Vətənlə döyünən ürək
Region

Vətənlə döyünən ürək

Lerik rayonunun Buruq kəndində dünyaya göz açan Elnur Cəlal oğlu Dadiyevi Vətən, torpaq sevgisi 22 yaşında şəhidlik zirvəsinə ucaldıb. 44 günlük haqq savaşımızda son nəfəsinə qədər düşmənlə əsl qəhrəman kimi döyüşən dağlar qartalının ömür yolu qısa olsa da, gələcək nəsillərimiz üçün bir tarix yazıb qoyub. Bu ad özündə Vətəninə, dövlətinə, xalqına məhəbbət hissi yaşatmaqla, milyonlarla insanın yaddaşından heç zaman silinməz. Dövlət tərəfindən ölümündən sonra layiq görüldüyü "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları Elnurun ağır müharibə meydanında göstərdiyi misilsiz şücaətindən danışır.

El-oba, rayon rəsmiləri, eləcə də Lerik Rayon İcra Hakimiyyəti Vətən müharibəsi və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rahib Şiriyev adət üzrə Elnurun doğum günündə doğma Buruq kəndində məzarı başında xatirəsini yad ediblər.

Daha sonra şöbə müdiri Rahib Şiriyev çıxışında deyib: - Vətənini canından artıq sevənlər çətin məqamda sinəsini ona sipər etməyi bacarırlar. Lerikin mərd oğlu ölməz qəhrəmanımız 2016-cı il avqustun 14-də həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi başlananda könüllü olaraq orduya yazılan Elnurun döyüş yolu Füzulidən keçib. Odlu-alovlu səngərlərdə mərdliyi, qəhrəmanlığı onunla çiyin-çiyinə vuruşan əsgərlərə nümunə olub. Ölüm-dirim savaşlarında çoxlu sayda erməni dığasını məhv edən igid döyüşçü Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlib, Vətənlə döyünən ürəyi əbədi olaraq dayanıb. Və bu şəhidliyi onu Azərbaycan xalqının iftixarına, qüruruna çevirib.

Zəfər.