Tramvaylar yenidən Bakı küçələrində
Sosial həyat

Tramvaylar yenidən Bakı küçələrində

Qloballaşan, hər gün bir az da mürəkkəbləşən dünyamızda inkişaf və tərəqqi ilə yanaşı, gündəmdə olan çətinliklər də mövcuddur. Müasir zəmanədə ən geniş yayılmış problemlərdən biri də nəqliyyat vasitələrinin ətraf mühitə təsiridir.

Nəqliyyat vasitələri bir tərəfdən atmosferdən oksigeni udur, digər tərəfdən işlənmiş qazları və karbohidrogenləri havaya buraxır. Ötən əsrin 70-ci illərində avtomobillərin atmosferə buraxdığı çirkli maddələrin miqdarı 10-15 faiz idisə, bu gün həmin rəqəm qat-qat yüksəkdir. Bütün bunlar ondan irəli gəlir ki, ölkədə, xüsusilə də paytaxtda nəqliyyat vasitələrinin sayı durmadan artır. Mütəxəssislərin gəldiyi qənaətə görə, havanın çirkləndirilməsinin 90 faizdən çoxu avtomobillərin payına düşür. Artıq bir çox ölkələr problemin həllini alternativ nəqliyyat vasitələrindən istifadədə görürlər. Belə nəqliyyat vasitələri ekosistemə mənfi təsiri olmayan, unudulmuş şəhərdaxili tramvay, trolleybuslardır.

Dünyada ilk tramvaylar XIX əsrin sonu - XX əsrin əvvəllərində əsas nəqliyyat vasitəsi olmuşdur. Bir zamanlar Bakı küçələrinin bəzəyi olan, şəhərin belinə kəmər kimi dolanan, polad relslərdə səssiz, ləngərli gedişi ilə artıq tarixin arxivinə qovuşan Bakı tramvayları yenidən gündəmə gəlir. Uşaqlıq xatirələrimizdə yaşayan tramvaylar həm də bir rahatlıq, xatirələr məkanı idi. Sakit, geniş vaqonlarda kitab, qəzet oxuyan nənə-babalara,  pəncərə önündə ürkək baxışlarla şirin söhbət edən sevgililərə, arxa oturacaqlarda əyləşib öz dünyalarının xoşbəxtliyini yaşayan uşaqlara da maraqlı idi. Təəssüflər olsun ki, avtomobilə olan  yüksək maraq tramvayları sıxışdırıb çıxardı. Ancaq onu da qeyd edək ki, Bakı dünyada nəqliyyatın bu növündən imtina etmiş yeganə şəhər deyil. İndi həmin şəhərlərin çoxu yenidən tramvayı istifadəyə qaytarır. Son illər Böyük Britaniya, Fransa, İrlandiya, İsveçrə, İtaliya, İspaniya, Almaniya və ABŞ-da əsl tramvay bumu dövrü olmuşdur.

Hələ 1889-cu ildə Bakıda yeganə şəhər nəqliyyatı konkalar olub. Lakin bu nəqliyyat vasitəsi təlabatı ödəmədiyi üçün şəhərdə tramvay xəttinin çəkilişi planlaşdırılıb.  Bu nəqliyyat vasitəsinin istismara verilməsi 1913-cü ildə nəzərdə tutulurdu. Birinci tramvay xətti 27 verst olub (təxminən 29 km) 3 il ərzində tikilməli və Ağ şəhəri, Balaxanı şosesini, Salyan kazarmalarını, Dağlıq hissəni, Bayılı qəsəbəsini şəhərin mərkəzi ilə birləşdirməli idi. 1923-cü ilin yanvar ayında RSFSR Əmək və Müdafiə Şurasının qərarı ilə Bakıda tramvay xəttinin tikintisinə başlanıldı. Bu, nəinki Zaqafqaziyada, demək olar ki, SSRİ-də nəhəng tikintilərdən biri hesab edilirdi. Nəhayət, 1924-cü il fevralın 8-də Bakı küçələrində Dəmiryol vağzalı ilə Azneft meydanını birləşdirən ilk tramvay göründü. Xalq üçün əsl bayrama çevrilən bu hadisənin ilk saatları əhali pulsuz daşınıb. Həmin dövrdən Bakının ən rahat nəqliyyat vasitəsi olan tramvaylar həm də xoş xatirələrlə yaddaşlara həkk olunub. 1960-cı illərdə Bakıda tramvay sistemi ictimai nəqliyyatın digər növlərindən zəif inkişaf edir, əsas diqqət isə metro tikintisinə, avtobusların artırılmasına yönəldilirdi. Şəhərin tramvay şəbəkəsi tədricən azalırdı. 1980-ci ildə Bakı tramvay şəbəkəsinin uzunluğu 70 km-ə düşür, nəticədə 1990-cı illərdə Bakının ictimai nəqliyyat sistemindən tramvay intensiv surətdə sıxışdırılır. 2004-cü ildə tramvay şəbəkəsinin son xətti - metronun Xətai stansiyası - Montin bazarı tamamilə bağlanır. Beləcə, Bakı tramvayının 80 illik tarixi sona çatır.

İstər keçmiş, istərsə də zəmanəmizdə tramvaydan istifadənin üstünlükləri hədsizdir. Əvvəla, tramvay sisteminin yaradılması üçün tələb olunan xərclər metro tikintisinə sərf olunan vəsaitin məbləğindən dəfələrlə azdır. Digər tərəfdən, tramvayın istismarı avtobusun istismarından xeyli ucuz başa gəlir. Əgər, avtobus saatda 4 mindən artıq sərnişin daşıyırsa, tramvay 7 min sərnişini daşımaq gücündədir. Bundan əlavə, pik saatlarda tramvaya əlavə vaqonlar qoşmaq mümkündür və onun istismar müddəti 40 ildən artıqdır.

Yüz il qabaq Bakı küçələrində hərəkətə gələn tramvaylar, elə o qədər müddət sonra yenidən canlanmaq, sürət götürmək ərəfəsindədir. Bəli, uzun illər sonra şəhərimizə əlverişli nəqliyyat vasitəsi qayıdır. Çünki tramvaylara ehtiyac var, həm ekologiyanın korlanmaması, həm də tıxac probleminin həlli üçün vacibdir. Bu nəqliyyat vasitəsi elektrik enerjisi ilə işləyir və avtomobildən fərqli olaraq havaya zəhərli qaz buraxmır. Mütəxəssislərin fikrincə, Bakıda tramvay xətlərinin çəkilməsi 2040-cı ilə qədər nəzərdə tutulur.  Yaxın 3-5 il ərzində xətlərin çəkilişinə start veriləcək. Lakin qarşıda çətinliklər və maneələr də var. Belə ki, vaxtilə tramvay xətlərinin keçdiyi ərazilərdə yaşayış binaları tikildiyi üçün proses ləngiyir. Ümumiyyətlə, yeni Baş Plana əsasən paytaxtda 50 km-ə qədər tramvay xəttinin çəkilməsi nəzərdə tutulur. Sevindirici hallardan biri də ondan ibarətdir ki, Bakı ilə yanaşı, Azərbaycanın işğaldan azad edilmiş Laçın şəhərinə də tramvay xətti çəkiləcək. 

Ramidə YAQUBQIZI,

"Respublika".