“Xəzri dalğası
Digər xəbərlər

“Xəzri dalğası" taktiki təlimi keçirilir

Təlimə 1500 nəfər şəxsi heyət, gəmilər, helikopterlər, pilotsuz uçuş aparatları və zirehli döyüş maşınları cəlb olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü tədris ilinin hazırlıq planına əsasən Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi ilə qarşılıqlı əlaqədə "Xəzri dalğası" taktiki təlimi keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 20-də Müdafiə Nazirliyinin rəhbər heyəti Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi zamanı döyüş əməliyyatlarının aparılması üzrə keçirilən təlimi izləmək üçün hərbi-dəniz bazasına gəlib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Hərbi Dəniz Qüvvələri qərargahının ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Sonra Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov təlimin gedişi və icra olunacaq tapşırıqlar barədə müdafiə nazirinə məruzə edib.

Bildirilib ki, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus ərazi sektorunun mühafizə və müdafiəsi Hərbi Dəniz Qüvvələrinin qüvvə və vasitələri ilə yüksək səviyyədə təşkil olunub. Dəniz sularımız pilotsuz uçuş aparatları və digər texniki vasitələrlə fasiləsiz müşahidə edilir.

Məlumat verilib ki, təlimin məqsədi ərazi sularımızda yarana biləcək təhdid zamanı komandirlərin və qərargah zabitlərinin birgə fəaliyyətlərin işlənməsi, eləcə də bölmələrin döyüşdə idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.

Üç mərhələdə keçirilən təlimdə müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər icra edilir.

Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus ərazi sektorunda təlimin gedişatını izləyən müdafiə naziri hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib.

Qeyd edək ki, təlimə 1500 nəfər şəxsi heyət, Hərbi Dəniz Qüvvələrinin döyüş, təminat, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gözətçi gəmiləri, Hərbi Dəniz Qüvvələrinin helikopterləri, pilotsuz uçuş aparatları və Quru Qoşunlarının zirehli döyüş maşınları cəlb olunub.