Vətən müharibəsi dünya media müstəvisində
Siyasət

Vətən müharibəsi dünya media müstəvisində

"Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm... Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı "Allaha şükür" deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək". Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Dövlət Bayrağını ucaldarkən çıxışında belə deyib.

Bəli, Vətən müharibəsi tarixə dönüb. Bizə qələbə sevincini yaşadan o tarix uzaqlaşdıqca dəyəri daha da artır. Dünyanın diqqətini çəkən, hələ də müzakirə mövzusu olan 44 günlük Zəfər salnaməsi müxtəlif aspektlərdən təhlil edilir.

44 günlük müharibə dövründə dövlət qurumları, xüsusən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi informasiya işlərini peşəkarlıqla, operativ şəkildə qurdu, düşmən tərəfindən yayılmış fikir və məlumatlara dərhal reaksiya verdi, hər hansı ideoloji təxribatın cavabsız qalması üçün Ermənistana şans buraxmadı. Bu isə milli medianın informasiya ilə silahlandırılmasında mühüm rol oynadı. Azərbaycan mediası bunun fonunda rəsmi mənbələrə istinad etməklə müharibə dövründə informasiya təxribatlarının qarşısının alınmasını təmin edə bildi. Nəticədə xarici medianın da Azərbaycan mediasına istinad etdiyinin şahidi olduq.

Azərbaycan jurnalistikası müharibə dövründə Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında səfərbər oldu, mütəşəkkil çıxışlar etdi. Ordumuz, diplomatiyamız kimi, kütləvi informasiya vasitələrimiz də torpaqların işğaldan azad edilməsi uğrunda elan edilən səfərbərliyə adekvat yanaşma ortaya qoydu. İstər yerli, istərsə də beynəlxalq ictimaiyyətə doğru, düzgün məlumatlar çatdırmaqla, qələbənin əldə edilməsinə töhfələr verdi. Milli media təmsilçiləri Vətən müharibəsində təkcə qələmlə deyil, həm də odlu silahla vuruşdu. Təqribən 30 nəfər jurnalist ehtiyatda olan zabit və digər kateqoriyalar qismində səfərbərlik proqramına cəlb edilərək cəbhə xəttinə göndərilmişdi...

Onu da qeyd edək ki, 44 günlük müharibə dünya mediasının diqqət mərkəzində oldu. Müharibədən sonra peşəkar media qurumlarında, onlayn informasiya resurslarında yayımlanan həcmli məqalələrin axtarılıb üzə çıxarılması istiqamətində də iş aparılıb. Axtarışlar nəticəsində bəlli olub ki, 44 gün ərzində təqribən 189 transsərhəd media qurumu (Azərbaycan və Ermənistandan başqa) bu mövzunu işıqlandırıb, müharibəni müxtəlif kontekstlərdən şərh edib. Yayımlanan məqalə və reportajların sayı isə 600-dən çox olub. Bloq və sosial şəbəkə platformalarında yayımlanan informasiyaların sayı isə 10 minlərlə ölçülür. Bu rəqəmlər onu göstərir ki, 44 günlük müharibə dünyaca məşhur media qurumlarının diqqətində olmuş, onu günün mövzusu kimi aktual saxlamışdır.

Məlumdur ki, media auditoriya zövqünə, tirajlarına, etibarlılıq səviyyələrinə görə fərqlidir. Bu baxımdan, 44 günlük Vətən müharibəsini işıqlandıran həmin 189 media qurumunun kəmiyyəti ilə yanaşı, keyfiyyəti də diqqət çəkir. O da qeyd edilməlidir ki, dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərib müharibə mövzusunu işıqlandıran medianın bir qismi lokal səviyyədədirsə, digər qismi transmilli statuslu, dünya ictimai fikrində yer tutmuş qurumlardır.

Məsələn, BBC, CNN, Deutsche Welle  (DW), Washington Post, The New York Times, France 24, Reuters, The Guardian, Bloomberg, əl-Cəzirə, Euronews TV, TRT World, Russia Today və digər məşhur, qlobal ictimai rəy yaradıcıları olan transmilli media qurumları mövzunu gündəmdə saxlamış və mövzuya bir neçə dəfə dönüş etmişdilər.

Təbii ki, mövzuya yanaşma da müxtəlif olmuşdur. Bu baxımdan, yanaşmaların da 2 qrup üzrə təsnifatı aparılır: hadisələrə informativ yanaşan, münaqişə barədə obyektiv, qərəzsiz informasiya yayanlar. Münaqişədə tərəf saxlayan, qeyri-obyektiv, qərəzli davrananlar. Maraqlı burasıdır ki, qeyri-obyektiv, qərəzli mövqe tutan media qurumları elə öz həmkarları tərəfindən də tənqid olunurdular. Avropa multimedia xəbər portalı "Euroreporter" Qərb mediasının Qarabağ konflikti haqda yanlış məlumatlar verməsilə bağlı məqalə yayımlamışdı. Araşdırmanın müəllifi Phillipe Jeune yazısında Qərb mətbuatının müasir dövrdə balanslı və obyektiv olmamasının sual doğurduğunu bildirmiş, göstərmişdir ki, açıq şəkildə tərəfkeş mövqe nümayiş etdirən BBC 30 sentyabrda verdiyi xəbərdə bildirir ki, müharibə başlamazdan əvvəl Türkiyənin nəzarətində olan Suriya ərazilərindən yüzlərlə muzdlu Qarabağa gəlmişdir. Ancaq döyüşçülərin birindən "messenger" vasitəsilə alınan xəbərin doğruluğuna əmin olmadıqları vurğulanmışdır. Yazıda "France 24" kanalının Observer proqramında Suriya döyüşçülərinin Azərbaycan tərəfindən döyüşmələri ilə bağlı ermənilərin "Teleqram" kanallarından götürülmüş videoçarxlar nümayiş etdirməsi də qeyd edilmişdir. Sonra məlum olmuşdur ki, çarxlarda göstərilən ərəblərin görüntüsü Suriya üzrə amerkan ekspertlər Lindi Snell və Elizabet Tsurkovun tvitlərindən götürülüb və onların paylaşdığı videoların geolakasiyaları Ermənistan Respublikasının ərazisi ilə bağlı olub. "Euroreporter" məqalədə Ermənistan silahlı qüvvələrinin təcavüzkar hərəkətlərinə, dinc azərbaycanlıların Gəncə, Tərtər və Bərdədə öldürülməsinə dünya mediasının biganə qaldığını da qeyd etmişdir.

Mövzunun işıqlandırılmasında ən radikal mövqeyi "Reuters" informasiya agentliyi tutmuşdur. Reuters xəbərlərində Dağlıq Qarabağı Azərbaycandan ayrı tərəf kimi təqdim etmiş, onun separatçılarının Azərbaycanla döyüşdüyünü vurğulamışdır. Məsələn, sentyabrın 28-də "Qarabağ Azəri qüvvələri ilə döyüşlərdə öldürülən daha 28 əsgərinin olduğunu söyləyir", oktyabrın 2-də "Dağlıq Qarabağ müdafiə nazirliyi daha 54 hərbi itki haqqında xəbər verir", oktyabrın 14-də "Azərbaycan Prezidenti Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatları davam etdirdiyini söylədi", "Ermənistanın baş naziri Paşinyan deyir ki, Azərbaycanın bütün Dağlıq Qarabağı işğal etmək fikri var" başlıqlı xəbərlər buna sübutdur.

"The New Times" qəzetində isə araşdırma yazılarında hər iki tərəfin mövqeyi bildirilməklə, müəyyən məqamlar açıqlanmaqla nisbətən obyektiv yanaşma ortaya qoyulub. Associated Press əsasən Ermənistanın mövqeyindən çıxış etmişdir. Təəssüflər olsun ki, o dövrdə Rusiyanın kütləvi informasiya vasitələrinin əksəriyyəti (Rusiya 24, Rusiya 1, Rusiya bu gün, RBK kanalları, War Gonzo layihəsi) münaqişə ilə bağlı qeyri-obyektiv mövqe nümayiş etdirmişdi. Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında Türkiyə kütləvi informasiya vasitələrinin rolu isə danılmazdır.

Beləliklə, deyə bilərik ki, Vətən müharibəsi dövründə Qarabağ münaqişəsi ətrafında informasiya manipulyasiyaları, yanlış stereotiplərin aradan qaldırılmasında yerli və beynəlxalq media müəyyən rol oynadı. Mövzuya hər kəs, hər media qurumu öz baxış bucağından yanaşdı. Təəssüf ki, dünya mediasında təzadlı yanaşma bu gün də davam edir.

Zümrüd QURBANQIZI,

"Respublika".