XOCALI SOYQIRIMINDAN XOCALI ZƏFƏRİNƏ
Sosial həyat

XOCALI SOYQIRIMINDAN XOCALI ZƏFƏRİNƏ

Tarixi Zəfərimizdən sonra Azərbaycan xalqı dünyaya sığmayan bu dəhşətli soyqırımının ildönümünü artıq fərqli şəkildə andı. Erməni vandalları tərəfindən işğal edilmiş doğma torpaqlarımızın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilməsi nəticəsində Xocalı soyqırımı qurbanlarının, həmçinin Vətən uğrunda qəhrəmancasına  həlak olmuş digər şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı.

Bu il fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərinə səfər etdi və Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Qanlı faciənin törədildiyi Xocalıda yaradılacaq Soyqırımı Memorialı faciə qurbanlarının, Vətənin müdafiəsi uğrunda həlak olan qəhrəmanlarımızın xatirəsinin yaşadılmasına, bu qətliam barədə həqiqətlərin dünyaya çatdırılmasına xidmət edəcək.

Müsahibim "Xocalının səsi" qəzetinin redaktoru, Xocalı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Bəyməmmədoğlu bu barədə danışaraq deyir: 26 fevral 2024-cü il. Həmin gün Xocalıya günəş doğmuşdu. Bu dəfə ana təbiət gülürdü, sevinirdi, isti qucaq açmışdı. Çünki 32 ildir görmədiyi, nəfəsinə həsrət qaldığı övladlarını bağrına basırdı. Hər birimiz ilk dəfə idi ki, belə fərqli duyğular yaşayırdıq. Qəlbimizdə Xocalı ağrısı olsa da, həm də qürur, fərəh, sevinc içində idik. Həqiqətən, insan bu qədər ülvi hisslərin ağuşunda fikirlərini, təəssüratlarını olduğu kimi ifadə etməkdə çətinlik çəkir. Arzumuza, amalımıza, vüsalımıza çatmışdıq. Xocalıya daxil olarkən 32 il bundan öncə qarlı qış gecəsində soydaşlarımızın öz canlarını qurtarmaq üçün pərən-pərən düşdükləri yerlərdən gözlərimizi ayıra bilmirdik. Qarlı Kətik meşəsinə, Qaraqayaya, Qarqarçaya baxdıqca günahsız insanların çəkdikləri müsibətlər gözlərimizdə canlanırdı. Biz xocalılıları, qalib ölkənin qalib vətəndaşlarını sevincə və həyəcana qərq edən məqamlardan biri də Müzəffər Ali Baş Komandanımızla görüşümüz idi. Cənab Prezidentimiz Xocalıda Soyqırımı Memorialının təməlini qoydu və zəfər tariximizin şahidləri - Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Bu görüş mənə 24 fevral 1996-cı il Xocalı soyqırımının 4-cü ildönümündə ulu öndər Heydər Əliyevin bir qrup Xocalı sakinləri ilə görüşünü xatırlatdı. Əslində Xocalıdakı görüş 28 il bundan əvvəl olan görüşün məntiqi davamı idi. Ulu öndər həmin tarixi görüş zamanı yekun sözündə bildirmişdi ki, əmin ola bilərsiniz ki, bütün varlığımı, təcrübəmi, biliyimi, həyatımı Azərbaycan xalqının belə ağır vəziyyətdən çıxmasına həsr edirəm, bundan sonra da həsr edəcəyəm...

Ata vəsiyyətini yerinə yetirən, onun dövlətçilik xəttini layiqincə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev qalib sərkərdə kimi prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı qaldırdı. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Həmçinin 10 fevral 2011-ci il tarixdə Goranboyda məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsinin açılışında xocalılılara: "Xocalıya biz qayıdacağıq və orada siz dediyiniz kimi, bundan da gözəl binaları tikəcəyik. Biz bu vaxtı hər an öz səylərimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq" vədi bu gün artıq həqiqətdir. Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimində çıxış edən Prezident bildirdi ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. Bəli, dövlətə və dövlətçiliyimizə daim sədaqət nümayiş etdirən xocalılılar cənab Prezidentimizin apardığı qətiyyətli siyasətə də, Xocalıya qayıdışımıza da inanırdı. Zəfər ona inananlarındır. Məhz inamımız bizə bu qələbələri, gözəl günləri yaşatdı.

Soyqırımı Memorialı elə bir yerdə tikiləcək ki, buradan baxanda soyqırımın törədildiyi ərazilər görünsün. Xocalıya gələn hər sakin, hər qonaq bu kompleksi görəcək. Bu o deməkdir ki, Soyqırımı Memorialı həm də qan yaddaşımızın canlı abidəsi, başımıza gətirilən faciələrin unudulmaması üçün and yerinə, həm də zəfər tariximizi özündə əks etdirən bir məkana çevriləcək.

Xocalıda aparılan bərpa-quruculuq işləri ilə də tanış olduq. Bu müqəddəs ziyarətdə ulu öndərimiz Heydər Əliyevin ideyalarının yaşadığının, ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətinin, xalqına məhəbbətinin, dəmir yumruğunun gücünün bir daha şahidləri olduq.

Biz, həm də böyük mübarizənin sonunda əldə olunmuş zəfərin şahidləri, "Prezident-Xalq-Ordu" birliyinin simvolu kimi birgə addımlayaraq Zəfərimizin yekun möhürü - Xankəndi paradının, Azərbaycan Ordusunun qələbə təntənəsinin keçirildiyi meydana və erməni separatçılarının tabutuna son mismarın vurulduğu inzibati binaya gəldik. Zəfər paradının keçirildiyi meydanda xatirə şəkilləri çəkdirdik, sevincimizi, qürurumuzu, minnətdarlığımızı Prezidentimizə bildirdik. Müzəffər Ali Baş Komandanımızın səmimiliyi, sadələyi hər birimizi heyran etdi. Belə tarixi anları yaşadığıma görə, Müzəffər Ali Baş Komandanımızla görüşüm üçün özümü xoşbəxt sayıram. Yaxşı bilirəm ki, bu həm də mənim üçün böyük məsuliyyətdir.

Bu gün rayonumuzun yeganə mətbuat orqanı olan, xocalılılar kimi didərginlik həyatına son qoyulan, bu illər ərzində kədərimizdən, sevincimizdən, Böyük Zəfərimizə inamımızdan yazan "Xocalının səsi" artıq Xocalıya qayıdışımızdan yazır, səsi doğma torpaqlardan eşidilir.

Söhbəti yazdı:

Zabit XƏLİLOV,

"Respublika".