Uğurların açarı, qələbələrin sevinci...
İdman

Uğurların açarı, qələbələrin sevinci...

Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. Hazırda Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.

Bədən Tərbiyəsi və İdman Gününün martın 5-nə təyin edilməsi olduqca böyük önəm və əhəmiyyət kəsb edir. Belə ki, 1995-ci ilin eyni günündə ulu öndər Heydər Əliyev dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bu hadisə Azərbaycanda bədən tərbiyəsi və idmana göstərilən qayğı və diqqəti bir daha sübut edir. Bununla yanaşı, ölkəmizdə 2012-ci il "İdman İli" elan edilib.

Müstəqilliyini yenicə əldə etmiş Azərbaycanda idmana, xüsusilə gənclərə verilən dəyərin nəticəsidir ki, idman ölkəsi kimi tanınırıq. Dövlət başçısının idmanı sevməsi, bu sahəyə həssaslıqla yanaşması, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında sərəncamları bu sahənin dinamik inkişafına təkan verir. İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri tikilib, idman mərkəzləri uğurla fəaliyyət göstərir.

Azərbaycanın idman üzrə uğurlarına nəzər salsaq, görərik ki, kollektiv və fərdi sahələrdə əldə edilən nəticələrlə bayrağımız daim ucalara qaldırılır. İstər, 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya Oyunlarında 7 medalın sahibi olmağımız, istərsə də London Olimpiadasında iki qızıl, iki gümüş və altı bürünc medal qazandığımız rekord qürur doğurur.

Qeyd edək ki, Azərbaycan ötən il Krakov və Malopolskada keçirilən III Avropa Oyunlarında uğurlu iştirakı ilə diqqət mərkəzində idi. Yarışlarda ümumən ölkəmiz 14 idman növündə 100 idmançı ilə təmsil olunub, 3 qızıl, 2 gümüş və 6 bürünc olmaqla, 11 medal qazanıldı. Xatırladaq ki, həmin il qızıl medallara karate və kikboksinq üzrə əldə etdiyimiz qələbələr sayəsində sahib olduq. Azərbaycan, həmçinin 2023-cü ildə Şahmat üzrə Dünya Kuboku, U22 Avropa Boks Çempionatı, Gənclər arasında FİBA Avropa Çempionatı (U18, C divizionu) və bir çox gimnastika tədbirləri kimi böyük beynəlxalq idman tədbirlərinə ev sahibliyi edir və bu sahəyə göstərdiyi diqqət və qayğını bütün dünyaya nümayiş etdirdi. Elə Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransına (MINEPS) məhz Azərbaycanın ev sahibliyi etməsi deyilənlərin təsdiqidir.

Qüdrətli Azərbaycan dövləti öz suverenliyi və ərazi bütövlüyünü tam bərpa etmiş bir ölkə kimi bütün sahələrə olan dəstəyini daha da intensivləşdirir. Qarşıdakı yeni hədəflərə doğru inamla irəliləyirik. 

Bildiyimiz kimi, ölkə başçısı Xankəndidə Azərbaycan bayrağını ucaltdı, tarixi ədaləti bərpa etdi. Qeyd edək ki, Xankəndi şəhər stadionunda əsaslı təmir işləri aparılıb. Stadion separatizmin bütün simvollarından təmizlənib. Ötən il dekabrın 21-də isə Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları üz-üzə gəldi.  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyunu izlədilər. Tarixi görüş elə məhz Azərbaycan Prezidentinin topa ilk toxunuşu ilə başlandı. Xankəndi stadionunda baş tutmuş MOİK - "Qarabağ" oyunu təxminən 6000 azarkeşin iştirakı ilə keçirildi. Cənab Prezidentin topa ilk toxunuş üçün meydana gəlməsi, bir zamanlar qondarma rejimin bayrağı rənglərindən təmizlənən tribunaları da indi "Qarabağ Azərbaycandır!" yazılması bütün dünyaya verilən bir mesaj idi.

Qeyd edək ki, oyunun fasiləsində Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə təltif edilmiş idmançılarla görüşdü. Ölkə başçımız qeyd etdi ki, dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını - uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir. 

Bütün bu uğurlar Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin yaradır.

Nurlan ABDALOV,

"Respublika".