Qəlblərdə yaşayan igid
Sosial həyat

Qəlblərdə yaşayan igid

Vətən müharibəsinin şəhid giziri Azayev Sadiq Xubyar oğlu Quba rayonunun Qonaqkənd qəsəbəsində 11 avqust 1992-ci ildə dünyaya göz açıb.

Atasını vaxtsız itirib. Üç bacının bir qardaşı olub Sadiq. 1998-2009-cu illərdə A.Aslanov adına Qonaqkənd qəsəbə tam orta məktəbində təhsil alıb. 2010-cu ildə hərbi xidmətə yollanıb. 2016-cı ildə orduda gizir rütbəsində çalışmağa başlayıb. Beyləqan rayonu Haramı düzündə 3 ildən çox xidmət edib. Vətən müharibəsinə komandir kimi qatılıb. 2020-ci il oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb. Silahdaşlarının sözlərinə görə, Sadiq onları mühasirədən çıxarıb, özü isə şəhid olub. Sadiq Azayev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Döyüşdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Azərbaycan Ordusunun giziri Sadiq Azayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Bacısı Mələk: "O sıradan, yaşıdları kimi uşaqlıq yaşamayıb. Onu axtaranda atın belində meşədə tapırdıq. Gözündə heç vaxt qorxu olmayıb. Uşaqlıqdan mərd böyümüşdü. Bununla yanaşı, çox da səmimi idi. Hansı evə yad girsə, o evdən doğma çıxardı. Dostcanlı, zarafatcıl idi. Məktəbi yaxşı oxumasa da, həyatı elə gözəl öyrənmişdi ki... Hər bir şeylə maraqlanırdı. Müharibə zamanı fikri bizdə qalar, kövrələrik deyə əlaqə yaratmırdı. Təkcə bibim oğlu ilə əlaqə saxlayırdı. Son danışığında deyib ki, mən ya neytralda, ya da düşmən səngərində şəhid olacam. İmkan vermərəm ki, düşmən bizim səngərə yaxınlaşsın. Dediyi kimi də oldu. Çox şücaətlər göstərib. Yaxınlıqdakı postu düşmən mühasirəyə alıb. O, təkbaşına oradakıların köməyinə yetişib. Ona deyiblər ki, getmə, vəziyyət çox pisdir. 20-dən çox əsgəri ölümdən qurtarıb. Özü isə şəhid olub".

Sadiqin həyatını xilas etdiyi silahdaşlarından biri deyir: "Mən yaralananda Sadiq başımın üstə durub. Onun səyi nəticəsində yardım gəldi, məni çıxardılar. Heç vaxt yadımdan çıxmaz. Sadiq gəlməsə, bizi minamyotla vuracaqdılar və heç birimiz sağ qalmayacaqdıq".

Sadiq minamyotçu ermənini və daha bir neçəsini vurub. Özü isə üzbəüz döyüşdə, neytral zonada 6 metrlik məsafədən başından güllə yarası alıb. Bunlar onun döyüş yolunun sadəcə cüzi hissəsidir. Hamı deyir ki, Sadiq əvəzolunmaz insan idi. Döyüş yoldaşlarına, əsgərlərinə qarşı həssaslığı hər kəsdə olan xüsusiyyət deyil. Əsgərləri şəhid olmasın deyə özünü sipər edib.

Qələbəyə qanları ilə imza atan şəhidlərimiz ömür boyu haqqında danışacağımız dastan yazdılar. Özlərini doğmalarının gələcəyi üçün fəda edən mübarizlərimiz, vətən sizi unutmayacaq!

M.CƏFƏROV,

"Respublika".