Uğurla nəticələnən lokal tədbirlər
Digər xəbərlər

Uğurla nəticələnən lokal tədbirlər

Separatçı xunta rejiminin Xankəndi və ətraf ərazilərdəki özbaşınalığının qarşısı qətiyyətlə alındı. Ərazi bütövlüyümüzün qorunub saxlanılması, ölkəmizin daxili məsələlərdəki qətiyyətli mövqeyi, regional təhlükəsizliyin bərpa edilməsi uğurla həyata keçirildi. Antiterror tədbirləri nəticəsində 30 illik işğal zamanı və postmüharibə dövründə Xankəndidəki qondarma rejimin törətdiyi əməllərə bir gün ərzində birdəfəlik son qoyuldu.

Hərbi və diplomatik uğur hekayəmiz şanlı zəfər tariximizə qızıl hərflərlə yazıldı. Növbəti dəfə Azərbaycan öz daxili sabitliyini və təhlükəsizliyini təmin etdi. Dövlətçiliyimizə və suverenliyimizə qarşı atılan hər bir addıma keçmişdə olduğu kimi, bu gün də lazımi tədbirlərlə cavab verildi. Azərbaycanın haqq işinin uğurla başa çatması regionda uzun müddətdir gözlənilən rifahı təmin edəcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunması Cənubi Qafqazdakı növbəti mərhələnin başlanğıcı deməkdir. Qeyd edilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq tədbirlərə son verilib. Lakin müəyyən şərtlər əsasında. İlkin növbədə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyaraq, döyüş mövqelərindən və hərbi postlardan çıxdılar və tam şəkildə tərksilah oldular. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etdilər, qeyri-qanuni erməni silahlı dəstələri buraxıldı. Bu, bir daha keçirilən tədbirlərin mahiyyət etibarı ilə nəyə xidmət etdiyini bariz şəkildə sübut etdi. Üstəlik şərtlərə əsasən bütün silah-sursat və ağır texnika təhvil verildi. Yəni Xankəndi və ətrafındakı qeyri-qanuni silahlanma, dinc əhalimiz və silahlı qüvvələrimizə qarşı edilən hücumlar artıq sona çatdı.

Seçdikləri yolun onları uçuruma doğru apardığını anlayan təxribatçılar və terrorçular silahı yerə qoyub Azərbaycan hüquq-mühafizə orqanlarına təslim oldular. Bundan öncə dəfələrlə xəbərdarlıq edilsə də, buna məhəl qoymayanlar bu gün növbəti dəfə anladılar ki, heç bir ifadə əsassız deyil. Azərbaycanın humanizm və beynəlxalq ədalət prinsipləri çərçivəsində yanaşmasına təxribatlarla cavab verməyin ağır nəticələri ilə üzləşən separatçılar nəhayət zərərsizləşdirildi.

Yüksək peşəkarlıqla həyata keçirilən antiterror tədbirlərinin uğurla nəticələnəcəyi sirr deyildi. Belə ki, Azərbaycan postmüharibə dövründə təxribatlara qətiyyətli cavab vermiş, törədilən təxribatların qarşısının alınması məqsədilə uğurlu əməliyyatlara imza atmışdır. Azərbaycan bunu keçirilən "Qisas 1" və "Qisas 2" əməliyyatları ilə dəfələrlə sübut etmişdir. Belə ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı növbəti dəfə terror-təxribat əməli törətdi. Nəticədə hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid oldu. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirməyə və orada yeni döyüş mövqelərini qurmağa da cəhd göstərmişdilər.

Ötən ilin mart ayında isə Xocalı rayonunun Fərrux kəndi, Fərrux dağı, "Daşbaşı" yüksəkliyi və "Sağsağan" dağ silsiləsinin azad olunması üçün Azərbaycan tərəfindən aparılmış hərbi əməliyyat, Ordumuzun bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürülmüşdür. Ayrı-ayrı kəşfiyyat-diversiya qruplarının terrorçuluq fəaliyyətinin qarşısının alınması əməliyyatlarını da xüsusilə qeyd etmək yerinə düşər. Son olaraq, iyunun 27-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulmuş, Ordumuzun hərbi qulluqçusu yaralanmışdı. Ordumuzun gecə ilə "Qəzəb" əməliyyatı həyata keçirərək düşmənə layiqli cavab verməsi, qanunsuz birləşmələrin infrastrukturuna ciddi zərbələr endirilməsi nəticəsində 5 terrorçu məhv edilmişdi.

Aydın şəkildə qeyd edə bilərik ki, Rusiya sülhməramlılarının, Avropadakı anti-Azərbaycan dairələrinin ölkəmizin daxili işinə qarışması mümkün olmamışdır. Çünki hər kəs başa düşür ki, bu, Azərbaycanın haqq işidir və istənilən halda ərazilərimizin təhlükəsizliyi təmin olunmalıdır. İdeoloji olaraq uzun illər qlobal güc dairələrinin təsiri altında yaşayan, xunta rejimi tərəfindən zorla silahlandırılan erməni əhalisini isə bundan sonra firavan həyat gözləyir.

Ölkəmiz tarixinin ən şanlı günlərini yaşayır. Uzun illərdir xalqımızın amalı olan ərazi bütövlüyümüz üzərindəki bütün təhdidlərin aradan qaldırılmasının növbəti mərhələsinin uğurla başa çatması buna əyani misaldır. "Boz zona" və digər xəbis planların qarşısının alınması bütün sferalarda yeganə qalibin kim olduğunu göstərir.

Nurlan ABDALOV,

 "Respublika".