Qardaşlığın, birliyin möhkəmləndirilməsinə xidmət edən tarixi addım
Türk dünyası

Qardaşlığın, birliyin möhkəmləndirilməsinə xidmət edən tarixi addım

1995-ci il avqustun 28-də Bişkekdə Türkdilli Ölkələrin Dövlət Başçılarının III Zirvə görüşü keçirilib

"Bizim respublikalarımız keçmişdə Sovet İttifaqına daxil olarkən həm iqtisadi baxımdan,  həm də mədəni dəyərlərlə mübadilə baxımından, görüşlər keçirilməsi, bir-birinə nümayəndə heyətləri göndərilməsi baxımından  daha sıx bağlı idilər.  İndi bu əlaqələr zəifləmişdir.  Amma biz istəyirik, Azərbaycan istəyir ki, bu əlaqələr geniş olsun. Tarixi keçmişimizi, ümumi köklərimizi, bizi bu görüşə toplayan  zəmini əsas tutaraq  Azərbaycan istəyir ki,  Mərkəzi Asiyanın bütün ölkələri ilə daha sıx iqtisadi, mədəni, elmi-texniki  əməkdaşlıq yaratsın və bu inteqrasiyaya  daxil olsun". Bu fikri ümummilli lider Heydər Əliyev 1995-ci il avqustun 28-də Bişkekdə  Türkdilli Ölkələrin Dövlət Başçılarının III Zirvə toplantısındakı mətbuat konfransında bildirib.

Xatırladaq ki, Bişkekdə qırğız xalqının  "Manas" dastanının 1000 illik  yubiley tədbirində  Türkiyə Prezidenti Süleyman Dəmirəl, Azərbaycan Prezidenti Heydər Əliyev,  Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkmənistan Prezidenti  Saparmurad Niyazov, Özbəkistan Prezidenti İslam Kərimov, Qırğızıstan Prezidenti  Əsgər Akayev iştirak edib.  Türkdilli ölkələrin dövlət başçıları  arasında ilk Zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar isə 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə  Antalyada keçirilib.

Türkdilli Ölkələrin Dövlət Başçılarının 28 avqust 1995-ci il tarixdə  Bişkek şəhərində keçirilən III Zirvə toplantısında ümummilli lider Heydər Əliyev bu dövlətlərin bir-biri ilə siyasi, iqtisadi münasibətlərini çox yüksək qiymətləndirmiş, görüş çərçivəsində Qırğızıstan Prezidenti Əsgər Akayevlə görüşmüşdür. Liderlər hər iki  dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsilə  bağlı məsələlərin  müzakirəsinə ciddi ehtiyac olduğunu bildirmiş, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması ilə  əlaqədar aparılan danışıqlardan da bəhs etmişdilər.  Azərbaycan dövlətinin başçısı səfər zamanı  Bişkekdə qırğız xalqının "Manas"  dastanının minillik yubileyilə  əlaqədar keçirilən şənliklərdə də iştirak etmiş  və yığıncaqdakı çıxışında demişdi ki, "Manas"ı min il bundan əvvəl qüdrətli qırğız dövləti yaratmışdır. Bu gün qırğız xalqı yenidən  müstəqillik əldə etmişdir, onun öz milli dövləti var. Ulu öndər onu da demişdi ki,  vacib problemlərimizin həll olunması üçün bir-birimizə kömək  göstərməli, yardım əlimizi uzatmalı, parçalanmanın və təklənmənin qarşısını almalı,  dara düşmüş qardaşlarımıza  birlikdə kömək etməli, qanlı müharibələrin və silahlı münaqişələrin alovunu söndürməliyik. Bütün bunlara görə tarixi mənşəyimiz, qarşımızda  duran məqsəd və  problemlərin oxşarlığı, milli mənafelərimizin  birliyi - bütün bunlar  bizim strateji əməkdaşlığımızın etibarlı təməlidir və  gələcəyimizə nikbin baxmağa imkan verir.

Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev türkdilli dövlətlər arasında bütün sahələrdə  əlaqələrin inkişafı istiqamətində  mühüm addımlar atmaqdadır.  2006-cı ildə Antalyada  keçirilən Zirvə toplantısında türkdilli dövlətlərin  parlamentlərinin bir araya gəlməsi ideyası irəli sürülmüşdü.  Parlament Assambleyasının  yaradılması ideyasının  türkdilli  dövlətlərin rəhbərləri  tərəfindən dəstəklənməsi  bu ideyanın gerçəkləşməsinə zəmin yaratdı.

Türkdilli ölkələrin Parlament Assambleyasının (TÖPA)  sentyabrın 28-29-da  Bakıda keçirilən ilk iclasında  qurumun daimi katibliyi  yaradılmış və Bakı Bəyannaməsi imzalanmışdı. TÖPA-nın  ikinci ümumi iclasının 2010-cu ilin oktyabrında  Qazaxıstanın Astana şəhərində  keçirilməsi nəzərdə tutulmuşdu.

Oktyabrın 2-3-də  Naxçıvanda Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşündə   Prezident İlham Əliyev bildirmişdi: "Bu yaxınlarda Bakıda bizim  birliyimizi daha da  möhkəmləndirən önəmli hadisə baş vermişdir. Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının  birinci toplantısı keçirilmişdir.  Bu da çox önəmli hadisədir.  Bizim qanunvericilik orqanlarımız da bir-biri ilə daha sıx  əlaqədə olacaqlar.  Düzdür, ölkələrimizi təmsil edən  deputatlar bu vaxta qədər bir-birilə daha sıx  əlaqadə olmuşdur, müxtəlif beynəlxalq qurumlar  çərçivəsində əməkdaşlıq etmişlər...  Əgər gələcəkdə bütün siyasi məsələlərdə,  beynəlxalq təşkilatlarda, beynəlxalq müstəvidə bir-birimizə öz dəstəyimizi  verməyə davam etsək, iqtisadi sahədə əməkdaşlığımızı konkret layihələrlə zənginləşdirsək, humanitar və mədəniyyət sahəsində TÜRKSOY vasitəsilə, konkret layihələr  vasitəsilə bu birliyi daha da gücləndirsək, bizim xalqlarımız bundan ancaq fayda götürəcəklər".

Bəli, bu gün türkdilli dövlətlər arasında əlaqələr getdikcə genişlənir. Dövlət başçımızın  qeyd etdiyi kimi, bundan isə qardaş  ölkələrin xalqları faydalanır.  Sözsüz ki, bu birlik, eyni zamanda dünya xalqları arasında mehribanlığın, əməkdaşlığın  təmin edilməsinə də öz töhfəsini verir...

Zümrüd QURBANQIZI,

"Respublika".