Türk dünyasını birləşdirən qədim diyar uğurlu sabahlara yol açır
Siyasət

Türk dünyasını birləşdirən qədim diyar uğurlu sabahlara yol açır

Möhkəm təməllər üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə davamlı, yüksələn xətt üzrə inkişaf etmiş, iki türk dövləti arasında tarixi köklərə əsaslanan geniş əməkdaşlıq əlaqələri dərinləşmiş, daha da şaxələnmişdir. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əlaqələri bu gün müttəfiqlik səviyyəsinə yüksəlmişdir.

Ulu öndər 1990-cı ilin iyul ayında Naxçıvana qayıtdıqdan sonra Moskva və Qars müqavilələri siyasi müstəviyə çıxarılmış, bu qədim yurd yerində "bir millət, iki dövlət" şüarı reallığa çevrilmişdir. O vaxtlar Naxçıvan ən ağır günlərini yaşayır, Muxtar Respublika tamamilə blokada şəraitində saxlanılır, ərzaq qıtlığı, elektrik enerjisinin və qazın verilməməsi demək olar ki, naxçıvanlıları aclıq, səfalət içində yaşamağa vadar edirdi. Xalqın iradəsi və qətiyyəti sayəsində Heydər Əliyev Azərbaycan və Naxçıvan MR Ali sovetlərinə deputat seçildikdən sonra Naxçıvanın ictimai-siyasi həyatında böyük canlanma, tərəqqi dövrü başlandı. Muxtar Respublikanın Ali hakimiyyət orqanında dəyişiklik edildi, üçrəngli dövlət bayrağı və digər dövlət rəmzləri haqqında qərarlar qəbul edildi.

1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi böyük hadisə oldu. Muxtar respublikanın erməni təcavüzündən müdafiəsi ümummilli liderin əsas fəaliyyət istiqamətinə çevrildi. Böyük dövlət xadiminin ilk gündən başlayaraq bu istiqamətdə atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. Ümumiyyətlə, Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində muxtar respublikanın hərtərəfli inkişafına xüsusi qayğı göstərmiş, ağır blokada şəraitinə baxmayaraq, onu təcavüzkarlardan qorumağa nail olmuş, bir kəndin, qəsəbənin belə düşmən əlinə keçməsinə imkan verməmişdir.

90-cı illər Naxçıvan Muxtar Respublikasının ən ağır dövrü idi. Naxçıvan faktiki olaraq Ermənistan tərəfindən blokadaya salınmış, avtomobil yolu, dəmir yolu isə ermənilər tərəfindən tez-tez bağlandığından Azərbaycanla əlaqə kəsilmişdi. 1991-ci ilin dekabr ayından muxtar respublikaya qaz nəqlinin, o cümlədən elektrik enerjisinin verilməməsi, dəmir yolunun fasilələrlə işləməsi və 1992-ci ilin aprel ayından tamamilə dayandırılması onsuz da ağır olan sosial-iqtisadi vəziyyəti böhran həddinə çatdırmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Heydər Əliyev həmin illərdə qonşu Türkiyə və İranla geniş əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində məqsədyönlü siyasət yürüdürdü. Belə ki, 1992-ci ilin martında Heydər Əliyev Türkiyə Cümhuriyyətinə ilk rəsmi səfəri zamanı Türkiyə Prezidenti Turqut Özal, Baş nazir Süleyman Dəmirəl və digər rəsmi şəxslərlə görüşlərində Ermənistanın Azərbaycana qarşı təcavüzü və Naxçıvanın ağır vəziyyətdə olduğunu bildirmiş, iqtisadi çətinlikləri aradan qaldırmaq üçün qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaratmağa müvəffəq olmuşdu. 70 ildən sonra qardaş Türkiyə ilə qurulan qarşılıqlı münasibətlər, ardıcıllıqla aparılan danışıqlar, qəbul edilən qərarlar Türkiyə-Azərbaycan birliyinin bərpasına və blokadaya düşmüş Naxçıvan Muxtar Respublikasının xilasına yönəlmişdi. Bu əlaqələrin genişləndirilməsində 1992-ci il mayın 28-də Araz çayı üzərində Türkiyənin Dilucu və Azərbaycanın Sədərək bölgələrini birləşdirən 11 aşırımlı və o vaxtdan "Ümid", "Həsrət" adlanan körpünün tikilib istifadəyə verilməsinin böyük əhəmiyyəti oldu. Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində tikilən, uzunluğu 288, eni 12 metr olan Sədərək-Dilucu körpüsü iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvoluna çevrilən bu körpünü "Ümid" körpüsü adlandıran Heydər Əliyev demişdir: "Bu gün bu qocaman Araz çayı üzərində, qədim türk dünyasında, Azərbaycan torpağında böyük bir tarixi hadisə baş verir. Türkiyə ilə Azərbaycan arasında "Ümid" körpüsü, "Həsrət" körpüsü açılır. Biz azərbaycanlılar, türklər əsrlər boyu Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 il bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu görüşü həsrətlə gözləmişik. İndi isə bizim bu arzularımız, diləklərimiz həyata keçibdir. Naxçıvan ilə, Azərbaycan ilə Türkiyəni bağlayan nəhəng bir körpü tikilmişdir". "Ümid" körpüsü Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə, xalqlarımızın birliyinə körpü saldı. İki qardaş ölkə ayrılmaz dosta, etibarlı tərəfdaşa, müttəfiqə çevrildi. Bir millət, iki dövlətin tarixinə türk dünyasının birliyinə, sarsılmaz dostluğuna, əbədi varlığına hesablanmış tarixi sənədlər imzalandı. Türk dünyasının birliyinə xidmət edən mühüm əhəmiyyətli sənədlərə imza atıldı. Türkiyəni bütün türk dünyası ilə birləşdirən, Azərbaycan-Türkiyə münasibətlərində əvəzsiz yeri olan bu qədim diyarda vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və dahi şəxsiyyətin böyük uzaqgörənliklə "Ümid" körpüsü adlandırdığı bu körpü türk dünyasının lider dövlətləri olan Azərbaycan ilə Türkiyənin gələcək inkişafına, xoş gələcəyinə körpü saldı.

Bu gün Naxçıvanda daha bir hadisə tarixin yaddaşına yazıldı. İğdır-Naxçıvan qaz kəmərinin təməli qoyuldu. Sentyabrın 25-də təməli qoyulan İğdır-Naxçıvan qaz kəmərinin bir millətin iki dövləti olan Azərbaycan - Türkiyə münasibətlərindəki tarixi əhəmiyyətini vurğulayan ölkə başçımız demişdir: "Bu gün təməlini qoyduğumuz İğdır-Naxçıvan qaz xətti - vaxtilə biz Sizinlə TANAP layihəsinin təməlini qoymuşduq, TANAP boru xəttinin açılışını bərabər etmişdik - bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start veririk. Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması da tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir".

 İqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala malik olan bu qədim diyarda İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi Türkiyə ilə Azərbaycanın enerji sahəsində ortaqlığını daha da dərinləşdirməklə yanaşı, muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasına, həmçinin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Regional nəqliyyat xətlərinin yaradılması ilə muxtar respublikanın malik olduğu potensialdan tam istifadə etməyə geniş imkanlar yaradacaq, iki qardaş ölkə arasında nəqliyyat, logistika və enerji sahələrindəki əlaqələrini yeni inkişaf mərhələsinə yüksəldəcək.

Bəli, vaxtilə ulu öndər tərəfindən əsası qoyulmuş, "Ümid" körpüsündən keçərək möhkəmlənən dostluq, qardaşlıq əlaqələri uğurlu sabahlara yol alıb. Bu yol Zəfər yolu, aydınlıq yoludur.

 

Mehparə ƏLİYEVA,

"Respublika".