Ağacəkmə aksiyası
Ekologiya

Ağacəkmə aksiyası

Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olması ilə də əlamətdardır. Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında "Heydər Əliyev İli" elan edilmişdir.

Qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir, habelə Zəfər Günü qeyd edilmişdir.

Belə tədbirlərin davamı olaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən əvvəlcədən Zəfər Gününə planlaşdırılan Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin, aparat işçilərinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakları ilə keçirilmiş aksiya çərçivəsində iştirakçılar tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi yaxınlığında Bakı-Şamaxı şosesinin kənarında 100 ədəd ağac əkilmişdir. Əkilən ağacların küləkdən qorunması məqsədilə dirəklər basdırılmış, onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunmuşdur.

Şanlı Qələbəmizi qeyd edərkən əminik ki, ümummilli liderimiz Heydər Əliyevin və bütün şəhidlərimizin ruhu şaddır. "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən, şərəfli həyatını Azərbaycanın xoşbəxt gələcəyinə həsr edən Ulu Öndərin ən böyük arzusu reallaşdırılmışdır. Xalqdan ordu yaradan lider hər zaman müzəffərdir.

“Respublika”.