Xocalılılar Böyük Qayıdışa hazırlaşırlar
Sosial həyat

Xocalılılar Böyük Qayıdışa hazırlaşırlar

Qarabağın ən qədim yaşayış məskəni, tariximizin açılmayan qatlarını daş kitabələrdə və kurqanlarda qoruyub saxlayan, Ağdam-Əsgəran-Xankəndi-Şuşa avtomobil yolunun üzərində yerləşən Xocalı xalqımızın qan yaddaşıdır.

Ötən əsrin 90-cı illərində Xocalı kiçik kənddən abad və yaraşıqlı şəhərə çevrilmişdi. Xocalının böyüməsi qatı daşnak tör-töküntüləri olan erməni separatçılarını ciddi narahat edirdi. Ermənistandan və digər ölkələrdən gətirilmiş erməni silahlı dəstələri keçmiş Sovetlər Birliyinin 366-cı motoatıcı alayının zabitlərinin köməyi ilə Xocalı mühasirəyə salınmışdı. Vaxtilə daxili düşmən əli ilə bir-birinə əl qaldıran iki qardaş xalqın faciəsi nəticəsində Özbəkistanın Fərqanə vilayətindən didərgin düşmüş məshəti türklərinin, Ermənistandan deportasiya edilən soydaşlarımızın məskunlaşdıqları Xocalıya şəhər statusu verilmişdi. Burada məshəti türkləri və deportasiya qurbanları üçün yaraşıqlı və hər cür şəraiti olan böyük bir məhəllə salınmışdı. Lakin 1991-ci ilin payızında respublikada ictimai-siyasi sabitlik ciddi şəkildə pozulmuş, hakimiyyət demək olar ki, tamamilə öz yerindən oynamış, prezident üsuli-idarəsi iflic vəziyyətinə düşmüş, parçalanma, anarxiya, qanunların işləməməsi, ən əsası isə hakimiyyət uğrunda gedən çarpışmalar Xocalıda baş verən hadisələri daha da sürətləndirdi. Ermənistan hakimiyyəti və onların havadarları, erməni lobbisi bu fürsətdən yararlanmaq və öz çirkin planlarını həyata keçirmək üçün döyüşlərin intensivliyini artırdılar. Erməni yaşayış məntəqələrinin əhatəsində olan Xocalı demək olar ki, altı aydan artıq bir müddətdə mühasirədə qalmış, dinc əhali dözülməz və ağır bir şəraitdə yaşayırdı. Respublika rəhbərliyinə mütəmadi şəkildə edilən müraciətlərə isə bəzən cavab verilmir, əhalinin mühasirədən çıxarılması üçün heç bir tədbir görülmürdü. Təcrübəli hərbçiləri daxili qoşunlardan və milli ordudan kənarlaşdırır, hərbi təhsili olmayan adamları müdafiə naziri, daxili qoşunların komandanı vəzifəsinə təyin edirdilər.

Fevral ayının ikinci yarısından başlayaraq Xocalı istiqamətində erməni silahlı dəstələrinin mühasirəsi daraldı və şəhər hər gün toplardan, ağır texnikadan atəşə tutuldu. Xocalı faciəsinin şahidləri erməni faşizminin, insanlığa qarşı olan erməni taununun necə dəhşətli və fəlakətli olduğunu öz gözləri ilə gördülər. Erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı faciəsi xüsusi amansızlığına görə seçilir. Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı erməni faşistlərin azərbaycanlılara qarşı törətdikləri ən qəddar faciədir. Ermənilər havadarlarına arxalanaraq güman edirdilər ki, bu hərbi cinayətlər cəzasız qalacaq. Şanlı ordumuz 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistanı ağır məğlubiyyətə uğradaraq təslim olmağa vadar etdi. Xocalılıların qisası alındı. Xocalı qatillərinin bir çoxu məhv edildi və bir çoxunun da qolları qandallandı. Şəhidlərimizin qanı yerdə qalmadı.

Ötən ilin 19-20 sentyabr tarixlərində qəhrəman Silahlı Qüvvələrimizin bölmələrinin keçirdiyi antiterror tədbirləri nəticəsində Xocalı şəhəri erməni separatçılardan təmizlənərək işğaldan azad edildi. Bu tarixi gün xocalılıların həyatına günəş kimi doğdu. İndi xocalılıların dillərində xoş müjdələr dolaşır, bir-birinə gözaydınlığı verirlər, sevinc göz yaşları ilə şükranlıqlarını bildirirlər. Xocalılılar bu il doğma yurd yerlərinə qayıdacaqlar. İşğaldan azad olunmuş ərazilərdə irimiqyaslı layihələr həyata keçirilir, əhalinin rahat yaşayışının təmin edilməsi üçün zəruri infrastruktur qurulur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətlə qayıdışının təmin edilməsi üçün bütün tədbirlər görülür. Hazırda Xocalıda da çox geniş bərpa-quruculuq işlərinə başlanılıb. Xocalının bərpasını aparan "Bakı Abadlıq Xidməti" MMC-nin memarı Elnur Abdullayev bildirib ki, Xocalıda işlər gecə saatlarına qədər davam edir. Xocalıda 283 evdə əsaslı təmir-bərpa işi aparılır. Eyni zamanda Xocalı şəhərinin bütün kommunikasiya xətləri qurulur, zəruri infrastruktur yaradılır. Qarlı-şaxtalı hava şəraitinin olmasına baxmayaraq, həvəslə və qürurla çalışırıq. Xocalı şəhəri dağıntılarla bərabər, ekoloji terrora da məruz qalıb. Yaraları sağaltmaq üçün həvəslə, yorulmadan çalışırıq.

30 illik həsrətdən sonra doğma yurdlarına qayıdacaq xocalılıların sevincinin həddi-hüdudu bilinmir. Xocalı sakini Nazim Əliyev deyir ki, çox şükür edirik ki, yurd həsrətimizə son qoyulur. Xocalıya qayıtmaq hər kəsin arzusudur, inanırıq ki, Xocalıda öz övladlarımızın, nəvələrimizin gələcəyini quracağıq. Qarşıdan prezident seçkiləri gəlir. Fevralın 7-də seçki məntəqəsinə gedəcək və ən layiqli namizədə səs verəcəyik. Xocalı faciəsinin şahidi Nəsibə Quliyeva da ailəsi ilə Xocalıya qayıdacağı günü səbirsizliklə gözləyir. Deyir ki, çox xoşbəxtik ki, o torpaqlara, Xocalımıza yenidən qayıdırıq. Xocalıda şəhid olan körpələrin yarımçıq qalmış arzularını Xocalıda yaşadacağıq. 44 günlük Vətən müharibəsindən sonra inanırdıq ki, bir gün Xocalıya geri dönəcəyik. Qürur duyuruq ki, bizim güclü ordumuz var, həqiqətən də bizim xalqımız məğrur xalqdı. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində məskunlaşdığımız qəsəbədə seçki məntəqəsində ən layiqli namizədə səs verəcəyəm. Xocalıdan uşaq vaxtı didərgin düşən Eldəniz Məhərrəmov deyir ki, həyatımın ən xoş günlərini yaşayıram. Sanki, yuxu görürəm, amma bu, bir həqiqətdir ki, biz Xocalıya qayıtmağa hazırlaşırıq. Qürur hissi keçiririk ki, Xocalımız artıq azaddır. Qalib xalqın övladı kimi prezident seçkilərində iştirak etmək hər kəsdə haqlı olaraq qürur yaradır, məhz bu hisslərlə ən layiqli namizədə səs verməklə Azərbaycanın gələcəyinə, Xocalıya Böyük Qayıdışa səs vermiş olacağıq.

Salman ALIOĞLU,

"Respublika".