Ürəklərin əbədi mehmanı Səfəralı Qurban oğlu Məmmədov
Sosial həyat

Ürəklərin əbədi mehmanı Səfəralı Qurban oğlu Məmmədov

İndi bu ad Masallıda kiçikdən tutmuş böyüyə kimi, hamının dilində qəhrəmanlıq simvoluna dönüb. 29 yaşında Vətən yolunda canından keçən Səfəralı Məmmədov 1963- il oktyabr ayının 16-da Masallının Sərçuvar kəndində dünyaya göz açıb. Doğma kənddə orta məktəbi əla qiymətlərlə başa vuran elin sevimli oğlu 1981-ci ildə hərbi xidmətə çağırılıb.

İki il Minsk şəhərində qulluq etdikdən sonra ordudan tərxis olunur Krasnodar şəhərinə gedir. Burada həmyerlilərinin köməyi sayəsində Daxili İşlər Orqanlarında işə düzəlir. O, müəssisədənkənar mühafizə şöbəsində milis nəfəri kimi fəaliyyətə başlayır. Az müddətdə xüsusi bacarığı, insanlara qarşı səmimi davranışı, peşəsinə sədaqəti ona ad-san qazandırır. Nəticədə xidmətinin ilk ilində iki dəfə mükafat alır.

1988-ci ildə S.Məmmədovun səmərəli xidmətini nəzərə alaraq onu Bakı Xüsusi Orta Milis Məktəbinin (indiki Polis Akademiyası) qiyabi şöbəsində təhsil almağa göndərirlər. Məktəbi müvəffəqiyyətlə bitirib leytenant rütbəsi alır. Bundan sonra xidmətini davam etdirmək üçün qeyrətini, şərəfini hər yerdə yüksək tutduğu, adına can dediyi doğma Azərbaycana qayıdır.

S.Məmmədova Bakı Aeroportunda işləməyi təklif edirlər. O, inadla Qarabağın ən qaynar nöqtələrinə getmək istədiyini bildirir. Arzusu yerinə yetirilir Ağdam RDİŞ- post-patrul xidmətində vzvod komandiri kimi ilk gündən döyüş meydanına atılır. Keçirdiyi əməliyyatlar bir qayda olaraq hər dəfə uğurlu alınır. Bir sarışın olması, rus dilini səlis bilməsi onun təkbaşına ermənilərin arasına getməsinə şərait yaradırdı. Qəhrəman Vətən sevdalısı Fərruxda, Ağbulaq fermasında digər döyüş bölgələrində neçə-neçə ermənini girov götürmüşdü.

1992-ci il fevral ayının 16-da azğınlaşmış ermənilər Xocavənd rayonunun Qaradağlı kəndində görünməmiş vəhşiliklər törədir. Səfəralının başçılıq etdiyi dəstə hücuma keçib düşmənə sarsıdıcı zərbələr endirərək onun çoxlu sayda canlı qüvvəsini, hərbi texnikasını məhv edir. Ağır döyüşdə Səfəralı da düşmən gülləsinə tuş gəlir. Qəhrəmancasına həlak olub Vətən yolunda əbədiyyət adlı dünyasına qovuşur. Doğma kəndi Sərçuvar qəbiristanlığında dəfn edilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli Fərmanına əsasən Masallı elinin qartal balası ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülür. Həm göstərdiyi qəhrəmanlığı gələn nəsillərə örnək olsun deyə, Masallı şəhərindəki küçələrdən birinə təhsil aldığı Sərçuvar kənd orta məktəbinə onun adı verilir.

İndi 31 ildir ki, Vətənin qəhrəman oğlu cismən aramızdan gedib. Lakin o, mənən hər bir azərbaycanlının ürəyində yaşayır qərinələr keçdikcə belə olacaq. Masallı camaatı həmişə öz igid oğlunu böyük ehtiramla xatırlayır, onun yatdığı torpağı müqəddəs and yeri bilir.

 Masallı Tarix-Diyarşünaslıq Muzeyinin Masallı Dövlət Rəsm Qalereyasının əməkdaşları Sərçuvar kəndində Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü münasibətilə məzarına baş çəkib, önünə gül dəstələri düzüblər. Onlar Milli Qəhrəmanın anası ilə görüşüb ona ehtiramlarını ifadə ediblər.

Z.ORUCOĞLU.