TORPAQLARIMIZ BİZİ GÖZLƏYİR
Region

TORPAQLARIMIZ BİZİ GÖZLƏYİR

Bu günlərdə Qərbi Azərbaycandan deportasiya olunan, ürəyi hər zaman Vətən eşqi ilə döyünən Həmid Mehtiyevlə həmsöhbət olduq. Müsahibim 1949-cu ildə İrəvan mahalının Əştərək rayonunun Cadqıran kəndində anadan olub. Adıçəkilən məkan İrəvan şəhərinə yaxın, həddindən artıq məhsuldar torpağa, gözəl iqlimə malikdir. Göz yaşı tək şəffaf sulu Zəngi çayı əraziyə gözəllik verir, eyni zamanda bölgədə əkinçiliyin inkişaf etdirilməsində xüsusi əhəmiyyət daşıyır.

1949-cu ildə doğma Vətənindən deportasiya olunanda Həmid Mehtiyevin heç bir yaşı olmayıb. O, nənəsi Şərəbanı Mehtiyevadan eşitdiklərini söyləyərək bildirdi ki, kənd camaatına Azərbaycanın Kürqırağı zonalarına köçürüləcəklərini bildirəndə xalq qəti şəkildə öz Vətənindən heç yana getməyəcəyini bildirib. Belə olan halda, hökumət adamları müxtəlif vasitələrlə camaata təzyiq etməyə başlayıblar.

Çarəsiz qalan insanlar evlərini, mal-mülklərini, ulularının məzarlarını qoyaraq gözüyaşlı, çox acınacaqlı vəziyyətdə deportasiyaya məruz qalıblar. Əhalini yük vaqonlarına yığaraq ata-baba yurdlarından zorla köçürülüblər. Vaqonlarda çox çətin anlar yaşanmış, bəzi insanlar bu müsibətə dözməyərək yolda dünyasını dəyişmişdir. Bir neçə gün çətin və dözülməz şəraitdə yol gələn günahsız insanlar Kür çayına yaxın yerlərdə heç bir şəraiti olmayan, səhralığı xatırladan ərazilərdə alaçıqlar quraraq yaşamalı olmuşlar.

Lakin burada yaşamağın qeyri-mümkün olduğuna görə zavallı insanlar Tərtər rayonunun Ağkənd kəndinə köçürülmüş, ictimai binalarda və digər şəraitsiz yerlərdə məskunlaşmışlar. Öz şəxsi evləri əllərindən alınaraq köçürülən əhalinin sözsüz ki, bu şəraitdə yaşamağı həddindən artıq çətin idi. Lakin onların geriyə yolu yox idi.

Həmid Mehtiyevin ana babası Yusif Sadıqov isə İrəvan şəhərində Təpəbaşı məhəlləsində yaşayıb. Onların geniş torpaq sahələri, müxtəlif növ meyvə ağacları ilə zəngin bağları olub. Təpəbaşındakı bəzi tikililər hələ də qalır. Xalqımıza məxsus olan tarixi abidələr bir daha o yerlərin ermənilərə heç bir aidiyyəti olmadığını sübut edir. O dövrlərdə mövcud olan küçə və yer-yurd adları da bunu təsdiq edir.

Müsahibim bildirdi ki, valideynləri dünyasını dəyişənədək hər zaman doğma Vətənə - Qərbi Azərbaycana qayıtmaq ümidi ilə yaşamışlar.

Zaman-zaman dinc azərbaycanlı əhalini yer-yurdundan deportasiya etmək planlarına 1988-ci ildə tam yekun vurulub. Beləliklə, Qərbi Azərbaycanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ötən illər ərzində doğma Vətənindən acınacaqlı şəkildə didərgin salınan, həddindən artıq vəhşiliklə üzləşmiş, var-dövləti əlindən zorla alınmış Qərbi azəbaycanlılar Vətənə qayıtmaq ümidlərini tamamilə itirmişdilər. Lakin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəngavər əsgərlərimizin 2020-ci ildə cəmi 44 gün ərzində işğal altında olan ərazilərimizi azad etməsi Qərbi azərbaycanlıların qəlbində ümid işığını alovlandırıb.

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyev əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı Qərbi Azərbaycana qayıdışla bağlı qətiyyətli çıxışı bütün dünyaya, o cümlədən heç bir əsası olmadan əzəli-əbədi torpaqlarımıza yiyələnən Ermənistana mesaj oldu.

Dövlətimizin başçısı həmin görüşdə qayıdış konsepsiyasının hazırlanması üçün tapşırıq verdi. Qərbi Azərbaycan icması tərəfindən konsepsiya beynəlxalq hüquq normalarına uyğun olaraq hazırlanıb. Prezident həmin görüşdə deyib: "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".

Doğma Vətənindən deportasiya olunmuş hər bir vətəndaşımız qayıdış gününü səbirsizliklə gözləyir, inanırlar ki, bu, çox yaxında baş tutacaq. Çünki Azərbaycan Prezidenti İlham Əliyev verdiyi sözü əməli ilə yerinə yetirən yeganə dövlət başçısıdır.

Bu gün insanlar böyük coşqu və həvəslə öz dədə-baba yerlərinə köç edirlər. Belə fərəhli günlər Qərbi azərbaycanlıları da gözləyir.

Vəli VƏLİYEV,

"Respublika".