Xalqın məhəbbət və ehtiramını qazanan Lider
Siyasət

Xalqın məhəbbət və ehtiramını qazanan Lider

7 fevral 2024-cü il Növbədənkənar AzərbaycanRespublikasıPrezidenti seçkiləri günüdür

Dövlət başçısı İlham Əliyevin dekabrın 7-də imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikasında 2024-cü il fevralın 7-də növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Xatırladaq ki, bu seçkilər Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra sayca 9-cu Prezident seçkisi olacaq. Amma budəfəki seçkilər digərlərindən fərqli olaraq qalib Azərbaycanın bütün ərazilərində keçiriləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin payızında Vətən müharibəsində qazanılan Şanlı Qələbə ilə torpaqlarımızın işğaldan azad edilməsi və bu ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirilən lokal antiterror tədbirləri  nəticəsində ölkə ərazisində suverenliyin tam bərpa olunması bu seçkini zəruri edir.

Ölkə Konstitusiyasına görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Seçkilərin keçirilməsində məsul qurum olan Mərkəzi Seçki Komissiyası bütün namizədlərə təbliğat və təşviqat işlərinin aparılmasında əlverişli şərait yaradacaq. Siyasi partiya üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınmasından sonra bu qərarın verilməsini ədalətli rəqabət mühitinin yaranmasında vacib amil kimi qeyd edə bilərik. Yəni qanunla müəyyən olunmuş hər bir siyasi partiyaya öz namizədini irəli sürməyə imkan yaradılıb. Seçki Məcəlləsinə görə, seçki hüququ olan hər bir vətəndaş və yaxud vətəndaşlar prezidentliyə namizəd irəli sürmək üçün azı 100 nəfərdən ibarət olan təşəbbüs qrupu yarada bilərlər. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür və siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar.

Artıq hakim Yeni Azərbaycan Partiyasının fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədinin İlham Əliyev olacağı məlumdur. Bu barədə YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib. O, yaxın günlərdə YAP İdarə Heyətinin iclasının keçiriləcəyini deyib və qeyd edib ki, həmin iclasda prezidentliyə namizəd irəli sürüləcək: "2021-ci ildə keçirilən sonuncu qurultayda qəbul edilən nizamnaməyə görə, prezidentliyə namizədliyin irəli sürülməsi səlahiyyəti İdarə Heyətinə verilib. İlham Əliyev 20 ildə həyata keçirdiyi siyasətlə, Azərbaycan xalqına xidmətlə və işğal olunmuş əraziləri azad etməklə bu vəzifəni, titulu daşımağı qazanıb. Düşünürəm ki, hər bir vətənpərvər azərbaycanlı bu fikirdədir. İdarə Heyətinin iclasında da hər kəs öz fikrini bildirəcək. YAP-ın bu barədə fikri qətidir".

Həqiqətən də Qarabağın işğaldan azad olunması Prezident İlham Əliyevi digər namizədlərdən üstün edən əsas şərt olacaq. Ölkəmizə 20 ildir rəhbərlik edən İlham Əliyev geridə qalan illər ərzində Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqın hər bir fərdinin dərin hörmətini, məhəbbətini, ehtiramını qazanıb. Son 20 il respublikanın dövlətçilik tarixində dinamik və hərtərəfli inkişaf dövrü kimi yaddaşlarda qalıb. Bütün sahələrdə böyük uğurlar, inkişaf və tərəqqi əldə edilib. Azərbaycan bu illər ərzində misli görünməmiş iqtisadi, siyasi və hərbi uğurlara nail olub, möhtəşəm qələbələr qazanıb. Əlbəttə ki, həmin parlaq nailiyyətlərin fundamentində ümummilli lider Heydər Əliyevin ideyaları dayanıb. Ulu öndər irsinə sadiq qalan Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə dövlət başçısı seçilən zaman Heydər Əliyev yolunu tutacağına söz vermiş və buna əməl etmişdir.

Buna görə də hər bir azərbaycanlı tam əmindir ki, Prezident İlham Əliyevin özünəməxsus müstəsna liderlik bacarığı, siyasi səriştəsi və tutduğu yolda prinsipiallığı bundan sonra da Azərbaycanı daim irəliyə aparacaq. O, bir dövlət başçısı kimi gələcəkdə də qarşıya qoyulan vəzifələri məsuliyyətlə icra edəcək və yenidən hər bir vətəndaşın Prezidenti olacaq.

Prezident İlham Əliyev bu günə kimi qatıldığı bütün seçkilərdə xalqın əksəriyyətinin səsini qazanan azsaylı liderlərdən biridir. Bu da ölkə əhalisinin çoxunun Heydər Əliyev yoluna olan inamından irəli gəlir.

İlham Əliyev dövlətin ali hakimiyyət kürsüsündə əyləşənə kimi Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsində uğurlu fəaliyyətilə də diqqət çəkib.

Zəfər seçkiləri adlandırılan bu tarixi hadisə də, heç şübhəsiz ki, Azərbaycan xalqı yenidən Qalib Ali Baş Komandana, məğlub xalqı müzəffər xalqa çevirən rəhbərinə səs verəcək. Bu gün Xankəndi, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Cəbrayıl, Füzuli və digər rayonlarda qürurla ucaldılan bayrağımız bundan sonra da ən uca zirvələrdə dalğalanacaq.

Musa BAĞIRLI,

"Respublika".