Xalqımızın müstəqillik, dəyanət və qürur rəmzi
Siyasət

Xalqımızın müstəqillik, dəyanət və qürur rəmzi

Müstəqil dövlət qurmaq və bayrağını göylərdə dalğalandırmaq səadəti hər xalqa nəsib olmur. Bayraq, gerb və himn hər bir ölkənin rəsmi dövlət atributu sayılır. Azərbaycanın üçrəngli Bayrağı müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Özünütəsdiq simvolu olan bayraq qürur və güvənc yeri sayılır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir. Bayraq dövlətin və xalqın kimliyinin, düşüncə tərzinin və mənəvi dünyasının ən şəffaf, işıqlı meyarıdır.

Üç il öncə 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq uzun illər qəlbimizdə yaşatdığımız "Bayrağımız Qarabağda dalğalansın" arzumuzu gerçəkləşdirdik. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Qarabağda üçrəngli bayrağımızla bərabər, xalqımızın milli ruhunu da yüksəltdi. Bayraq millətin, dövlətin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilmişdir. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr - şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. Hökumətin Bakıda fəaliyyətə başlamasından az sonra, yəni 1918-ci ilin noyabrında Nazirlər Şurası tərəfindən Azərbaycan bayrağının göy, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizguşəli ulduzdan ibarət olması barədə qərar qəbul olundu.

Milli bayrağımızdakı göy rəng - türkçülüyü, qırmızı - müasirliyi, yaşıl - islam ideologiyasını ifadə edir. Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən "türkçülük, islamçılıq və müasirlik" formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Bu bayraq bir də 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. Üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsi də ulu öndər Heydər Əliyevin  rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında da öz əksini tapmışdır. BMT-nin Nyu-Yorkdakı iqamətgahının qarşısında dünyanın 180-dən artıq müstəqil dövlətinin bayraqları ilə bir sırada Azərbaycan bayrağı da dalğalanmaqdadır. 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib.

Müqəddəs Azərbaycan Bayrağı hər birimizin and yerimizdir. Bu müqəddəs bayraq uğrunda himnimizdə də deyildiyi kimi, minlərlə can qurban olub. 44 günlük Vətən müharibəsi xalqımızın üçrəngli bayrağa olan sonsuz məhəbbətini, bayraq ətrafında necə sıx birləşməyi bir daha göstərdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli, müzəffər Azərbaycan ordusunda xidmət edən hər bir əsgərin arzusu azad olunmuş torpaqlarımıza yenidən Azərbaycan bayrağını sancmaq idi. Ərazi bütövlüyümüzün, birliyimizin, bölünməzliyin rəmzi olan bayrağımız bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun uğurlu əməliyyatları nəticəsində düşmən işğalından azad edilən qədim yurd yerlərimizdə əzəmətlə dalğalanır.

Qarabağda, Xankəndidə, Şuşada dalğalanan üçrəngli bayraq qürur mənbəyimizdir. Xüsusilə, Şuşa şəhərinə sancılan bayraq Vətən müharibəsində "Zəfər Bayrağı" elan olundu. Şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin "Zəfər Bayrağı" 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Zəfər paradında nümayiş olundu. Zəfər paradının Azərbaycan tarixində əhəmiyyətini xüsusi vurğulayan Prezident İlham Əliyev çıxışında bu barədə belə deyib: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik".

Dövlət Bayrağımızın builki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram artıq 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd ediləcəkdir. Azərbaycanın dövlət bayrağı hər bir Azərbaycan vətəndaşının dəyanət rəmzi, qürurumuz, kimliyimizdir.

Mustafa KAMAL,

"Respublika".