Laçın melioratorlarının suvarma qayğıları
Region

Laçın melioratorlarının suvarma qayğıları

Avqust ayının sonu - sentyabrın ilk günlərində Laçın şəhəri respublika rəhbərliyinin uğurlu xarici siyasəti nəticəsində diplomatik yolla azad olunaraq Azərbaycanın idarəçiliyinə qaytarıldı, işğalçı ermənilərin son tör-töküntüləri də bu rayonun kəndlərindən qovuldu. Hazırda işğaldan azad edilmiş bölgələrdə geniş meliorativ tədbirlər həyata keçirilir. Amma ərazilər minalardan tam təmizlənib qurtarmadığından keçmiş köçkünləri bura qaytarmaq hələ ki, mümkün olmur.

Ona görə də biz keçmiş laçınlı köçkünlərin əsas məskunlaşdığı Ağcabədidən söhbət açacağıq. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, 1990-cı illərin əvvəllərində Ağcabədi rayonu ərazisində yaradılan Laçın Suvarma Sistemləri İdarəsinin əsas vəzifə və funksiyası bu rayonda olan əkin sahələrini suvarma suyu ilə təmin etməkdir. Bu məqsədlə idarə tərəfindən hər il mütəmadi olaraq meliorativ tədbirlər davam edir. Rayonun ümumi ərazisi 31619 hektar, suvarmaya yararlı sahələr isə 18510 hektardır. Ondan 12600 hektarında kənd təsərrüfatı əkinlərindən istifadə olunur. Relyefi müxtəlif olan rayon Qarqarçay və Kür çayları əhatəsindədir. Suvarma suyu öz axımı ilə Qarabağ-Laçın-Qayğı kanalından və mexaniki üsulla Kür çayından qaldırılaraq əkin sahələrinə verilir. Suyun maneəsiz axınını təmin etmək üçün idarənin maşın-mexanizmləri ilə kanallarda mütəmadi olaraq lildəntəmizləmə işləri aparılır.

Laçın Suvarma Sitemləri İdarəsinin balansında kollektor-dren şəbəkələri də mövcuddur. İlkin suyığıcı kanallar 10 kilometə yaxın, qapalı drenlər isə 10 kilometrdən uzundur. Ümumilikdə rayon üzrə suvarma kanallarının uzunluğu 349 kilometrdir. Bundan beton kanallar 18,7 kilometr, boru kəməri 4 kilometr, torpaq kanallar isə 326 kilometrdir. Suvarma kanalları üzərində 125 ədəd hidrotexniki qurğu, 89 ədəd suayrıcılar mövcuddur.

N.CAVADOV,

"Respublika".