Ürəyimiz tarix yazan “Köhlən atlar”la bir döyünür
İdman

Ürəyimiz tarix yazan “Köhlən atlar”la bir döyünür

Həyatımın heç bir mərhələsində futbola marağım olmayıb. Ailəmdə də bu idman növü ilə maraqlanan olmadığından nə matç izləmişəm, nə də hansısa futbolçunu tanımışam. Amma bu tendensiya ötən ilin son günlərində, daha dəqiq desək, dekabrın 21-də dəyişdi. Həmin gün Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın "Qarabağ" və Bakının Mərkəzi Ordu İdman Klubunun komandaları qarşılaşdı. Xankəndi stadionu və "Qarabağ" klubu... Bu iki söz necə böyük tarixi hadisəyə şahidlik etdiyimizi göstərirdi. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oyuna baxmaq üçün stadiona gəlmələri də xüsusi əhəmiyyət kəsb edirdi. Bir jurnalist olaraq dövlət başçımızın nitqini dinləmək üçün televizorun qarşısına keçdim. Ölkə rəhbəri çıxışında bildirdi ki, bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Zəfər Azərbaycan xalqının və dövlətinindir! Qarabağ-Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.

"Əziz dostlar, dörd il bundan əvvəl bu stadionda bəziləri "Qarabağ Ermənistandır və nöqtə" demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır! İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl - İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq!".

Bu nitqdən sonra anladım ki, futbol təkcə bir neçə nəfərin bir top arxasında qaçması deyil. Onun pərdəarxasında güclü siyasət, diplomatik məharət dayanır. Ona görə də matçı sonadək izlədim və maraqlı mübarizə şəraitində keçən görüş "Qarabağ" komandasının 1:0 hesablı qələbəsi ilə başa çatdı. Düzü, mənim də könlümün qalibi bu komanda idi. Çünki artıq anlamışdım ki, "Qarabağ" sadəcə bir futbol klubu deyil, xalqın birliyinin rəmzidir. Bu səbəbdən, baş məşqçi Qurban Qurbanovun təlimatları ilə meydana çıxan "Köhlən atlar"ın hər oyununu izləməyə başladım.

Fevralın 22-də UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirildi. Turnirdə Azərbaycanı təmsil edən "Qarabağ" Bakıda Portuqaliyanın "Braqa" klubunu qəbul etdi. Matçdan öncə belə şərh edilirdi ki, bu oyun Azərbaycan futbol tarixinə düşə bilər. Ağdam klubu mərhələ adlasa, ölkəmiz adına ilk olacaq. Ona görə də saat 21:45-də başlayan qarşılaşmanı qaçıra bilməzdim. Həmin an sosial şəbəkə hesablarıma baxanda gördüm ki, minlərlə azərbaycanlı həyəcanla matçın başlamasını gözləyir.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, "Qarabağ" azarkeşləri UEFA Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə cavab matçında mənalı xoreoqrafiya yaratdılar. Əvvəllər "Qarabağ"ın kapitanı və baş məşqçisi olan, daha sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Allahverdi Bağırovla Qurban Qurbanovun əl-ələ verdiyi xoreoqrafiyada "Ruhumuz şaddır" yazılmışdı.

Tofiq Bəhramov adına Respublika stadionunda belə duyğulu notlarla başlayan  görüşdə həyəcanlı anlar yaşandı. Beləliklə, "Qarabağ" Azərbaycan futbol tarixində avrokubokların səkkizdəbir finalına yüksələn ilk klub oldu. UEFA Avropa Liqası da "Qarabağ"ın turnirin 1/8 finalına vəsiqə qazanması münasibətilə paylaşım edərək bunu tarixi nailiyyət adlandırdı.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə Bakıdakı cavab oyunundan sonra təşkil olunan mətbuat konfransında tarixi nəticəni belə şərh etdi: "44 günlük müharibədən sonra hər gün Ali Baş Komandanımız bir olmağı, yumruq kimi möhkəm olmağı, iradəli xalq olmağı çıxışlarında deyir. Mən deyərdim ki, müharibədən sonra sanki daha da ürəkli olmuşam. Bu, mənə və kluba böyük motivasiya verir ki, bu sözlərdən istifadə edirəm. Bu gün bu xalqın layiqli komandası var idi meydanda... Başda ölkə başçısı olmaqla, veteranlarımızı, qazilərimizi, hamını təbrik edirəm. Hər birinizin sevincini görürdüm. Mən də sizinlə qürur duyurdum".

Səmimi hisslərin fonunda yazmağa söz tapmaq da çətindir. Amma bir şeyə tam inanıram. Birliyimiz, bərabərliyimiz və əzmimiz bizi daha böyük uğurlara aparacaq. "Qarabağ"ın uğurları sərhədi aşdıqca, ürəyimiz qürurdan dağa dönəcək. 30 il ərzində nisgildən, kədərdən ağlayan gözlərimiz ancaq qələbə sevinci ilə dolacaq. Bu xalq zəfərə layiqdir!

Jalə QASIMZADƏ,

"Respublika".