Uğurlu xarici siyasət ölkəmizi məkrli planlardan mühafizə edir
Siyasət

Uğurlu xarici siyasət ölkəmizi məkrli planlardan mühafizə edir

Ümummilli lider Heydər Əliyevin Azərbaycana ikinci dəfə hakimiyyətə gəldiyi gündən bu günə qədər ölkəmiz böyük inkişaf yolu keçib, saysız-hesabsız uğurlara imza atıb. Azərbaycan keçmiş SSRİ-yə daxil olan yeganə ölkədir ki, öz ərazi bütövlüyünü təmin edə bilib. Bu mənada Azərbaycan digər postsovet respublikalarından fərqlənir. Bu, ilk növbədə Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uzaqgörən siyasətin nəticəsidir. 44 günlük İkinci Qarabağ müharibəsi və 23 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam olaraq bərpa olunması son ikiyüzillik tariximizdə müstəsna yerə malikdir.

Azərbaycan Qarabağ problemini həll etməklə həm də öz ərazisinə və regiona sabitlik gətirib. Bunun da başlıca səbəbi xalq-iqtidar birliyidir. Dövlət başçımızın qeyd etdiyi kimi: "Uzun illərdir ki, Azərbaycanda sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək".

Son illər dünyada baş verənlər sabitliyin hər bir ölkə üçün böyük aktuallıq daşıdığını göstərir. Bir anlığa emosianallıqla verilən qərarlar bəşəriyyəti fəlakətə aparır, yaşanan qarşıdurmalar dövlətləri böyük insan itkiləri, dağıntılarla üz-üzə qoyur. Artıq iki ildən çoxdur ki, davam edən Rusiya-Ukrayna müharibəsi və ötən ilin oktyabr ayında başlayan İsrail-Həmas qarşıdurması buna ən yaxşı nümunədir. Dünyanın müxtəlif yerlərində yaşanan gərginliklərlə müqayisədə Azərbaycan sabitlik və inkişaf adasına çevrilib.

Planetimiz bu gün iki böyük savaşın meydanına çevrilib. Artıq bəşəriyyət üçün növbəti həyəcan təbili çalınır. Bu, üçüncü dünya müharibəsinin başlanması ehtimallarının sürətlə artması deməkdir. Üçüncü dünya müharibəsi rəsmən elan olunmasa da bunun faktiki olaraq başladığını demək mümkündür. Ekspertlər də düşünürlər ki, yeni dünya nizamının qurulması üçün müharibənin başlaması zaman etibarilə olduqca yaxındır. Xüsusilə də Qərb bloku ilə uzun illər soyuq müharibə aparan Rusiya və İranın iştirakı ilə baş verən hadisələr bunu deməyə əsas verir. Prezident İlham Əliyev dəfələrlə məsələ ilə bağlı fikirlərini səsləndirib. Ölkə başçısı bu il yenidən Prezident seçilməsi münasibətilə keçirilən andiçmə mərasimində qeyd etmişdi ki, dünya faktiki olaraq üçüncü dünya müharibəsinə çox yaxındır: "Bəziləri hesab edir ki, artıq üçüncü dünya müharibəsi başlamışdır, müxtəlif fərziyyələr ola bilər".

Üçüncü dünya müharibəsinin başlamasına rəvac verən ilk səbəb beynəlxalq hüququn işlək olmamasıdır. Məsələn, dünyada əsas söz sahibi olan, millətlərin taleyi ilə bağlı qərarlar verən BMT öz missiyasını layiqincə yerinə yetirə bilmir. Bunun üçün çox uzağa getmək lazım deyil. Təkcə, son otuz ildə Cənubi Qafqazda baş verən proseslərdə bunu görmək mümkündür. BMT yalnız böyük güclərin maraqlarına xidmət edən, işğalçılara qarşı heç bir cəza tədbirləri görməyən qurum kimi fəaliyyətini davam etdirir. Bütün bunlar öz növbəsində dünyanın yenidən bölüşdürülməsinə gətirib çıxarır ki, kollektiv Qərb və Şərq yeni geosiyasi xəritə formlaşdırmaq uğrunda bir-biriləri ilə yarışırlar. Bu rəqabət özü ilə bərabər dünyanın müxtəlif regionlarında müharibə ocaqlarının yaranmasına səbəb olur. Təbii ki, bu da məqsədli şəkildə həyata keçirilir.

2022-ci ilin fevral ayından Rusiya- Ukrayna arasında başlayan silahlı münaqişə üçüncü dünya müharibəsinin başlanması fikrinin əsasını təşkil edib. Belə ki, bu savaş təkcə iki slavyan xalqı arasında baş vermir, həm də Qərb və Şərq blokunun mübarizəsinə çevrilib. Cəbhənin bir tərəfində Rusiya, İran və Çin, qarşıda isə ABŞ başda olmaqla kollektiv Qərb dayanır.

Ötən ilin oktyabr ayında Yaxın Şərqdə və son günlərdə həmin regionda baş verən hadisələr üçüncü dünya müharibəsinin faktiki olaraq başladığını bir daha sübut etdi. İsrailin HƏMAS və Hizbullahı bölgədən təmizləməyi qarşısına hədəf qoyması onu göstərir ki, bu ərazi hələ bir neçə müddət dünyanın qaynar nöqtəsi olaraq qalacaq. Bundan başqa, aprelin 14-də İranın 200-dən çox qanadlı raket və pilotsuz uçuş aparatları ilə İsrail ərazisinə hücum etməsi Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirib. Rəsmi Tehran bu hücumun İsrailin Dəməşqdəki səfirliyə endirdiyi zərbəyə cavab olduğunu bildirib. Bununla da 14 aprel tarixindən etibarən Tehranla Təl-Əvivin arasındakı çatlar daha da dərinləşib.

Ayrı-ayrı regionlarda baş verən müharibələr bir-biri ilə sıx bağlı olduğundan Cənubi Qafqaza da öz təsirini göstərir. Çünki müharibə aparan hər bir ölkənin fərqli ərazilərdə müttəfiqləri mövcuddur. Və bu amil müharibə arealının genişlənməsinə gətirib çıxara bilər. Lakin Azərbaycanın bu cür proseslərdən kənarda qalması dövlət başçımızın uğurlu siyasətinin nəticəsidir. Ölkəmizin heç bir hərbi alyansa daxil olmamasında da əsl məqsəd bundan ibarətdir. Rəsmi Bakının priotitet istiqaməti xalqın maraqlarını müdafiə etməkdir.

Musa BAĞIRLI,

"Respublika".