivliklərinin azaldılması, "sıfır metan", 2050-ci ilə qədər "xalis sıfır" (Net Zero) kimi hədəflər müəyyənləşdirilib.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ekoloji mədəniyyətimizin yüksəlməsinin və "yaşıl enerji"yə keçid sahəsində sözün əsl mənasında gördüyümüz işlərin bəhrəsidir. Tədbirin yüksək səviyyədə baş tutması üçün ciddi hazırlıq işləri görülür. COP29 Bakı Olimpiya Stadionunda baş tutacaq. Bundan başqa, aprelin 15-də COP29-un baş qərargahında ilk mətbuat konfransı keçirilib. Burada tədbirin loqosu ictimaiyyətə təqdim edilib. Loqo iqlim çağırışlarının yüksəldiyi dövrdə bəşəriyyət və ətraf mühit arasında kəsintisiz əlaqənin, ekoloji cəhətdən həssas davranış və nəticəyönümlü fəaliyyətin əhəmiyyətini əks etdirir. Konfransda bildirilib ki, COP29-a sədrliyin çoxşaxəli təşəbbüslər toplusunu özündə əks etdirən loqoda buta, yarpaq və su damlaları simvollarının sintezinə dayanaraq təbii resursların əhəmiyyəti kontekstində ekoloji həssaslığa və Azərbaycanın zəngin mədəni irsinə xitab edilib. Kökləri Azərbaycan tarixi-mədəni irsinə dayanan buta motivi özündə davamlılıq və innovasiyanı ehtiva etməklə yanaşı, həm də keçmişlə gələcək arasında körpü salır. Butaların birləşməsi birliyi, illüstrativ su damlaları şəklində olan butalar isə özü-özlüyündə beş fərqli elementi ifadə edir - flora və fauna, hava və külək, su, enerji və kainat.

Töhfə SƏMƏDOVA,

"Respublika".