MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN HİMAYƏDARI
Sosial həyat

MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN HİMAYƏDARI

Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Masallı Şəhər Gənclər Evində "Ümummilli lider Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndərin, ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Abbas Abbaszadə 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" kimi qeyd edildiyini, yubiley ili ilə əlaqədar Masallı rayonunda silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsinin Masallı bölgəsi üzrə qazisi Rəşid Talıbov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbə müdiri Elvin Hüseynli, Masallı ziyalıları ictimai birliyinin sədri Qardaş Fətullayev, Masallı Cümə məscidinin imamı Məftun Hüseynov milli-mənəvi dəyərlərimizin qorunmasında, dövlət-din münasibətlərinin beynəlxalq normalara uyğun qurulmasında ulu öndərin misilsiz xidmətlərindən söhbət açıblar.

Çıxışlarda qeyd olunub ki, bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha yüksək zirvələrə, işıqlı gələcəyə doğru inamla irəliləyir.

Əlisəfa HƏSƏNOV,

"Respublika".