“Yardım” almağa öyrəşən, buyruq almağa da öyrəşər
Siyasət

“Yardım” almağa öyrəşən, buyruq almağa da öyrəşər

Qərbdən Azərbaycana qarşı qarayaxma kampaniyalarının aparılması ilə ilk dəfə qarşılaşmırıq. Bu günə qədər ölkəmizə müxtəlif növ şər, böhtan kampaniyaları aparılıb. Bu işdə təəssüf ki, sapı özümüzdən olan baltalar da yaxından iştirak edirlər. Başda Soros fondu olmaqla Qərbdən maliyyələşən, Azərbaycanda fəaliyyət göstərən bəzi QHT-lər, insan haqları təşkilatları, vətəndaş cəmiyyəti və təbii ki, media subyektləri daxildə narahatlıq yaratmaq, insanlar arasında feyk xəbərlərin yayılmasına şərait yaratmaqla onların təşkilatlandırılıb, mövcud sistemlərə qarşı rəngli inqilablar hazırlanması kimi proseslərdə iştirak edirlər.

Bu istiqamətdə xarici ölkələrdən maliyyənin təmin edilməsi də yayılmış versiyalardan biridir. Aydın məsələdir ki, Qərb, Şərq və daha çox MDB ölkələrində oturuşmuş sistemləri sarsıtmaq, demokratiya və insan haqları adı altında rəngli inqilablar törətmək üçün böyük investisiyalar və vəsaitlər ayrılır. Bunun nəticəsidir ki, maliyyələşdirdikləri media subyektləri üzərindən bu kampaniyaların aparılmasına çalışırlar. Təbii ki, bu da öz növbəsində qanunvericiliyə zidd olan addımlardır.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Konstitusiyasında və yeni qəbul edilmiş media haqqında Qanunda da media subyektlərinin iş prinsipləri və atdıqları addımlara dair konkret müddəalar qeyd olunub. Yəni görülən tədbirlər və ümumiyyətlə, Qərbin qarayaxma kampaniyasına qarşı atılan addımlar Azərbaycan Konstitusiyası çərçivəsində aparılıb və heç bir hüquqi pozuntu yoxdur. Məsələ hansısa xarici agenturanın əlində oyuncağa çevrilmiş jurnalistlərin həbsi və yaxud da, ümumiyyətlə, söhbət media subyektlərinə qarşı təzyiqlərdən gedirsə, nəzərə almaq lazımdır ki, bu situasiyalar daha çox Qərb təcrübəsində var. Yəni bu gün Fransanın özündə, Almaniyada, hətta İngiltərə kimi ölkələrdə belə jurnalistlərin həbsinə rast gəlinir.

Azərbaycanda saxlanılan şəxslər daha çox xarici agentura ilə bağlantıları olan və xarici maliyyə fondlarından qrant alan şəxslərdir ki, bunların özlərinin belə qərəzli yanaşmaları var. "Pul almağa alışan buyruq almağa da alışar" misalı var. Təəssüf ki, bu şəxslərin əksəriyyəti də aldıqları çirkli pula görə şərə xidmət edir. Jurnalist prinsiplərinə zidd olaraq həqiqəti yox, feyk xəbərləri yayırlar, yaxud da reallıqları tamam fərqli şəkildə cəmiyyətə yansıdırlar. Xüsusilə, burada biz Qərbdən maliyyələşən media subyektlərinin daha çox sosial zəmində problemlər, qazilər, şəhid ailələri üzərindən piar qazanmağa çalışdığının şahidi oluruq.

Azərbaycan bu gün olduğu kimi, bundan öncə də bənzər formada əməliyyatlar və ümumiyyətlə axtarış tədbirləri keçirib ki, bunlar hamısı lazımi və zəruridir. Milli maraqlarımızın və dövlət təhlükəsizliyimizin qorunması baxımından Azərbaycan təkcə "Abzas media" və bu tipli media qurumlarına qarşı deyil, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən fərqli ölkələrin agentura şəbəkəsinin qollarına qarşı mübarizə aparır. Bu yaxınlarda da keçirilən əməliyyatlar nəticəsində Fransa agenturası çökdü. Həm bu sahədə, həm də Qərbdən dotasiya alan bəzi media subyektləri üzərində aparılan əməliyyatlar əslində bir paralellik təşkil edir.                                     

Turan RZAYEV,

politoloq.