Vətən sağ olsun!
Sosial həyat

Vətən sağ olsun!

Bu fotoya diqqətlə baxdıqda insana nələr demir... Bir atanın oğlunu Vətən müharibəsinə yola saldığı son görüş. Oğulun üzündən sevinc yağır, ata isə sanki kədər içindədir. Ürəyinə sanki dammış kimi, bəlkə də son görüşdür.

Həyatda hər bir kəsin alın yazısı var. Bu alın yazısından heç kim qaça bilməz. Uzun illərdir ki, ölkəmizdə vətənpərvərlik mövzusu geniş təbliğ olunur. Qəzetimiz də bu yöndə daim materiallar dərc edir. Bu da heç də səbəbsiz deyil. Milli Qəhrəman Mübariz İbrahimovun 2010-cu ildə şəhidlik zirvəsinə yüksələrək bütün türk dünyasına səs salması ilə sanki bu daha da gücləndi.

Hər şəhid yazısı hazırlayanda, keçdikləri həyat və döyüş yolu ilə tanış olanda müxtəlif cür həyatları ilə qarşılaşıram. Kimi nişanlı, kimi yenicə ailə həyatı qurmuş, övlad yolu gözləyən, kimi də ailənin yeganə övladı. Talelər müxtəlifdir. Hətta bir ailədən iki qardaşın şəhid olduqlarının da şahidiyik. Vətən sağ olsun!

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim kişi son görüşünü belə xatırlayır: "Şəhid olmamışdan bir neçə gün əvvəl evə gəldi. Hamımızla, qohum-əqrəba ilə, müəllimləri, dost-tanışı ilə halallaşıb, sağollaşdı. Sən demə, bu bizim son görüşümüz imiş. Bir neçə gündən sonra şəhidlik zirvəsinə yüksəldi. Mənə dedilər ki, başını dik tut, oğlun Vətən yolunda fəda olub. Göz yaşlarımı bircə anlığa boğa bilməsəm də, nə özümü itirdim, nə də sındım! Başımı dik tutub, "Vətən sağ olsun" dedim. Mən onu saxlaya bilmədim seçdiyi yoldan! Kimsə də saxlaya bilməzdi, kəlməsi Vətən idi".

Şəhid Elçin Ağayevin atası Zakir Ağayev: "2020-ci il sentyabrın 26-da həyat yoldaşının doğum günü idi, gəlib ona hədiyyə verib, uşaqları ilə görüşüb, sonra döyüşə yollanıb. Ancaq döyüşə getdiyini ailəsinə söyləməyib. Elçin Vətən müharibəsi zamanı Talış kəndinin, Suqovuşanın və Laçının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Oğlumla qürur duyuram. Şəhidlik zirvəsi hər adama qismət olmur. Bu ad mənim oğluma qismət olub. O, düşmənin üzərində qələbə çalmağımızı və murdar düşmənin torpaqlarımızdan qovulmasını arzulayırdı. Özü dünyadan köçdü. 3 körpəsi - Zakir, qızı Nigar və üzünü görmədiyi körpə qız balası Şuşa bizə əmanət qaldı. Ən böyük arzusu Şuşanı görmək idi. Qismət olmadı. Biz də oğlum şəhid olandan 58 gün sonra dünaya gələn qızına Şuşa adını verdik".

Şəhid Məhəmməd Şəbiyevin nişanlısı Zinyət Pənahova: "Məhəmmədlə sonuncu telefon söhbətimiz 2020-ci il oktyabrın 4-də olub. Dedi, indi danışa bilmirəm. Sən demə, şiddətli döyüşlər gedirmiş. Həmin gün saat 15:30 radələrində şəhidlik zirvəsinə ucalıb. Onun mənə bağışladığı saat elə 15:30-da da dayandı".

Şəhid anası Natella Abbasovanın xatirələri: "Vahidin hamı ilə münasibəti xoş idi. Son dəfə oktyabrın 20-də telefon danışığımız oldu. Həmin gün özümü çox pis hiss edirdim. Özümə heç cür yer tapa bilmirdim. Fikrim bütün günü onun yanında idi. Atası ilə danışanda: "Özünüzdən müğayat olun, hər şey yaxşıdır", - deyirdi. İstədiyi qız var idi. Mənə dedi ki, "Ana, hazır ol, gələndə elçi gedəcəyik". Vahiddən mənə bir qolbağı xatirə qalıb. Onu mənə verən gündən qolumdan çıxarmıram".

Şəhid Kamil Şıxmuradovanın anası Sürəyya xanımın oğlu haqqında xatirələrindən: "Kamil çox istiqanlı olub. Bir dəfə də olsun heç kimə acıqlanmadı, səsini qaldırmadı, xətrinə dəymədi. Gülərüz, xoşxasiyyət idi. Uzaqda olmağına baxmayaraq, ailəsinə, uşaqlarına çox bağlı idi. Hər gün danışırdı, hal-əhval tuturdu. Artıq müharibənin qızğın vaxtında, əlbəttə ki, hər gün danışmaq mümkün deyildi. Çox narahat olurdular. Sonuncu gün dəfələrlə zəng vurdular, nömrəsinə zəng çatmadı. Elə ümidli idilər ki, zənglərdən birində şəbəkə tutar, danışarlar. İndi yanımdadırlar. Son görüşə gedəndə oğlunu da aparmışdıq. Uşaq baxdı-baxdı ona, dedi ki, ata, mən də hərbi forma istəyirəm. Atam kimi olmaq istəyirəm. O da elə Beyləqanda onun üçün hərbi geyim sifariş etdi. Özünə qismət olmadı, təəssüf ki. Gətirib geyindirə bilmədi, görə bilmədi balasını həmin o formada. Dostları sağ olsun, götürüb gətirdilər, uşağa geyindirdilər. Əminəm ki, o gördü, o hiss etdi bunu, ruhu şaddır".

Şəhidlər qürur yerimiz, tariximiz və qələbəmizi yazan vətən oğullarıdır. Vətən sağ olsun, - deyib balasını torpağa əmanət edən ata və analar belə övladlar böyüdüb, ərsəyə gətiriblər. Şəhidliyi özlərinə ömür payı biçən bu cür Vətən oğullarının döyüş yolu, göstərdikləri şücaət isə hər bir gəncə örnəkdir.

M.CƏFƏROV,

"Respublika".