Türkiyə və yerli media nümayəndələri minalardan təmizləmə prosesini izləyiblər
Digər xəbərlər

Türkiyə və yerli media nümayəndələri minalardan təmizləmə prosesini izləyiblər

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun fəaliyyəti ilə tanış olmaq məqsədilə aprelin 6-da Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyə yerli media nümayəndələrinin bir qrupu üçün növbəti media-tur təşkil edilib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində ilk olaraq media nümayəndələri azad edilmiş ərazilərin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə qarşılıqlı əlaqədə minalardan təmizləmə prosesini qardaş Türkiyənin istehsalı olan MEMATT (Mexaniki Mina Təmizləmə Təchizatı) mühəndis texnikasının praktiki tətbiqini izləyiblər.

Media nümayəndələrinə məlumat verilib ki, Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsindən bu günədək Müdafiə Nazirliyinin mühəndis bölmələri tərəfindən 29 min hektaradək ərazi təmizlənib. Erməni hərbçiləri tərəfindən basdırılmış 23 min 230 mina, eləcə döyüş əməliyyatlarından qalma partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Müdafiə Nazirliyinin Mühəndis Qoşunlarının nümayəndəsi Vüqar Əzizov AZƏRTAC-a müsahibəsində deyib ki, hazırda minalardan partlamamış döyüş sursatlarından təmizlənən ərazilər əkin sahələri üçün nəzərdə tutulub. Hazırda ərazilərdə mina aşkarlanmayıb. Bundan sonra bu ərazilərdə qazanılan təcrübələr əsasında Füzuli, Zəngilan Qubadlı rayonlarının ərazilərində birgə minatəmizləmə fəaliyyətlərinin icra olunması planlaşdırılır.

ANAMA-nın nümayəndəsi Niyaməddin Hüseynov isə qeyd edib ki, Cəbrayıl rayonundan başlanan minatəmizləmə prosesi 75 hektar ərazini əhatə edir. "İlk olaraq Mühəndis Qoşunlarının tərkibində olan Türkiyədən gətirilən MEMATT texnikası ərazini yoxlayır, müxtəlif yerlərdən çarpaz xətlər açılır əgər həmin yerdə mina varsa müəyyən edilir. Ancaq bu proses başa çatdıqdan sonra da ərazi minalardan təmizlənən, təhlükəsiz ərazi hesab edilmir. Sonrakı beş gün müddətində ANAMA-nın xüsusi minaaxtaran itləri əl ilə ərazi yenidən yoxlanılır. Əgər mina aşkarlanmazsa, yalnız bundan sonra ərazi minalardan tam təmizlənmiş təhlükəsiz hesab olunur", - deyə N.Hüseynov vurğulayıb.

Qeyd edək ki, media-tur çərçivəsində media nümayəndələrinə artilleriya bölmələrinin nümunəvi döyüş hazırlığı məşğələsi nümayiş etdirilib. Jurnalistlər hərbi qulluqçuların fəaliyyətini izləyib, çəkilişlər aparıb hərbçilərdən müsahibələr götürüblər.

Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, azad olunmuş ərazilərdə xidmət etməkdən qürur duyduqlarını bildiriblər.