Ulu Öndərin dühası parlaq qələbələrin təməlidir
Siyasət

Ulu Öndərin dühası parlaq qələbələrin təməlidir

Qüdrətli Azərbaycan dövlətinin tarixinin bütöv bir epoxası ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Ümummilli liderimiz müstəqil Azərbaycan dövlətçiliyinin siyasi-iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş şəxsiyyət kimi əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur. Bu gün Azərbaycanda sosial, iqtisadi, ictimai, mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın.

Heydər Əlirza oğlu Əliyev böyük vətəndaş, azərbaycanlı, siyasətçi, lider, ulu öndər, müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizin davamlı inkişaf strategiyasının müəllifi, milli iqtisadiyyatın əsaslarını yaratmış şəxsiyyətdir. Həyatını xalqının rifahına, Azərbaycanın inkişafına həsr etmiş şəxsiyyəti yaşadan ilk növbədə onun Vətəninə hədsiz sevgisi, xalqı və dövləti üçün atdığı cəsarətli addımlardır. Azərbaycanın çoxəsrlik mənəvi irsə sahib, qədim və eyni zamanda müasir, daim inkişaf edən bir diyar kimi tanıdılması məhz ümummilli liderin xidmətləri əsasında mümkün olmuşdur.

Ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik və balanslaşdırılmış xarici siyasət kursu nəticəsində Azərbaycan beynəlxalq arenada müstəqil dövlət kimi tanındı, çoxtərəfli, səmərəli xarici əlaqələr quruldu. Bu Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq və fədakarlıq salnaməsi idi. Xüsusi vurğulanmalıdır ki, ulu öndər Heydər Əliyevin ən ülvi arzularından biri doğma xalqını xoşbəxt, firavan görmək idi. Belə bir şəraitdə yaşamaq üçün isə ölkəmiz inkişaf edən, qüdrətli dövlətə çevrilməli idi. O, öz müdrikliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və dəyanəti ilə müstəqilliyimizi qorudu. Ulu öndərin bilavasitə rəhbərliyi ilə onun dühası, qətiyyətli siyasəti və dövlətçilik təcrübəsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin etibarlı əsasları yaradıldı.

Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi artım tempinə görə respublikamız son illər bütün dünyada lider mövqeyə yüksəlib. Bu gün ölkəmizdə davam edən geniş quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu öndərimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan edilmişdir. Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ilinin tamam olması şərəfinə ötən ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi hədsiz sevinclə qarşılanmışdır.

Ulu öndər Heydər Əliyevin dediyi, "Azərbaycan dünyaya Günəş kimi doğacaq" cümləsi özünü sübut etdi. Azərbaycan Respublikası Cənubi Qafqazda lider dövlətə çevrildi, dünya xəritəsində özünün layiqli yerini tuta bildi. Bu uğurun başlıca səbəbi XX əsrin siyasi xadimi, təkcə Azərbaycanın deyil, regionun və dünya ictimaiyyətinin inkşafına xidmət edən ulu öndərin tapşırığı ilə həyata keçirilən islahatlar olmuşdur. Ümummilli lider dövlətimizi beynəlxalq arenada tanıtdı, iqtisadiyyatımızın, hərbi uğurlarımızın əsasını qoydu, Azərbaycanımızı dünyanın önəmli seqmentinə çevirdi.

Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim uca tutmuşdur. Məhz xalqına bu məhəbbət dünyaşöhrətli siyasi xadimi ana vətəni Azərbaycana ikinci dəfə ölkə rəhbərliyinə qaytarmışdır. 1993-cü ilin keşməkəşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük və bənzərsiz şəxsiyyət Heydər Əliyev xalqın başının üstünü almış bütün bəlalardan millətini hifz edib qorudu, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkəni parçalanmaq təhlükəsindən xilas etməklə milli qurtuluşu təmin etdi. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. XX əsrin 60-cı illərinin sonunda başlayan Heydər Əliyevin idarəetmə siyasətinin başlıca istiqaməti, ideyası xalqın milli özünüifadəsinin vüsət alması, milli qürur hissinin güclənməsi və sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnir.

Müstəqil Azərbaycanın gələcək inkişafının yalnız hüquqi dövlət, demokratik və vətəndaş cəmiyyəti quruculuğu, azad sahibkarlıq və bazar iqtisadiyyatının formalaşdırılması nəticəsində mümkün olacağını yaxşı bilən müdrik dövlət xadimi ilk növbədə, bu münasibətləri tənzimləyən yeni qanunvericilik sisteminin, xüsusən də onun əsasını təşkil edəcək Əsas Qanunun - Konstitusiyanın hazırlanıb qəbul edilməsinə çox böyük önəm verirdi.

Bütün varlığı ilə Vətənə və xalqa bağlı olan böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Azərbaycanın bugünkü sürətli və irimiqyaslı inkişafının təməlini Heydər Əliyev yaradıb. Biz bu gün onun yaratdığı fundamental təməl üzərində ucalır, dünyanın inkişaf etmiş ölkələri sırasına çıxırıq.

Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, o, sürətli inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə idarə etməyə qadir olan layiqli davamçı hazırlamışdır. Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli, praqmatik lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla irəliləyir. Zəngin dövlətçilik məktəbindən dərs alan, təcrübəli diplomat, Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyada ən islahatçı dövlət başçılarından biri kimi qəbul edilir. Onun düşünülmüş siyasəti nəticəsində Azərbaycan dünyanı bürüyən maliyyə böhranı zamanı da ən az zərər çəkən ölkə olmuşdur. Sevindirici haldır ki, ümummilli liderimizin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir.

Dahi şəxsiyyətin ətrafında olan insanlar daim onun dühasından faydalanmaq istəyirdilər. Ulu öndərin hər bir kəlməsindən, fikrindən yararlanmağa daim can atırdılar. Mən də bu gün fəxarət hissi ilə yaşayıram ki, ulu öndərlə ünsiyyətdə olmaq şərəfinə nail olmuşam. Ulu öndər Heydər Əliyevlə ilk görüşüm həyatımın ən ülvi hisslərini yaşadığım an kimi hafizəmdə yer tutur.

1992-ci ilin noyabrında mən Naxçıvanda olan zaman ulu öndər muxtar respublikanın Ali Məclisinin Sədri idi. Naxçıvana gəldikdən bəri elə bir hiss yaranmışdı ki, Heydər Əliyevi görə biləcəm. Xatırladım ki, bundan cəmi 2 il öncə, 1990-cı ildə Azərbaycanda vəziyyət olduqca mürəkkəb idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Eyni zamanda həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar respublikada oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Bütün bunların qısa zaman kəsiyində baş verməsi hər bir azərbaycanlı kimi məni də heyrətləndirmişdi. Tale elə gətirdi ki, Naxçıvanda olan zaman ulu öndərin rəhbərliyi ilə Ali Məclisin iş fəaliyyətinə canlı şahid oldum. Bəli, Naxçıvan rəhbərliyində qaynar iş ahəngi davam edirdi. Heydər Əliyevlə görüşmək üçün bir müddət gözləməli olduq. Qeyd edim ki, həmin iclasda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qış mövsümünə hazırlıqla əlaqədər apardığı işlər müzakirə edilirdi. Ali Məclisin işçilərindən biri mənə bildirdi ki, bu cür iclaslar bəzən gecə saat 1-ə qədər davam edir. Amma budəfəki iclas bəxtimizdən axşam saat 11 radələrində yekunlaşdı.

Bir azdan fenomen şəxsiyyət bizi qəbul etdi. Əzəmətli duruşu ilə hər bir kəsdə qəribə hisslər yarada bilirdi. Ulu öndərin görüş zamanı məni tanıdığını bildirməsi olduqca böyük fəxr deməkdir. Çünki o zaman mən ali məktəbdə işləməklə yanaşı, Azərbaycan televiziyasının "Beynəlxalq verlişlər" redaksiyasının aparıcısı kimi də tanınırdım. Verlişlərimi bəyəndiyini, hətta onların hamısına baxdığını qeyd edən ulu öndər mənə olduqca böyük qürur hissi yaşatdı. Ağır iclaslar keçirsə də, yorğun görünməyən dahi şəxsiyyət həyat enerjisi ilə qaynayırdı. Lakin saat artıq gecə yarısına doğru irəliləyirdi. Söhbətimizin məcrası olduqca geniş idi, biz mümkün qədər Ulu Öndəri yormamağa çalışsaq da, dahi şəxsiyyətin iş əzmi, qarşısındakı insana yanaşması söhbətimizi bir xeyli uzatdı. Nəhayət ulu öndərin razılığı ilə söhbətimizin sabah davam etməsini qərarlaşdırdıq. Növbəti görüşümüz beynəlxalq və respublikada cərəyan edən hadisələr haqqında ətraflı fikir mübadiləsi aparmaqla yadda qaldı. Onun sözügedən məsələlər ətrafında məlumatlılığına və dəqiq təhlilinə bu gün də bir çox beyin mərkəzləri müraciət edirlər. Hər bir kəlməsinin mövcud dövrə və gələcəyə uyğunluğu onun dahiliyini bir daha sübut edir.

Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi artım tempinə görə respublikamız son illər dünyada lider mövqeyə yüksəlib. Ölkəmizdə davam edən geniş quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu öndərimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir. Dünya azərbaycanlılarının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin ən böyük şəxsiyyətlərdən biridir. Ulu öndər Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Ümumxalq məhəbbətini qazanmış ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Qabil HÜSEYNLİ,

politoloq.