“YAŞAT
Sosial həyat

“YAŞAT" Fondunun yaradılmasının iki ili tamam oldu

Şəhid ailələrinin, hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılmasına xidmət edən, bunun üçün müvafiq platformanın yaradılması, habelə şəhid ailələrinin və qazilərin qayğıları ilə bağlı işlərin daha səmərəli və çevik aparılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu ("YAŞAT" Fondu) yaradıldı. Bu Fərman Azərbaycan Prezidenti tərəfindən bəyan olunmuş "Həyata keçirdiyimiz siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır" şüarının təcrübədə yüksək səviyyədə reallaşdığının əyani sübutudur.  "YAŞAT" Fondunun yaradılmasının iki ili tamam oldu.

7 saylı Bakı "ASAN xidmət" mərkəzində bununla bağlı keçirilən mətbuat konfransı ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Fondun ikiillik fəaliyyətini nümayiş etdirən videoçarxın nümayişi ilə başlayıb.

Mətbuat konfransında "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair hesabat xarakterli təqdimatla çıxış edib. Qeyd olunub ki, bu günədək "YAŞAT" Fonduna 75 milyon 846 min 318 manat 85 qəpik vəsait toplanıb. Həmin vəsaitin 71 milyon 612 min 351 manat 53 qəpiyi Fondun fəaliyyət istiqamətləri üzrə xərclənib. Bildirilib ki, "YAŞAT" Fondunun dörd fəaliyyət istiqaməti var və toplanan vəsaitin 41 milyon 42 min 300 manatı məişət şəraitinin yaxşılaşdırılması, 22 milyon 449 min 998 manat 4 qəpiyi müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, 6 milyon 772 min 442 manat 30 qəpiyi istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 1 milyon 347 min 611 manat 19 qəpiyi isə təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərclərinə sərf olunub. Qalıq məbləğ isə 4 milyon 233 min 967 manat 32 qəpikdir.

Fondun əməkdaşları 3 min 4 şəhidin ailə üzvləri, həmçinin 6 min 230 yaralı olmaqla 17 min 670 şəxslə görüşüb, onların ehtiyaclarını qeydə alıblar. Onlardan 14 min 744 şəxsin 35 min 175 müraciəti icra üçün öhdəliyə götürülüb. Ümumilikdə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə 15 min 694, məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 12 min 253, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə 2 min 198, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə isə 432 müraciət təmin edilib. Əlavə olaraq Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 min 392 manat 73 qəpik borc ləğv edilib. Həmçinin Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 492 min 581 manat 99 qəpik vəsait qarşılanıb.

Fondun rəhbəri bildirdi ki, ötən müddət ərzində 184 şəxs müalicə edilməsi məqsədilə Türkiyə Respublikasına göndərilib. Onlardan 177-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 160-ı ölkəyə geri qayıdıb. Hazırda 23 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi qardaş ölkədə davam edir.

Həyata keçirilən layihələr haqqında məlumat verən Fondun rəhbəri deyib: "Həyata keçirilən layihələrdən biri də 2020-ci il sentyabrın 27-dən sonra dünyaya gələn şəhid övladları ilə əlaqədardır. "Onlar bizə əmanət" layihəsi çərçivəsində yeni doğulmuş 104 şəhid övladının zəruri xərclərinin qarşılanması məqsədilə min manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 min manat məbləğində depozit hesabı açılıb. Həmçinin hər iki valideynini itirən 7 şəhid övladının da adına 5 min AZN məbləğində depozit hesabı açılıb ki, onların sırasına Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da daxildir".

Mətbuat konfransı zamanı yashat.gov.az rəsmi internet saytından edilən onlayn ianələr zamanı vətəndaşlara təqdim olunan "İanə sertifikatı" haqqında da ətraflı məlumat verilib.

Mustafa KAMAL,

“Respublika”.