XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi
İQTİSADİYYAT

XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi

Sabah Bakı Ekspo Mərkəzində sayca 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") öz işinə başlayır. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin 16 may tarixindəki məlumatında bildirrilir.

"Caspian Agro" sərgisi kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, distributorlar, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir yerə toplayacaq. Sərgidə iştirakçılar arasında Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, Çexiya, Polşa, Avstriya, İspaniya, Latviya, Estoniya, Gürcüstan, Qazaxıstan, Rusiya, Türkiyə, İsrail və Hindistan şirkətləri yer alacaq. Hər iki sərgidə iştirakçıların 71%-ni xarici şirkətlər təşkil edəcək.

Sərgi kənd təsərrüfatında tətbiq olunan innovativ texnologiyalar, kənd təsərrüfatı təyinatlı texnikalar, müasir suvarma sistemləri, elektron kənd təsərrüfatı, istixana bölmələri, eləcə də pilotsuz uçuş aparatları, IT xidmətləri, əşyaların interneti, süni intellekt, alternativ enerji mənbələri kimi smart bölmələrdən ibarət olacaq. Sərgi zamanı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təmsil olunacağı pavilyonda Heydər Əliyevin 100 illiyinə həsr edilmiş təqdimat, Elmi-Tədqiqat İnstitutlarının ən son nailiyyətləri, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilmiş bir sıra startap müsabiqələrin qaliblərinin məhsul və həlləri, yaşıl enerji mənbələrinə dair qurğu və məhsullar nümayiş olunacaq.

“Respublika”.