Vətənə sipər, düşmənə qənim oğullar
Region

Vətənə sipər, düşmənə qənim oğullar

Vətənin qorxmaz, cəsur övladları İkinci Qarabağ müharibəsində Azərbaycanın hərb tarixinə qəhrəmanlıq salnaməsi yazmaqla 30 il düşmən tapdağında olan torpaqlarımızı canları bahasına 44 günə azad etdilər. Vətənə sipər, düşmənə qənim kəsilən bu qeyrətli igidlərdən biri də 21 il bundan əvvəl Lənkəranın Osakücə kəndində dünyaya göz açmış Mehdi Sübhi oğlu Qənbərlidir.

Mehdidə daşına, torpağına bağlandığı doğma Azərbaycana qarşı ilahi bir məhəbbət vardı. O, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda əlinə silah alıb düşmənə qarşı vuruşur. Erməni faşistləri ilə mübarizədə rəşadətli döyüş yolu keçir. Hər dəfə işğaldan azad olunmuş torpaqlarda dalğalanan Azərbycan bayrağını görəndə sevinci bir dünya olur. İgid əsgər Füzulinin Horadiz kəndi istiqamətində düşmən həmləsinin qarşısını alarkən əbədiyyətə qovuşur. Şərəfli ölümü ilə özünə ürəklərdə əzəmətli abidə ucaldan şəhid Mehdi Qənbərlinin qəhrəmanlığı dövlət tərəfindən "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülür.

Lənkəran camaatı, rayon rəhbərliyi xalqın iftixar mənbəyi, qürur yeri olan şəhid Mehdi Qənbərlinin anım günündə kənd qəbiristanlığını ziyarət etdilər. Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov bildirdi ki, xalqımıza şanlı zəfəri yaşadan şəhidlərin xatirəsini ehtiramla anmaq, onların ailələrinə, valideynlərinə hörmət, qayğı göstərmək hər birimizin mənəvi borcudur. Şəhidlər müqəddəs amal, ali məqsəd, xoşbəxt gələcəyimiz naminə canlarından keçiblər. Odur ki, onlar cismən aramızdan getsələr də, hər birimizin ürəyindədirlər.

Adı leriklilərin dilindən düşməyən Sadiq Nadir oğlu Rəhimov da Vətən müharibəsi şəhididir. Dağlar diyarının Veri-Əliabadı kəndində anadan olmuş elin qəhrəman oğlu könüllü müharibəyə qatılır. Haqq savaşımız başlanan gündən cəsarətlə atıldığı hər döyüşün önündə gedir, əli silahlı əsgər yoldaşlarını qələbəyə doğru aparır. Füzulinin, Xocavəndin azadlığı uğrunda xüsusi qəhrəmanlıq göstərir. Düşmənə savaş boyu sarsıdıcı zərbələr vuran, xeyli sayda erməni dığasını məhv edən qəhrəman Sadiq qələbənin bir addımlığında, 23 yaşında ömrünü canından artıq sevdiyi Vətənə bağışlayır.

Şəhidin anım günündə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Ə.Abbasov, minlərlə rayon sakini onun məzarını ziyarət etdi.

Azərbaycan Prezidentinin sərəncamı ilə Sadiq Rəhimov müharibə zamanı göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 Zəfər ORUCOĞLU.