Ümidlərin gerçəkləşməsi yeni arzulara rəvac verir
Sosial həyat

Ümidlərin gerçəkləşməsi yeni arzulara rəvac verir

Qüdrətli Azərbaycan dövləti tarixi ədalətsizliklə barışmadı, öz suverenliyi və ərazi bütövlüyünü tam bərpa edərək haqq işini döyüş meydanında və diplomatik masada bərpa etdi. Xalqımızın uzun müddət ərzində erməni vandalizmindən əziyyət çəkməsinə beynəlxalq ictimaiyyət səssiz qalsa da, ölkə başçısı, cənab Prezident İlham Əliyev tökülən göz yaşlarını, axıdılan qanları yerdə qoymadı, qisas alındı. Doğma yurdumuz düşmən tapdağından xilas edildi. Bu gün Qarabağın hər guşəsində bərpa-quruculuq işləri sürətlə aparılır.

Erməni işğalından xilas edilən torpaqlarımızdan biri də köksümüzdə sonməyən ocağımız, qəlbimizdə qaysaq bağlamayan Xocalıdır. Qan yaddaşımız Xocalı soyqırımı xalqımıza qarşı törədilən erməni faşizmidir. Tarixin ağrı-acılı, qanlı-qadalı səhnələrini yaşayan soydaşlarımızın üzləşdiyi faciənin unudulması mümkün deyil. Lakin doğma yurdumuzu azad, firavan və abad görmək başda xocalılılar olmaqla bütün soydaşlarımızı sevindirir. Yeri gəlmişkən, Xocalıya artıq köç başlayıb. Yerli sakinlər doğma yurdlarına qovuşublar. Mayın 28-də Xocalı şəhərinə gəlib çatan köç karvanındakı 20 ailə (81 nəfər) artıq öz evlərində yerləşdirilib. Həmin gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər. Onlara evlərin açarları təqdim edilib. Xocalılılar torpaqlarımızın işğaldan azad edilməsinə, onların doğma yurda qayıdışının təmin edilməsinə görə dövlətmizin başçısına minnətdarlıqlarını bildiriblər. Mayın 29-da isə Bakıdan yola salınan növbəti köç karvanında daha 24 ailə (88 nəfər) Xocalı şəhərinə çatıb. Hazırda şəhərə ümumilikdə, 44 ailə (169 nəfər) köçürülüb. Qeyd edək ki, köçürülmə prosesi davam edəcək.

Doğma Xocalıya köç edən sakinlərdən biri də Rahib Ağalarovdur. Sevincinin həddi-hüdudu olmayan soydaşımız həm Müstəqillik Gününü, həm də uzun illərdən sonra el-obasına qovuşmasını ikiqat bayram edir. Öz təəssüratlarını bölüşən Rahib kişi bildirdi ki, dədə-baba yurdumuzdan ayrı keçən uzun illərdən sonra Vətən həsrəti sona çatdı: "Keçmiş günləri unutmaq mümkün deyil. Lakin doğma el-obama qayıdan zaman istər-istəməz o günlərin hüznü qəlbimdə qövr etdi. Əfsuslar olsun ki, Xocalı soyqırımı zamanı mən də öz doğmalarımı itirdim. Anam və atam meşədə itkin düşdülər. Cəsədlərini belə tapmaq mümkün olmadı. İndi onlarsız bu torpaqlara qayıdıram. 2 qızım və həyat yoldaşımla bu sevinci paylaşsam da daxilimdə deyirəm ki, kaş valideynlərim də bu anları görə biləydi. Şəxsi avtomobilimlə Xocalıya yaxınlaşdığımı hiss etdikcə daha da həyəcanım artırdı. Şəhərin adı yazılan löhfəni gördüyüm zaman daha irəliləyə bilmədim. Sevinc göz yaşları arasında maşından enərək doğma torpağıma qayıtdığım üçün şükr etdim. Şükür Allaha ki, bu gün öz evimdə, yurdumda oturmuşam. Cənab Prezident İlham Əliyevə minnətdarıq. Hər bir soydaşımız kimi mən və ailəm ona duaçıyıq. Sağ olsun ki, bizə öz yurdumuzda gözəl şərait yaradıb. Evimizin rahatlığı üçün yüksək səviyyəli işlər görülüb".

Ərazi bütövlüyünü bərpa etmiş ölkəmizdə qeyd edilən Müstəqillik Günü xalqımızın yaddaşında Xocalıya köç növrağı kimi əlamətdar oldu. Qeyd edək ki, iki il əvvəl Zəngilan rayonunun Ağalı kəndinə, ötən il Laçına, bu il isə Xocalıya səfər edən ölkə başçımız həmin ərazilərə ilk köçün müjdəçisi olub. Xocalılar 32 il əvvəl didərgin düşdükləri torpağa sevinc hissləri ilə qayıdırlar. Həmin sakinlərdən biri də 37 yaşında faciəli gecədə öz doğma Xocalısından məcburi köçkün düşən Zümrüd Əliyevadır. Zümrüd xanıma ilk növbədə uzun ömür, can sağlığı arzu etdik. 69 yaşında ləyaqətli qayıdışın iştirakçılarından olan Xocalı sakini bildirdi ki, ona təqdim olunan ev işğaldan əvvəl də öz evi olub. Prezidentimizin göstərişi ilə Zümrüd xanımın doğma evi əsaslı şəkildə təmir olunub. İşğal dövründə burada yaşayan ermənilər 32 il boyunca heç bir təmir işləri görməyiblər. Ötən ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçı rejimin əlindən alınaraq öz tarixinə qaytarılan Xocalı cəmi 8 ay ərzində sözün əsl mənasında cənnətməkana çevrilib. Elə Zümrüd xanım da qeyd edir ki, Xocalı işğaldan azad olunandan sonra bütün keçmiş məcburi köçkünlər kimi, biz də qayıdış gününü gözləyirdik. Lakin öz evimə bu qədər tez qayıdacağım ağlıma gəlməzdi. Zümrüd xanım həmin dəhşətli gecədən danışarkən göz yaşlarına hakim ola bilmir, atasını, qohumlarını itirməsindən, qardaşının evinin yandırılmasından danışır. Lakin qürurunu itirməyən xocalılılar kimi o da Xocalıdan gözyaşları ilə çıxsa da, böyük sevinclə öz doğma torpaqlarına qayıdır. İstifadəyə yararlı olan evləri əsaslı şəkildə təmir edən Azərbaycan hökuməti məhz Zümrüd xanımın da isti yuvasını şölələndirib. 3 otaq, 12 kvadratmetr genişliyində dəhliz, yardımçı tikilinin də olduğu ev öz keçmiş halından daha yaxşı vəziyyətə salınıb. İllər əvvəl ermənilər tərəfindən qəsbkarlıqla, vandallıqla söndürülən ocaq bu gün Zümrüd xanımın oğullarını və nəvələrini öz isti ağuşuna alır. Sözsüz ki, keçmiş ağrıları, acıları unutmaq asan olmayacaq deyir Zümrüd xanım. Evdən hələ də atamın, qardaşlarımın səsini eşidirəm. Tək təsəllim oğlanlarım və nəvələrimdir.

Həmsöhbətimiz yaradılan şəraitə görə cənab Prezidentə və onun xanımına dərin təşəkkürünü bildirib. Ölkə başçımızın keçmiş məcburi köçkünlərlə hər görüşündə verdiyi ümidverici mesajlar Zümrüd Əliyevanı da illər boyu gözləməyə sövq edən əsas ümid işığı olub. Məhz 32 illik həsrətin bitməsi və sakinlərin öz yurdlarına ləyaqətli qayıdışı cənab İlham Əliyev Zəfərinin təntənəsidir.

59 yaşlı Ceyran Əzizova da Xocalıya qayıdışın bəxtəvərliyini yaşayan keçmiş məcburi köçkünlərdən biridir. Həmsöhbət olduğumuz Ceyran xanım bildirdi ki, artıq bir gecə Xocalıda qalmışam, buranın havasını udmaq, suyunu içmək mənim üçün çox gözəl hisslərdir: "32 il öncə ağrılı-acılı günlər yaşasaq da dövlət başçısının və hərbçilərimizin sayəsində yenidən doğma torpağıma qayıtmışam. Sözün açığı, hər zaman Xocalıya qayıdacağıma inansam da, bəzən ümidsiz olurdum. Amma Prezidentimiz bizimlə əvvəlki görüşlərində ümidsizliyə qapılmağımıza imkan vermədi. Bu yalnız böyük sərkərdələrə aid xüsusiyyətlərdir ki, o da bizim dövlət başçımızda var. Rəhbərimiz verdiyi sözü tutdu və artıq mən burada yaşayıram. Evimiz çox gözəl təmir olunub. 32 il öncə çıxdığımız evimizə geri qayıtmışam. 1992-ci ildə yaşadığımız faciələri tam unuda bilməsək də, Xocalıya qayıtmaq bizim üçün böyük təsəlli oldu".

Dövlət başçısının torpaqların işğaldan azad olunması istiqamətində yürütdüyü siyasətin və görülən işlərin uğuru bu gün öz torpaqlarına ləyaqətli şəkildə qayıdan keçmiş məcburi köçkünlərin həyatında Günəş kimi bərq vurur. Bərpa-quruculuq işlərinin dünyada görünməmiş sürətdə və miqyasda aparılması da məhz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Nəyi, nə zaman və necə edəcəyini bilən ölkə başçısı Azərbaycanın ən yeni və şanlı tarixini yazmağa davam edir. Bu tarix Böyük Qayıdışın təntənəsi ilə keçmiş məcburi köçkünlərin həyatını nura qərq edir, yeni arzulara qanad verir.

Musa BAĞIRLI,

Tacir SADIQOV,

Nurlan ABDALOV,

"Respublika".