Vladislav Kanevski: Ukrayna ilə Azərbaycan arasında dostluq səmimidir
MÜSAHİBƏLƏR

Vladislav Kanevski: Ukrayna ilə Azərbaycan arasında dostluq səmimidir

Bakı hava limanından növbəti humanitar yardım göndərilir. Bu, "Silkway" şirkəti tərəfindən həyata keçirilən 10-cu yubiley uçuşudur. Bu aylar ərzində Ukraynanın müxtəlif regionlardan olan on minlərlə vətəndaş Azərbaycandan gələn humanitar yardımdan istifadə edə bilib. Bu köməyə həqiqətən ehtiyacı olanlar var. Biz buna görə çox minnətdarıq.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ukraynaya humanitar yardımın göndərilməsi mərasimində jurnalistlərə açıqlamasında bildirib.

Səfir qeyd edib ki, bu gün əlamətdar gündür, çünki Ukraynaya göstərilən humanitar yardımın coğrafiyası genişlənir. "Bu yaxınlarda Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən yük göndərilib. Bu gün 100 tondan çox humanitar yük - uzunmüddətli saxlama dövrü olan ərzaq məhsulları göndərilir. Bu, təkcə iki ölkənin inzibati ərazi vahidləri arasında əlaqələrin genişlənməsindən deyil, həm də ölkələrimiz və xalqlarımız arasında dostluğun mövcudluğundan xəbər verir", - deyə V.Kanevski əlavə edib.

Ölkələrimiz arasında dostluğun səmimi olduğunu vurğulayan ukraynalı diplomat deyib: "Bu yardım formal deyil, ürəkdən gəlir. Məhz buna görə də qiymətlidir.

Ukrayna, Rusiya, Türkiyə və BMT arasında imzalanmış Ukrayna taxılının ixracına dair sazişə toxunan səfir qeyd edib ki, bu razılaşmanın əldə edilməsi çox böyük iş və səyin, o cümlədən BMT-nin Baş katibinin fəal iştirakı və Türkiyə tərəfinin vasitəçilik rolu nəticəsində baş verib.

"Bu sazişin məqsədi Ukraynanın üç limanından 20 milyon tondan çox kənd təsərrüfatı məhsulunun, taxılın blokdan çıxarılması və ixrac edilməsidir. Bu, Ukraynanın dünyada qlobal ərzaq böhranının qarşısının alınmasına töhfəsi olacaq. Ukrayna artıq öz öhdəliklərini qismən yerinə yetirib. Avqustun 1-də Ukrayna 26 min ton qarğıdalı dolu gəmini Livana göndərib. Bu əməkdaşlığın səmərəli və davamlı olacağına ümid edirik. Biz həm də tərəfdaşlarımıza - Birləşmiş Millətlər Təşkilatına, Türkiyəyə inanırıq", - deyə Vladislav Kanevski yekunda bildirib.

AZƏRTAC