Türk liderlərini bir araya gətirən çağırış
Siyasət

Türk liderlərini bir araya gətirən çağırış

TDT-nin Zirvə görüşündən dünyaya önəmli mesajlar

Dünyada bir sıra uğurlu birlik nümunəsi olsa da, gücünü tarixindən alan və eyni soykökə sahib dövlətlərin səmərəli əməkdaşlığına rast gəlmək olduqca çətindir. Məhz bu çərçivədə Türk Dövlətləri Təşkilatı (TDT) yeni dünya nizamında aparıcı mövqeyə sahibdir. 2009-cu ildə təşkilatın cəmi dörd üzvü olsa da, 2021-ci ildə iştirakçıların sayı yeddiyə çatıb. TDT-nin digər strukturlardan əsas fərqi geosiyasi mərkəzlərdən yardım almadan və onların iştirakını şərtləndirmədən fəaliyyət göstərməsidir. Belə ki, türk dövlətləri arasında inteqrasiya Qərb, Rusiya və Çinin təsiri və ya dəstəyindən deyil, üzv ölkələrin milli maraqlarının üst-üstə düşməsindən qaynaqlanır.

Türk Dövlətləri Təşkilatı iştirakçı ölkələrin müstəqilliyinə və suverenliyinə heç bir maneə yaratmır. Türkiyə NATO-ya, Qırğızıstan isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olsalar da bu, onlara təşkilat çərçivəsində uğurlu əməkdaşlıq etməyə mane olmur.

Azərbaycan ilə Qırğızıstan arasında Strateji Tərəfdaşlıq haqqında, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi barədə bəyannamələrin, Azərbaycanla Türkmənistan arasında "Dostluq" yatağı üzrə sazişin imzalanması, o cümlədən Azərbaycanın Qazaxıstanla, Türkiyənin Özbəkistan və Qırğızıstan ilə imzaladıqları ikitərəfli sazişlər olduqca böyük əhəmiyyət kəsb edir. İkitərəfli tərəfdaşlıq çoxtərəfli əməkdaşlığa yol açır, öz növbəsində strateji layihələrin reallaşdırılmasına münasib zəmin formalaşdırır.

Regionda geosiyasi reallıqlar, super güclərin öz maraqları uğrunda mübarizə apardığı bir dövrdə türk dövlətlərinin daha intensiv əməkdaşlığına zəmin yaradır. Həmçinin müasir dövrdə dövlətlər arasında ittifaqlaşma prosesinin güclənməsi türk dövlətlərini eyni çətir altında birləşdirir. ABŞ və Britaniya arasında Atlantika Xartiyasının imzalanması, həmçinin ABŞ, Böyük Britaniya və Avstraliya AUKUS hərbi ittifaqının yaradılması deyilənlərə əyani misaldır. Məhz bu prosesin fonunda türkdilli dövlətlərin də öz əlaqələrini daha da gücləndirməsinə ehtiyac yaranır. Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı türkdilli dövlətlərin öz aralarında, həm siyasi-iqtisadi, həm də hərbi sferada əməkdaşlığın koordinasiyalı şəkildə möhkəmlənməsinə, təhlükəsizlik platformasının genişlənməsinə rəvac verən addımların atılacağına işarədir. Bu format regional təhlükəsizliyin yeni strukturunun yaradılması baxımından çox vacibdir. Cənub-Qərbi Asiya ölkələrini əhatə edən təşkilatın gələcək perspektivdə uğurları daha da artacaqdır. Türk dövlətlərinin ümumi daxili məhsulu (ÜDM) 1,2-1,3 trilyon dollar həcmində qiymətləndirilir. Ölkələrin ümumi ərazisi təqribən 4 milyon kvadratkilometrdən, əhalisi isə 250 milyon nəfərdən artıqdır. Bununla yanaşı, ötən ildə Azərbaycanla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 70 faiz artaraq 7 milyard 170 milyon dollar təşkil etmişdir. 2023-cü ilin yanvar-iyul aylarında isə ölkəmizin türk dövlətləri ilə ticarət dövriyyəsi 5 milyard 666 milyon dollar olub. Qeyd etmək lazımdır ki, TDT-nin qlobal əhəmiyyəti hər keçən gün daha da artır. Müşahidəçi qismində Macarıstanın iştirakı bunu deməyə əsas verir ki, beynəlxalq miqyasda təşkilatın gələcəyi olduqca parlaqdır. Bu formatın inkişafı Avrasiya qitəsinin düz mərkəzində geniş coğrafiyada proseslərin inkişafı və ya proqnozlaşdırılması baxımından çox əhəmiyyətlidir.

TDT ərazi bütövlüyümüzün bərpası məsələsində də hər zaman mənəvi və siyasi dəstəyini göstərmiş, Vətən müharibəsinin ilk günlərində təşkilatın yaydığı bəyanatda münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi qeyd edilmişdir.

Azərbaycan və Türkiyənin regiondakı tarixi birliyi TDT-nin fəaliyyətinə yeni nəfəs gətirmişdir. Bunun nəticəsidir ki, təşkilata üzv olan digər türkdilli ölkələr bu birliyin timsalında qarşılıqlı əməkdaşlığı gücləndirirlər. Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi də buna əyani sübutdur. Beləliklə, ümumi dil, din, tarix və mədəniyyət amillərinə uyğun olaraq, həyata keçirilən digər layihələr türk dövlətləri arasında iqtisadi və siyasi qarşılıqlı əlaqələri dərinləşdirir, həmçinin təhlükəsizlik tərəfdaşlığının yaradılmasını məntiqə uyğun edir. Qeyd etmək yerinə düşər ki, 2021-ci il noyabrın 12-də Türk Dövlətlər Təşkilatının 8-ci zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üzv ölkələr arasında ticarət dövriyyəsinin 21 milyard dollar olmasını bildirmişdir. Bu da öz növbəsində dövlətlərarası əməkdaşlığın səmərəliliyini göstərir. Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi qardaş Türkiyə iqtisadiyyatına qoyulan sərmayədir. Bununla yanaşı, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması türk dövlətlərin səmərəli fəaliyyətini bir daha sübut edir.

Noyabrın 3-də Astanada Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirildi. Türk Dövlətləri Təşkilatının "Türk əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşü çərçivəsində Astanaya gələn liderlər görüşün ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirdilər.

Son iki ildə Qazaxıstana üçüncü səfərini edən dövlət başçısının Türk Dövlətləri Təşkilatının "Türk əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev bildirdi ki, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir: "Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir". Bununla yanaşı, tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev görülən işlər haqqında ətraflı məlumat verərək qeyd etdi ki, ötən dövr ərzində müxtəlif sahələrdə bir sıra mühüm qərarlar qəbul olunub. Daha sonra isə Astana aktı və Astana Zirvə görüşünün Bəyannaməsi imzalandı. Xüsusilə vurğulamaq lazımdır ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə türk xalqlarının inkişafında böyük xidmətlərinə görə Türk Dünyasının Ali Ordenini təqdim edib.

Bununla bir daha türk dünyasının qarşılıqlı əməkdaşlığı bütün dünyaya nümayiş etdirilib. Əminliklə deyə bilərik ki, türk dövlətləri gələcəkdə də, daha böyük nailiyyətlərə imza ataraq qlobal destabilliyin aradan qaldırılmasına önəmli töhfələr verəcəklər.

Nurlan ABDALOV,

 "Respublika".