İrəvan inciləri
Mədəniyyət

İrəvan inciləri

Azərbaycanın tarixini, mədəniyyətini özündə yaşadan minlərlə abidələrimiz var. Qədimliyi ilə əsrlərin, minillərin o tayından bizə boylanan bu abidələr həm də millətin yaddaşı, soykökü, kimliyi və varlığıdır. Bu abidələr yaşadıqca tarix boyu baş verən bütün hadisə və gedişatları da özündə qoruyub saxlayır.

Tarixi torpaqlarımız olan Qərbi Azərbaycan ərazisində çoxlu sayda tarixi-memarlıq abidələri, məscidlər, karvansaralar, qəbirüstü abidələr, imarətlər və s. mövcuddur. Rəsmi məlumatlara görə, XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində 310 məscid olmuşdur. Lakin 1918-ci ildə Azərbaycan ərazisində düşünülmüş şəkildə Ermənistan dövləti qurulduqdan sonra tarixi-mədəni abidələrimizə qarşı vandal, dağıdıcı münasibət göstərilmişdir. Belə ki, ermənilər məqsədli şəkildə Azərbaycana aid hər şeyi silib, izi itirməklə öz siyasətlərini həyata keçirmişlər. İrəvan qalasında olan bütün tarixi abidələr də, o cümlədən. Xan sarayı, Sərdar məscidi də məhv edilmişdir. İndiki Ermənistan ərazisində yalnız bir neçə abidənin qalıqları bu günümüzə gəlib çatmışdır. Onlardan biri - İrəvan şəhərində olan Göy məsciddir ki, onu da ermənilər "fars məscidi" adlandırırlar. Şərq memarlığının nadir incilərindən hesab olunan məscidin inşasına 1760-cı ildə başlanılmışdır. Abidənin tikintisi 1765-ci ildə Hüseynəli xanın hakimiyyəti dövründə başa çatmışdır. Bu qədim Azərbaycan abidəsi 1936-cı ildən etibarən İrəvan Şəhər Tarix Muzeyi kimi fəaliyyət göstərmişdir. Lakin 1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən İran tərəfi Göy məsciddə öz hesabına təmir-bərpa işləri aparmışdır. Hazırda isə Ermənistana gələn xarici qonaqlara bu məscid fars məscidi kimi nümayiş etdirilir.

 Digər abidə - Əmir Səəd məqbərəsini isə "türkmən abidəsi" adlandırırlar. Bu abidə İrəvan-Eçmiədzin yolunun üstündə Cəfərabad kəndində yerləşir. Əmir Səəd məqbərəsi Qaraqoyunlu əmirlərindən olan Əmir Səəddin oğlu Pir Hüseyn tərəfindən atasının məzarı üstündə ailə türbəsi kimi 1413-cü ildə inşa edilmişdir.

Digər bir tarixi abidə isə İrəvanın mərkəzində yerləşən Təpəbaşı məhəlləsidir. Ermənilərin məqsədli şəkildə həyata keçirdikləri dağıtma prosesi nəticəsində bu abidə tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq tədbirlərdə bu mövzunu diqqətə çatdırıb. 2022-ci il 4 fevral tarixində Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurasının prezidentinin videoformatda görüşünün nəticəsi olaraq UNESCO-nun Ermənistana və Azərbaycana missiyalarının həyata keçirilməsi planlaşdırılıb. Azərbaycan cəmiyyəti UNESCO missiyasının gedəcəyi ünvanlardan birinin də Təpəbaşı məhəlləsi olacağını gözləyir. Ermənistan rəhbərliyi bir müddətdir ki, Təpəbaşını tamamilə dağıdaraq yerində müasir yaşayış binaları tikməyi planlaşdırır.

Azərbaycan ictimaiyyəti məsələ ilə bağlı UNESCO-ya müraciət ünvanlasa da, hələ ki, bu istiqamətdə ciddi addım atılmayıb. 102 nəfər tanınmış elm və ictimaiyyət xadimi müraciətdə UNESCO-nu xalqımızın zəngin tarixi-mədəni irsinin ermənilər tərəfindən məhv edilməsinin qarşısının alınması üçün zəruri addımlar atmağa çağırıb.

Onu da qeyd edək ki, Təpəbaşı məhəlləsi Azərbaycanın ən zəngin və qədim tarixi abidələrindəndir. Məhəllədə mövcud olan memarlıq və arxeoloji abidələr XVIII-XIX əsrlərə aiddir. Tarixi İrəvan şəhərinin mərkəzində olan bu məhəllə vahid tarixi-şəhərsalma mühitini özündə əks etdirir. Vaxtilə məhəllədə olan küçələrin adları Azərbaycan adları idi. Məsələn, Xan, Axund, Dərəkənd bağları, Əsəd bəy, Adalyar, Təpəbaşı, İmarət və Daşlı küçələrini misal çəkmək olar. Təpəbaşı məhəlləsindəki məscidlər, hamamlar onun Azərbaycan xalqına məxsus memarlıq nümunəsi olduğunu sübut edir. İrəvan şəhəri qala istisna olmaqla Şəhər, Dəmirbulaq və Təpəbaşı hissələrinə bölünürdü. Sözsüz ki, bu yerlərin sakinləri də azərbaycanlılar idi. Təpəbaşı Zəngi çayı ilə Şəhər məhəlləsinin arasındakı təpəlikdə yerləşdiyindən belə adlanıb. İrəvan şəhərinin mərkəzində böyük bir hissəni təşkil edən məhəllə hazırda ermənilər tərəfindən 16 hektara qədər kiçildilib. Təpəbaşı məhəlləsi hazırda tamamilə məhv olmaq təhlükəsindədir.

Tarixə nəzər salsaq görərik ki, bu məhəlləyə ermənilərin yerləşdirilməsi çar Rusiyasının 1828-ci ildən sonra qonşu dövlətlərdən hayların Cənubi Qafqaza kütləvi köçürülməsi siyasəti nəticəsində olmuşdur. Həmin ərəfədə İrandan 374 nəfər, Türkiyədən isə 18 nəfər erməni İrəvan şəhərinin Təpəbaşı məhəlləsində yaşayan azərbaycanlı ailələrin evlərinə müvəqqəti olaraq yerləşdirilmişlər. Sonradan isə həmin ermənilər Təpəbaşı ərazisində olan Xan bağı adlı yerdə ayrılmış torpaq sahələrində məskunlaşmışlar. Və beləcə yerlərini möhkəmlədən haylar tədricən azərbaycanlıları bu yerlərdən sıxışdırıb çıxarmış, nəticədə, tamamilə deportasiya siyasəti həyata keçirmişlər. Bu gün Təpəbaşı məhəlləsinin məhv edilməsinə dünyanın laqeyd münasibət bəsləməsi isə yolverilməzdir. Çünki bu abidə dünya mədəni irsinin bir hissəsidir.

Ramidə YAQUBQIZI,

"Respublika".