Aqrar Biznes Festivalı keçirilib
Region

Aqrar Biznes Festivalı keçirilib

İsmayıllı

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllıda Aqrar Biznes Festivalı keçirilib. Festivalda Ağsu, İsmayıllı, Qobustan, Qəbələ, Ağdaş, Göyçay, Şamaxı rayonlarından fermerlər iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin tabeli qurumları, digər dövlət qurumları və özəl şirkətlərin nümayəndələrinin təmsil olunduğu festivalda fermerlər müxtəlif şirkətlərin təklif etdiyi kənd təsərrüfatı texnikalarının üzərinə yerləşdirilən və uzaqdan idarəedilən GPS texnologiyaları, müasir suvarma sistemləri, kənd təsərrüfatı texnikaları, toxum, gübrə, pestisid nümunələri və iqlimədost texnika və texnologiyalar ilə əyani tanış olub, istifadə qaydaları və texniki göstəriciləri barədə məlumat alıblar. Festival çərçivəsində “Kənd təsərrüfatında iqlim dəyişmələrinin rolu və COP29 çərçivəsində həyata keçiriləcək tədbirlər”ə dair təqdimat keçirilib.

Tədbir çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Azərbaycan Kənd Qadınları Assosiasiyasının qadın üzvləri öz məhsullarının nümayişini və satışını həyata keçirib. Özəl şirkət tərəfindən arıçı fermerlərə “Bal arılarının varroa gənələrindən dərmansız təmizlənməsi və ekoloji təmiz bal istehsalı strategiyası” mövzusunda təlim keçirilib.

M.NƏRİMANOĞLU,

“Respublika”.