Ukraynada Koreya modeli təhlükəsi yaşana bilər
Siyasət

Ukraynada Koreya modeli təhlükəsi yaşana bilər

XX əsrin ortalarında SSRİ imperiyasının tərkibində vahid xalq kimi faşizmə qarşı çiyin-çiyinə döyüşən Rusiya və Ukrayna artıq bir ildən çoxdur ki, müharibə aparır. Eyni kökdən gələn bu iki xalq hələ də barış yolunu tapa bilməyib. Əsas səbəb Qərbin bu müharibədə birbaşa tərəf olmasıdır. Uzun illərdir ki, kollektiv Qərb və Şərq (Rusiya) arasında gedən soyuq müharibənin Ukraynada aktiv fazaya keçməsi ABŞ-ın bəlkə də çoxillik planlarının bir parçası idi.

Müharibənin başladığı gündən etibarən Ukraynanı tam olaraq dəstəkləyən kollektiv Qərbin son zamanlar Rusiyanın bəzi maraqlarının diqqətə alınmasının tərəfdarı kimi çıxış etməsi artıq gündəmə gəlib. Belə ki, Qərbin artıq Rusiya ilə separat danışıqlara başlaması, eləcə də ABŞ və Avropa İttifaqının nümayəndələrinin Ukraynada sülh imkanlarını müzakirə etdiyi bildirilir. Belə olduğu təqdirdə isə Qərbin atdığı bu addım Ukraynaya xəyanət kimi qiymətləndirilə bilər. Çünki ABŞ və Avropa ölkələrinin əksəriyyəti Rusiyaya qarşı aparılan müharibədə sonuna qədər Ukrayna xalqının yanında olacağını bəyan etmişdi. Lakin indi minlərlə insanın həlak olduğu bir münaqişədə belə bir mövqe ortaya qoymaq Ukrayna üçün əsl fəlakət hesab oluna bilər. Əslində Ukrayna və Qərb arasında da zaman-zaman bəzi anlaşmazlıqların olduğu məlum idi. Zelenski hökumətinin ara-sıra ABŞ və Aİ-nin ünvanına sərt tənqidlər səsləndirməsi görünür ki, tərəflər arasında narazılıqlara gətirib çıxarıb. Bununla yanaşı, Qərbin Ukraynadan əlini çəkməsinin digər səbəbi də artıq bir neçə həftədir davam edən İsrail-HƏMAS arasında toqquşmalardır. Bəzi mütəxəssislər də öz növbəsində, Yaxın Şərqdə başlayan silahlı münaqişələrin ən çox Ukraynaya zərər vuracağını bildirmişdilər. İsrail-Həmas müharibəsinin başlaması ilə arxa planda qalan Ukrayna əvvəlki tək ictimai diqqəti özünə cəlb etmir. Bu da ABŞ üçün arzuolunan hal deyil.

Rusiya-Ukrayna savaşı həm də ABŞ-da prezidentliyə namizədlər arasında da bəzi ziddiyyətlər yaradıb. Bayden adminstrasiyasının əsas rəqiblərindən olan Respublikaçılar Partiyası Ukraynaya hərbi və maliyyə dəstəyinin bütünlüklə kəsilməsini tələb edirlər. Onlar bildiriblər ki, bu savaş ABŞ-ın maraqlarına ziddir və Ukraynaya maliyyə yardımı etməyə borclu deyil. Üstəlik, Ukraynanın apardığı əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticə verməməsi müharibənin uzanmasına gətirib çıxardı ki, bu da ABŞ və Aİ üçün də maliyyə böhranı yarada bilər. Rəsmi məlumatlara görə, Avropa Birliyi son bir il ərzində Ukrayna savaşına 85 milyard avro, ABŞ isə 146 milyard dollardan artıq dəstək verib. Ona görə də hadisələrin belə cərəyan etdiyi Ukraynada Koreya modelinin tətbiq olunması qaçılmaz ola bilər. Xatırladaq ki, 1905-ci ildə rus-yapon müharibəsindən sonra Koreya yarımadası Yaponiya protektaratına çevrilmişdi. 5 il sonra isə, 1910-cu ildə Yaponiyaya birləşdirildi. 1945-ci ildə Yaponiyanın İkinci Dünya müharibəsində məğlubiyyətindən sonra ABŞ və SSRİ ölkənin birgə idarə edilməsi haqqında müqavilə imzaladılar. Koreya yarımadasında meydana gələn Şimali Koreya Rusiyanın, Cənubi Koreya isə ABŞ-ın təsiri altında fəaliyyət göstərir.

Belə bir ssenarinin gerçəkləşməsi halında isə Ukraynanın itirdiyi ərazilər Rusiyaya, qalan digər ərazilər isə NATO-ya qatılacaq. Bölünmüş Ukraynaya digər bir zərbə də Polşadan gələ bilər. Belə ki, Polşa dövləti Duda Lvov, Ternopol, İvanovo-Frankovsk, Volın və Rovno adlanan və İkinci Dünya müharibəsi ərəfəsində Polesya, Galiçya və Volini adlarını daşıyan bölgələri geri ala bilmək üçün iddia irəli sürə bilər.

Beləliklə, Qərbin Ukraynanı Rusiya ilə müharibəyə təhrik etdikdən sonra onu çətin bir məqamda yalnız qoyması bir daha Avropanın əsl simasını bütün dünyaya göstərəcək. Bu gün xarabalığı xatırladan Ukraynanın bundan sonra özünə gəlməsinə uzun illər sərf olunacağı dəqiqdir. İkinci məsələ isə Ukraynada gedən müharibənin və Qərbin ona xəyanət etməsindən çoxları nümunə götürə bilər. Bu onu göstərir ki, hərbi potensialına və iqtisadi gücünə arxalanmadan aparılan müharibənin sonluğu həmin ölkənin parçalanmasına gətirib çıxarır. Artıq Avropa Birliyi ölkələri də anlayır ki, Rusiyaya qarşı sanksiyaları əks-effekt verir. Enerji resurslarının böyük bir hissəsini uzun illər Rusiyadan təmin edən “qoca qitə” bu sahədə olan ehtiyaclarını təmin etməsində olduqca çətin duruma düşüb. Ona görə də Rusiya ilə düşmənçilik münasibətlərinin uzun sürməsi Avropa üçün də təhlükəlidir.

Musa BAĞIRLI,

"Respublika".