Xankəndiyə ən optimal yol Ağdamdan keçir
Siyasət

Xankəndiyə ən optimal yol Ağdamdan keçir

Azərbaycan Respublikası düşmən üzərindəki zəfərindən sonra postmüharibə dövründə Qarabağda yaşayan erməni əhalinin Laçın-Xankəndi yolu vasitəsilə sərbəst gedib-gəlməsinə bütün şəraiti, təhlükəsizlik mühitini təmin etmişdi. Lakin Ermənistan bundan sui-istifadə edərək Azərbaycan ərazisinə silah-sursat, minalar daşınmasını həyata keçirdi. Təbii ki, Azərbaycan suverenliyimizə zidd olan bu cür davranışlara göz yuma bilməzdi və Ermənistanın 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olmayan bu kimi fəaliyyətinin qarşısı alınmalı idi.

Beləliklə, Azərbaycan öz suveren hüququndan istifadə etməklə, Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsi qurdu.

Məntəqənin fəaliyyəti tamamilə şəffaf şəkildə həyata keçirilirdi və təbii ki, zəruri yoxlamaların aparılması şərti ilə buradan Beynəlxalq Qırmızı Xaç Komitəsinin, sülhməramlı kontingentin və ermənilərin sərbəst keçidi təmin olunurdu. Lakin Ermənistan yenə də manipulyasiyalara, pozuculuq əməllərinə əl atdı. Belə ki, onlar əvvəlcə sərhəd-keçid məntəqəsini atəşə tutdu, bir müddət sonra isə nəzarət-buraxılış məntəqəsindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobillərində qaçaqmalçılıq yüklərinin daşınmasına cəhdlər göstərildi. Təxribat zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralandı. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi yenə də erməni sakinlərin məntəqədən humanitar məqsədlər üçün keçidinə şərait yaratdı, eyni zamanda erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif etdi. Ermənistan rəhbərliyi hələ də hər vəchlə Ağdam-Xankəndi yolundan istifadə etməkdən boyun qaçırır. Halbuki, 26 kilometrlik bu yol müasir standartlara uyğun qurulmaqla yanaşı, bölgədə Xankəndiyə ən qısa məsafə hesab olunur. Belə ki, Laçın-Xankəndi yolu 60 kilometrdir və bu marşrut Şərqi Zəngəzurla Qarabağı birləşdirir. Ümumiyyətlə, Ağdam-Xankəndi yolu Qarabağ iqtisadi rayonunda vacib nəqliyyat xəttidir. Daxili nəqliyyat və logistik şəbəkəsi iqtisadi inkişaf üçün zəmin yaratdığından yolun intensiv istifadəsi əhəmiyyətlidir. Xankəndiyə ən qısa, rahat və optimal yol məhz Ağdamdan keçir.

Qeyd etmək lazımdır ki, sentyabrın 1-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondarma separatçı rejim Ağdam-Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir və bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yolla yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Azərbaycan Prezidenti qeyd edib ki, Ağdam-Xankəndi yolundan istifadədən bu formada imtina etmək siyasi manipulyasiyadır və həmin ərazidə guya humanitar, yaxud qida böhranının yaşandığını iddia etmək üçün məqsədyönlü yalandır. Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev vurğulayıb ki, dövlətimiz tərəfindən separatizmin bütün təzahürləri qəbulolunmazdır. Müzakirə zamanı Prezident həmçinin Azərbaycanın Qarabağın erməni əhalisinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət edilməsinə baxmayaraq, onların bundan imtina etdiklərini də xatırladıb.

Ermənistan, sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasında yuva salan separatçı rejim və onların xaricdəki havadarları Xankəndidə erməni əhalinin hansısa "humanitar böhranla" üzləşdiyi barədə əsassız hay-küy qaldırırlar. Maraqlıdır, əgər doğrudan da ermənilər "acından ölürlərsə" niyə humanitar məqsədlər üçün açılan Ağdam-Xankəndi yoluna qarşı çıxırlar? Çünki bu yol açılsa, ermənilərin sülh sazişini imzalamaqdan başqa yolu qalmaz. Belə olan halda, reinteqrasiya prosesi sürətlənəcək və Ermənistanın saytlarında Qarabağ ermənilərinin sayının süni şəkildə 120 minə çatmasının da yalan olduğu ortaya çıxmış olacaq. Çünki Ağdam-Xankəndi yolu istifadəyə verildikdən sonra ora daşınan humanitar yüklərin həcminə görə Qarabağda yaşayan erməni əhalisinin dəqiq sayını müəyyənləşdirmək mümkün olacaq. Ağdam-Xankəndi yolundan istifadə edilməsi təklifinə Ermənistan tərəfinin etiraz bildirməsi, işğalçının bu yola beton maneələr düzməklə əraziyə girişi bloklaması və bununla da Qarabağın erməni icmasının guya humanitar fəlakətlə üzləşməsi görüntüsü yaratması, əslində, Ermənistanın siyasi şantaj və manipulyasiyasıdır. Ermənistan daha böyük məhrumiyyətlərlə üzləşməmək üçün reallıqları obyektiv qiymətləndirməyə cəhd göstərməlidir. Əgər optimal yol Ağdam-Xankəndi yoludursa, ermənilər istəsələr də, istəməsələr də, bu yoldan istifadəyə razılıq verməlidirlər.

Nuranə DAXİLQIZI,

"Respublika".