Xankəndidə Azərbaycan qanunları işləməlidir
Digər xəbərlər

Xankəndidə Azərbaycan qanunları işləməlidir

Terrorizm və işğalı dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan bu gün də regionda qanlı qarşıdurmanın yaradılmasına böyük maraq göstərir. Elə bu səbəbdən, 2020-ci ildə imzalanan 10 noyabr Bəyanatının 9-cu bəndi hələ də Ermənistan tərəfindən icra olunmur. Üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyən İrəvan son günlərdə Azərbaycanla şərti sərhəddə hərbi eskalasiya həyata keçirir.

Sosial şəbəkələrdə erməni blogerlərin yaydığı videogörüntülərdə ağır zirehli texnikaların paytaxtdan cəbhə zonasına göndərildiyi deyilir. Əlavə olaraq da ehtiyatda olan 10 min erməni hərbçisinin orduya çağırılması da bildirilir. Hətta Ermənistanın müdafiə naziri Suren Papikyanın yunan Kiprinə səfərini ləğv etməsi də diqqətə çatdırılır. Bu, Ermənistanın sərhəd boyunca genişmiqyaslı təxribatlara hazırlaşdığı ehtimalını daha da gücləndirən məqamlardan biridir. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərib. "Dəmir yumruq" üçün darıxan Ermənistan ordusunun regionda üçüncü Qarabağ müharibəsini başlamaqla nəyə nail olmaq istədiyi də məlumdur. Laçın yolu məsələsində diplomatik masada uduzan Ermənistan yenidən diqqəti döyüş meydanına çəkmək niyyətindədir. Belə ki, Azərbaycan Ordusunun separatçıların yerləşdiyi ərazilərdə keçirəcəyi hər hansı antiterror əməliyyatlarını erməni tərəfi "genosid" kimi saxta iddialarla təbliğat aparacaq. Düşmənin əsas siyasi manipulyasiya meydanlarından biri də Laçın yoludur. Qarabağı Ermənistanla birləşdirən Laçın yolunun Azərbaycanın nəzarətinə keçməsilə hələ də barışa bilməyən İrəvan yenidən bu yol üzərindən hansısa dividendlər əldə etmək üçün bu zonada qarşıdurma yarada bilər. Lakin bədxah qonşularımız şərti sərhəddə və Qarabağ iqtisadi zonasında yaşananlara görə məsuliyyəti ölkəmizin üzərinə atmağa çalışır. Paşinyan hökumət iclası zamanı Azərbaycanı bölgədə hərbi-siyasi vəziyyəti gərginləşdirməkdə ittiham edib və Silahlı Qüvvələrimizin döyüş hazırlığına gətirilməsi kimi saxta iddialar irəli sürüb. Paşinyanın həyasızcasına ölkəmizi günahlandırması onda liderlik keyfiyyətlərinin olmamasını göstərir. Regionun təhlükəsizliyinə əsl hədənin erməni hərbçiləri olduğunu yaxşı bilən baş nazir bununla belə qarşısına qoyulan ssenariləri oxumaqla sabitliyi yenidən pozmağa çalışır.

Artıq qarşı tərəf təkbətək mübarizədə Azərbaycanla mübarizə apara bilmədiyini anlayır. Bütün bu sərsəm bəyanatların tək səbəbi də hər zaman olduğu kimi, özlərini əzilən xalq kimi beynəlxalq ictimaiyyətə sırımaqdır.

Xankəndidə yerləşən separatçı rejimdə daxili çaxnaşma günbəgün artmaqdadır. İkinci Qarabağ müharibəsində qazanılan şanlı Zəfərdən sonra regionda yaranan yeni reallıqlar-30 illik işğalın başa çatması və ərazi bütövlüyümüzün bərpası Xankəndidə Azərbaycan qanunlarının işləməsinə rəvac verir. Dövlətimiz artıq qanunsuz şəkildə özlərini "müstəqil" elan edən, separatçı rejimə "prezident", "parlament" kimi qondarma orqanların buraxılması haqqında xəbərdarlıq edib. Beynəlxalq hüquqa görə Qarabağ ölkəmizin ərazisi olduğundan burada Azərbaycan qanunları işləməlidir. Aprelin 23-də Laçın nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi bu prosesin daha da yaxınlaşdığını göstərir. Lakin Ermənistan ordusunun tör-töküntüləri və separatçı rejimin quldur dəstələri hələ ki, buna qarşı çıxmağa çalışır. Amma buna baxmayaraq, Azərbaycan öz təsirini və təzyiqini Xankəndiyə günbəgün artırmaqda davam edir. Separatçıların yerləşdiyi ərazilərin Azərbaycan Konstitusiyası ilə idarə olunmasına gedən yolun ilk mərhələsi isə reinteqrasiya prosesindən keçir və Ağdam-Əsgəran yolunun açılması da Azərbaycanın əsas prinsiplərindəndir.

Musa BAĞIRLI,

"Respublika".