Türkiyəyə qardaş köməyi mənəvi borcumuzdur
Digər xəbərlər

Türkiyəyə qardaş köməyi mənəvi borcumuzdur

Bir neçə tektonik qırılma xətlərinin yaxınlığında yerləşən Türkiyə fevralın 6-da növbəti təbii fəlakətlə sarsıldı. Qardaş ölkədə baş verən zəlzələ böyük dağıntılara, minlərlə insan tələfatına səbəb oldu. Bu, son yüz ildə regionda və Türkiyədə baş verən ən güclü zəlzələdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə bildirdi ki, biz təkcə cümhuriyyət tariximizin deyil, coğrafiyamızın və dünyanın ən böyük fəlakətlərindən biri ilə üz-üzəyik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təbii fəlakətin baş verdiyi həmin gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirdi.

Azərbaycan Prezidenti qeyd etdi ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən fond tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir.

Bununla əlaqədar faciədən zərərçəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıracaq xüsusi təyyarə Türkiyəyə yola düşüb.

Türkiyədə yardıma ehtiyacı olan əhaliyə kömək məqsədilə ölkəmizdə kütləvi kampaniyaya start verilib.

Yardım kampaniyasında sözün əsl mənasında izdiham yaşanır. Yüzlərlə insan kampaniyanın keçirildiyi yerə axın edərək, qardaş türk xalqına yardımlarını çatdırır. Zəlzələdən zərərçəkən insanlar üçün geyimlər, qızdırıcı vasitələr və qidalar toplanaraq Türkiyəyə yola salınır.  Azərbaycan vətəndaşları qardaş ölkədə baş vermis dəhşətli zəlzələlər nəticəsində evsiz qalan insanlara yardım kampaniyalarını  davam etdirir.

Hazırda axtarış-xilasetmə əməliyyatlarında azərbaycanlı mütəxəssislər də türkiyəli həmkarları ilə birlikdə əsl fədakarlıq göstərirlər. Azərbaycandan toplanmış ianə və yardımlar lazımi ünvana çatdırılır.

Türkiyəyə qardaş köməyi davam edir. Biz səninləyik, Türkiyə!

 Tural QASIMLI,

 YAP Şamaxı rayon təşkilatının sədri.