ULU ÖNDƏRİN ŞAH ƏSƏRİ - MÜSTƏQİL AZƏRBAYCAN
Siyasət

ULU ÖNDƏRİN ŞAH ƏSƏRİ - MÜSTƏQİL AZƏRBAYCAN

Hər bir xalqın tarix səhifələrində qəhrəmana çevrilən şəxsiyyətlər vardır. Onlar öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca apararaq ən çətin dövrlərdən uğurla keçmişlər. Çoxəsrlik dövlətçilik tariximizdə ulu öndər Heydər Əliyevin öz yeri, öz dəst-xətti vardır. Dünya tarixinin nadir şəxsiyyətlərindən olan bu böyük insan sözün həqiqi mənasında təkcə öz xalqının deyil, bütün bəşəriyyətin tərəqqisi yönündə böyük xidmətlər göstərən bir dahi idi. Azərbaycanın 34 illik dövrü məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi olmuşdur. Tarixə xalqımızın ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan ölkəmiz üçün çox vacib olan bir sərvət - "azərbaycançılıq ideologiyası"nı yaratmışdır.

Heydər Əliyev ilk növbədə, ölkədə siyasi sabitliyin yaradılmasına böyük diqqət verirdi. Bu, respublikamızın inkişaf etdirilməsi, dövlət quruculuğu sahəsindəki islahatların həyata keçirilməsi üçün ilkin şərt idi. Heydər Əliyev hakimiyyətə gəlişi ilə gənc, müstəqil dövlətimizi demokratik inkişaf yoluna doğru istiqamətləndirdi. Qısa bir zaman kəsiyində dövlət quruculuğu sahəsində böyük irəliləyişlər əldə olundu. Demokratiyanın inkişaf etməsi ilə insan hüquq və azadlıqlarının qorunması, milli şüurun formalaşması sahəsində mühüm dəyişikliklər baş verdi. Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli liderin xarakterində və ictimai fəaliyyətində doğma xalqına olan bağlılıq hələ gənc yaşlarından özünü göstərirdi. Belə ki, Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu dahi insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində nəhəng bir ölkənin yükünü daşımışdır. Onun ölkə rəhbəri kimi gördüyü işlər xalqımızın yaddaşında daim qalacaqdır. Heydər Əliyev yalnız dövlətçilik sahəsində deyil, eləcə də dil, mədəniyyət, incəsənət sahəsində əvəzolunmaz xidmətlərə imza atmışdır. Respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyət daşıyan saraylar, öz əzəməti ilə şəhərə gözəllik verən yüzlərlə yaraşıqlı binalar, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, o cümlədən ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldıldı. Milli-mənəvi dəyərlərimizin, irsimizin qorunub saxlanmasında, daha da inkişaf etdirilməsindəki irəliləyişləri məhz Heydər Əliyevə borcluyuq. Elə buna görə də ulu öndərin hakimiyyətdə olduğu illərdə elm və təhsilin müxtəlif sahələrində böyük ziyalı ordusu yetişdi.

Mənsub olduğu xalq qarşısında göstərdiyi müstəsna xidmətlərdən biri də Azərbaycan dilini dövlət dili səviyyəsinə ucaldaraq ona layiqli qiymət verməsidir. Hər bir xalqın düşüncə tərzinin, mədəniyyətinin formalaşması üçün danışıq dili və yazı dilinin yüksək səviyyədə inkişaf etməsi vacib şərtlərdəndir. Bu danılmaz gerçəkliyi dərk edən Heydər Əliyev Azərbaycan üçün ölçüyəgəlməz bir yenilik etdi - bizə dilimizi qaytardı. Onun iradəsi, qətiyyəti, zəngin idarəçilik qabiliyyəti, Vətənin azadlığı və müstəqilliyi uğrunda apardığı gərgin mübarizə nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar olundu. Bu gün torpağına ayaq basdığımız Ana Vətənin müstəqilliyini, suverenliyini məhz ona borcluyuq.

Ölkə başçısı kimi fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev dövlət quruculuğu prosesini demokratik prinsiplər əsasında qurdu. Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük siyasətçi hüquqi dövlət modelini ilk Milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. 1995-ci il ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu və insan haqlarının təmin olunması dövlətin ali məqsədi kimi bəyan edildi. O, Azərbaycanı dünya dövlətləri arasında qürurla tanıtdıracağımız azad bir ölkəyə çevirdi. Və bu yolda gecə-gündüz çalışdı.

Anadan olmasının 100-cü il dönümünü qeyd etdiyimiz bu günlərdə xalqımızın xilaskarı, Müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevi qürur və ehtiramla yad edirik. Bugünkü Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir. Və bu əsərin dünyanın diqqət mərkəzində olmasına yüksək səy və əzmkarlıqla çalışan bir Prezidentimiz var. Sevindirici haldır ki, ulu öndərin siyasi kursunun layiqli davamçısı bu gün Azərbaycanı onun dəst-xəttilə dünyaya tanıdaraq, ölkəmizin milli mənafeyini hər şeydən üstün tutur.

XX əsr Azərbaycan xalqına müstəqilliklə bərabər, sevinc gətirən dahi şəxsiyyət bəxş etdi. Onun gəlişi xalqın sevinci idi. Azərbaycan xalqı bu əbədiyaşar dahi ilə qürur duyur. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və ölkə hüdudlarından kənarda belə hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. İllər keçəcək, zaman dəyişəcək, amma tarix fakt olaraq qalacaq, Heydər Əliyevin adını gələcək nəsillərimiz qürurla anacaq.

Mənalı həyatını öz xalqına bəxş etmiş ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Hələ neçə-neçə nəsil bu böyük məktəbdən, ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Heydər Əliyevin irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaq. Azərbaycan xalqı ulu öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da daha yüksək zirvələr fəth edəcəkdir.

Pərviz BABAYEV,

Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru,

I dərəcəli ədliyyə qulluqçusu.