Xocalı cəlladının timsah göz yaşları
Gündəm

Xocalı cəlladının timsah göz yaşları

Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçaturyana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib. Oktyabrın 13-də Vaqif Xaçaturyanın məhkəməsi keçirilib. Zərərçəkmiş şəxs qismində Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Hüseynov və Meşəli kənd sakini Hüseyn Hümbətov iştirak ediblər. Məhkəmənin baxış iclası oktyabrın 17-nə təyin edilib.

Vaqif Xaçaturyan 1991-ci il dekabrın 22-də qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı soyqırımı törədib. Beynəlxalq humanitar hüquq normalarını pozaraq törədilmiş qətliamda ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

O, mühakimə prosesində Birinci Qarabağ müharibəsi zamanı işgəncə verdiyi şəxslə üzləşib. Həmin şəxs məhkəmədə Xaçaturyana səslənərək: "Vaqif, ay Vaqif, tanıdın məni? Evə "limonka" atdın ha, qaçdım dalınca... Tanıyarsan", - deyib. Xaçaturyan ona baxıb, amma cavab verməyib.

Mühakimə prosesi davam edərkən, Xaçaturyan göz yaşlarına hakim ola bilməyib. Xocalıda işgəncə etdiyi insanlar göz yaşı tökərkən mərhəmət qırıntısı belə göstərməyən separatçılar özlərinin hönkürərək ağlayacağı bu günün gələcəyini düşünməli idilər. Vaqif bunları düşünməyib və 30 il sonra timsah göz yaşları axıdır. Azərbaycanlıların qatillərinin hamısı yaxalanaraq mühakimə olunacaq, necə ki, bu gün bunun məntiqli sübutunu görürük.

29 iyul 2023-cü il tarixdə Xaçaturyan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu vaxtdan sonra başqa Beynəlxalq Qırmızı Xaç Komitəsi olmaqla bir sıra qurumlar mütəmadi olaraq qatil Vaqif Xaçaturyana baş çəkməyə başlayıblar. Əli qana batmış terrorçuya göstərilən "günahsız" davranışlar bəzi təşkilatların ikiüzlü siyasətindən bir daha xəbər verir. Nəticə etibarilə Azərbaycana olunan təzyiqlər heç bir fayda vermədi.

Azərbaycan Vaqif Xaçaturyanın fonunda saxlanılan bütün terrorçuları qanunauyğun şəkildə mühakimə edir və bu proses bundan sonra da olduğu kimi davam edəcək.

Azərbaycan son olaraq keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə humanizm dəyərlərinə necə hörmətlə yanaşdığını bir daha göstərdi. Görülən tədbirlər zamanı mülki əhaliyə və infrastruktura zərər verilməməsi bunun əyani sübutudur. Ardınca bir-bir separatçıların "rəhbər"lərinin saxlanılması və Bakıya gətirilməsi zamanı göstərilən münasibət bir daha onu göstərir ki, Azərbaycan hər zaman vandalizmə humanizmlə cavab verib. Vaqif Xaçaturyanlar törətdiyi cinayətlərin cavabını isə həbsxana divarlarında çürüyərək verəcəklər.

Nurcan SÜLEYMANOVA,

"Respublika".