Vətəndaşlara əlillik dərəcələrinin verilməsi prosedurunu saxtalaşdıran komissiya üzvlərinin qanunsuz əməlləri ifşa olunub
Digər xəbərlər

Vətəndaşlara əlillik dərəcələrinin verilməsi prosedurunu saxtalaşdıran komissiya üzvlərinin qanunsuz əməlləri ifşa olunub

Ötən il ərzində müxtəlif tibb müəssisələrinin həkim məsləhət komissiyalarının üzvləri tərəfindən ayrı-ayrı şəxslərə müvafiq əlillik dərəcələrinin verilməsi məqsədilə təyin olunmuş diaqnozların saxtalaşdırılması faktları əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işlərinin ibtidai istintaqı yekunlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin işlər üzrə aparılmış istintaqla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" Publik Hüquqi Şəxsin 15 saylı şəhər poliklinikasının həkim məsləhət komissiyasının üzvləri Mehparə Məmmədovanın və Könül Sultanovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək fəaliyyət göstərdikləri komissiyaya müraciət etmiş şəxslərə əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədilə onların xəstəlikləri barədə məlumatları bilərəkdən ağırlaşdırıb təhrif edilmiş formada rəsmi elektron informasiya resursuna daxil etmələrinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən olunub. Hər iki vəzifəli şəxs Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Cinayət işləri aidiyyəti üzrə məhkəməyə göndərilib.

AZƏRTAC