Yalanlar ifşa olunur: Ermənistan iqtisadi çöküşün astanasında
Siyasət

Yalanlar ifşa olunur: Ermənistan iqtisadi çöküşün astanasında

Hayastanın sülhə gəlməməsi və regionda vəziyyəti gərginləşdirməyə çalışması ölkənin Cənubi Qafqazda reallaşdırılan mühüm layihələrdən təcrid olması ilə nəticələnib.

Bu, özünü ölkənin getdikcə geriləyən iqtisadiyyatında daha aydın şəkildə büruzə verir. Məlum olduğu kimi, rəsmi İrəvanın iqtisadiyyatı illərlə erməni diasporunun pulları, o cümlədən maddi yardımlar vasitəsilə "ayaqda qalıb". Artıq vəziyyət elə həddə çatıb ki, xaricdən asılılıq ölkənin rifahı və gələcəyi üçün əsas əngəllərdən birinə çevrilib. Bütün bunlara baxmayaraq, Ermənistan öz iqtisadiyyatını gücləndirmək əvəzinə, statistik göstəriciləri təhrif etməyə çalışır. Əslində, Paşinyan hakimiyyəti bununla öz xalqını aldadır. Ermənistan mediasında yayılan və həqiqəti əks etdirməyən xəbərlərdə qeyd edilir ki, 2024-cü il üçün ölkədə adambaşına düşən büdcə xərclərində guya İrəvan 2650 ABŞ dolları ilə ilk, Gürcüstan 2435 ABŞ dolları ilə ikinci, Azərbaycan isə 2130 ABŞ dolları ilə üçüncü yerdə qərarlaşıb.

Ermənistanın maliyyə naziri Vahe Hovhannisyanın büdcə gəlirləri və xərcləri ilə bağlı açıqladığı rəqəmlər isə heç də bu məlumatlarla üst-üstə düşmür. Erməni nazirin sözlərinə görə, bu il Ermənistanın dövlət büdcəsinin gəlirləri indiki məzənnə ilə 6,7 milyard, xərcləri isə 7,8 milyard ABŞ dollarıdır. Əhalinin sayını da hesaba qatsaq, adambaşına düşən gəlir təxminən 2,2 min, xərclər isə 2,6 min ABŞ dolları təşkil edir. Bu da o mənaya gəlir ki, gəlirlər və xərclər arasında yaranan 400 ABŞ dolları fərq isə ianələr, yardımlar və borclar hesabına "qapadılır".

Xüsusi vurğulamaq lazımdır ki, büdcə gəlirləri və xərclərinin nəyin hesabına formalaşması, hansı faktorlara əsasən qeydə alınması vacibdir. Ölkəmizdə bu ilin dövlət büdcəsinin xərcləri 21,7 milyard, adambaşına düşən büdcə xərcləri isə 2165-2170 ABŞ dolları civarındadır.

Büdcəmizin gəlirləri isə birbaşa yerli fiskal mənbələr, yəni vergi, gömrük və sair daxili mənbələr hesabına formalaşır. Bu, bir daha heç bir xarici qrant, maliyyə institutlarından borc alınmadığını təsdiq edir. Adambaşına düşən xərclərdə isə əhalinin sayı mühüm rol oynayır. Azərbaycan əhalisinin 10 milyon nəfərdən çox olması da xərclərin həcminə təsir edir. Ümumiyyətlə, istənilən ölkənin güclü iqtisadiyyata sahib olması üçün əsasən iki faktor rol oynayır. Birincisi ölkənin təbii sərvətlərə, əlverişli coğrafi mövqeyə malik olması, ikincisi isə hər bir dövlətin real sektoru, bu istiqamətdə istehsal fəaliyyətindəki göstəricilərdir. Ölkəmiz isə bütün bu faktorlara sahibdir və aparılan islahatlar, yatırılan mühüm investisiyalar Azərbaycan iqtisadiyyatını nəinki inkişaf etdirir, hətta yeni geosiyasi durumlardan, qlobal böhranlardan qoruyur. Amma Ermənistan təbii sərvətlər və kənd təsərrüfatı baxımdan məhdud imkanlara malik olduğu üçün ölkə böyük problemlərlə üz-üzə qalır. Əhalinin sayı daha çox olsaydı, bu ölkənin vəziyyəti daha da acınacaqlı olardı.

Rəsmi İrəvanın iqtisadi cəhətdən ayaqda qalmasında vacib rolu əsasən Rusiyadan gələn yardımlar və erməni diasporunun maliyyə dəstəyi oynayıb. Hayastanın iqtisadi göstəriciləri rəqəmlərdə artsa da, əslində mahiyyət eyni olaraq qalıb. Məlum olduğu kimi, Rusiya-Ukrayna münaqişəsinə qədər rəsmi İrəvana gələn yardımlar münaqişə dövründə Rusiyaya tətbiq olunan sanksiyalar hesabına artımla əvəzlənib. Başqa sözlə, Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığı da ölkənin geriləməsinə səbəb olur. Hazırda regionda gedən geosiyasi proseslər fonunda rəsmi İrəvanın Moskvanın siyasi orbitindən uzaqlaşması və Qərbə inteqrasiyası Rusiya-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı suallar doğurur. Maraqlı məqamlardan biri iqtisadi baxımdan Rusiyadan kritik asılılığın mövcud olduğu şəraitdə Ermənistanın bu məqsədinə nə dərəcədə nail ola biləcəyi ilə bağlıdır. Məsələn, 2023-cü ilin  yanvar-avqust aylarında Ermənistandan Rusiyaya ixrac 2,1 dəfə artaraq 2,3 milyard dollara, idxal isə 16 faiz artaraq 1.9 milyard dollara çatıb. Nəticədə, Rusiyanın xarici ticarət dövriyyəsində 35 faiz, ixracda 51 faiz, idxalda isə 25 faiz təşkil edib. 2022-ci ildə isə Rusiyanın Ermənistanın ticarət dövriyyəsində payı 33.8, ixracda 36.3, idxalda isə 32.2 faiz olub. Bu isə son illərdə Ermənistanın Rusiyaya ixracı əsaslı şəkildə artırdığından, idxalı isə azaltmadığından xəbər verir. Aİ-nin isə ölkənin xarici ticarət dövriyyəsində payı 15.8, idxalda 18.5, ixracda isə 11.2 faizdir. Bu statistikadan bir daha Hayastanın iqtisadiyyatının əhəmiyyətli sürətdə Rusiyadan asılı olduğu nəzərə çarpır. İstər ticarət əlaqələrində, istər enerji sektorunda, istərsə də qida təhlükəsizliyinin təmin edilməsində Rusiya əsas paya sahib olan ölkə kimi çıxış edir. Bu gün Rusiyaya qarşı əks fikirlərlə gündəmə gələn Ermənistanın bu "dönüklüyü" iqtisadi əlaqələrdə özünü büruzə vermir.

Yenidən ixrac edilən məhsulları hesaba qatmasaq, Ermənistanın Rusiyaya ən çox ixrac etdiyi məhsulun kənd təsərrüfatı və qida məhsulları olduğunu görərik ki, bu da 61 faiz həcmindədir. Şübhəsiz, həmin məhsulların ixracını Qərb ölkələrinə yönəltmək asan məsələ deyil. Həmçinin Qərbdə Ermənistanın məhsullarına tələbat yoxdur, çünki onlar Avropanın tələblərinə uyğun deyil. Bu, baş versə belə, istehsal səviyyəsi azalacaq, işsizlik artacaq.

Baş nazir Ermənistanı hər nə qədər iqtisadi cəhətdən azad, cəlbedici ölkə kimi qələmə verməyə çalışsa da hər dəfə rəzil duruma düşür. Son dövrlərdə erməni mətbuatında ölkənin əcnəbi investorlar üçün cəlbedicilik reytinqinin sürətlə aşağı düşdüyü barədə məlumatlar qeydə alınıb. Hətta bir sıra şirkətlərin artıq Ermənistan hökumətini beynəlxalq məhkəməyə verdikləri barədə xəbərlərə də rast gəlmək mümkündür. Onların arasında "Sanitek International Group", "Amulsar Investor Ventures LLC", "Lydian International Ltd"nin də adları var. Bu cür reallıqların qarşısında Paşinyanın Ermənistanı iqtisadi cəhətdən irəlidə olan ölkə kimi qələmə verməyə çalışması gülüncdür.

Nəzrin ELDARQIZI,

"Respublika".