Xalqımıza qarşı cinayət törədənlər cəzalandırılır
Siyasət

Xalqımıza qarşı cinayət törədənlər cəzalandırılır

Azərbaycanın nüfuzu regionda yaratdığı reallıqlarla artmaqda davam edir. Məlum olduğu kimi, sentyabr ayında Qarabağda keçirilən lokal antiterror tədbirlərindən sonra xunta rejimi tarixin arxivinə gömüldü.

Ondan geriyə qalan tör-töküntülər isə bu gün layiqli cəzalarını çəkirlər. Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndidə Azərbaycan xalqına müraciət etdi: "Bu binada ən ali kürsüdə oturanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında".

Doğrudan da heç bir cinayət cəzasız qalmır. Hər kəs etdiyi günahın bədəlini bir gün ödəyir. Vaxtikən əliyalın Azərbaycan xalqına qarşı vəhşiliklər törədən separatçı rejimin nümayəndələri kimi. Özünü tarixə qovuşmuş qondarma rejimin "prezidenti" kimi qələmə verənlər indi istintaq təcridxanasında cəzalarını çəkirlər. Bir vaxtlar Bakıda çay içməkdən dəm vuranlar haqq-ədalətin öz yerini tutacağını və bir gün məhkəmə qarşısında cavab verəcəklərini gözləmirdilər. Ona görə də bəşər tarixində görünməyən cinayət əməlləri törədirdilər. Onlar unudurdular ki, Ermənistanın xunta rejiminə verdiyi vədlər "eyforiyadan" başqa bir şey deyil. Azərbaycana gəldikdə isə ölkəmiz öz qüdrətini sadəcə sözdə deyil, əməldə də göstərdi.

Bu yaxınlarda Dövlət Təhlükəsizlik Xidmətinin başlatdığı cinayət işi nəticəsində Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki və İşxanyan Davit Rubeni saxlanılıb. Onlar Azərbaycan ərazisində tarixə qovuşmuş qondarma "Dağlıq Qarabağ Respublikasının prezidentləri", "prezident vəzifəsinin müvəqqəti icraçısı" və digər adlar altında fəaliyyət göstərdikləri üçün təqsirkar biliniblər. Bundan əvvəl isə Vaqif Xaçaturyan, Ruben Vardanyan da saxlanılaraq həbs edilmişdi.

Xatırladaq ki, Azərbaycan qanunsuz qondarma rejimin mütləq şəkildə ləğv ediləcəyini və onun "liderlər"inin öz layiqli cəzalarını alacaqlarını dəfələrlə bildirmişdi. Ölkəmizin çoxsaylı xəbərdarlıqlarına məhəl qoymayan Ermənistan Azərbaycanın "sözünün sahibi" olduğuna şahidlik etdi. Azərbaycanın Qarabağ ərazisində qanunsuz olaraq yaradılmış keçmiş xunta rejimi təcavüzkar siyasəti ilə regionda sülhə və sabitliyə əngəl yaradırdı. Onların "prezidentləri" isə törədilmiş bütün cinayətlərdə günahkardırlar. Çünki onların əli Azərbaycan xalqının qanına batıb. Bu gün Azərbaycan həmin caniləri həbs edib ədalət məhkəməsi qarşısına çıxarır. Bütün bunlar bir daha ölkəmizin haqq-ədaləti bərpa etdiyini söyləməyə imkan verir. Prezident İlham Əliyev bundan öncəki çıxışlarında da Azərbaycan xalqının qanının yerdə qalmayacağını qeyd etmişdi. Amma keçmiş xunta rejiminin tör-töküntüləri buna məhəl qoymamış, Qarabağda qətllər törətmişlər.

Bu gün Prezident İlham Əliyevin qətiyyəti nəticəsində qondarma rejimin qatilləri müttəhimlər kürsüsündə əyləşərək "armudu stəkanda çay içirlər". İndiki reallıqdan Ermənistanın, ermənipərəst ölkələrin dərs çıxarması vacibdir.

Nəzrin ELDARQIZI,

"Respublika".