Təşkilat Komitəsinin iclası
Digər xəbərlər

Təşkilat Komitəsinin iclası

Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə cari ilin oktyabr ayında keçiriləcək "Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar" mövzusunda elmi konfransın Təşkilat Komitəsinin ilk iclası keçirilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, konfransın keçirilməsində başlıca məqsəd ölkəmizdə Nobel mükafatı haqqında maarifləndirmə işlərinin aparılması, Akademiya cəmiyyətinə Nobel mükafatının hərtərəfli tanıdılması, Azərbaycan elminin bu mükafatı qazanmış dünyanın aparıcı alimlərinin apardıqları tədqiqat istiqamətlərinə doğru yönləndirilməsi, eləcə də Azərbaycandan da gələcəkdə Nobel mükafatına namizədlərin təşviq edilməsi, bu yöndə mövcud miflərin və süni baryerlərin sındırılmasına, psixoloji eyforiyanın aradan qaldırılmasına kömək etməkdən ibarətdir.

Sonra çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev AMEA-nın təşkilatçılığı ilə keçiriləcək "Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar" mövzusunda elmi konfransın ölkəmiz, cəmiyyətimiz və elmimiz üçün olduqca faydalı olacağını bildirib. Sədri olduğu Beynəlxalq Avrasiya Mətbuat Fondunun 1992-ci ildən fəaliyyət göstərdiyini və başda BMT-nin qurumları olmaqla, dünyanın aparıcı təşkilatları ilə əməkdaşlıq etdiklərini deyən Umud Mirzəyev Nobel mükafatı almaq üçün namizəd qismində təşəbbüs göstərilməsinə inam yaradılmasının, çəkinmə mifinin aradan qaldırılmasının əhəmiyyətli addım olduğunu vurğulayıb.

Təşkilat komitəsinin üzvlərindən akademiklər - Arif Həşimov, Dilqəm Tağıyev, İradə Hüseynova, professor Kərim Şükürov, tarix elmləri doktoru Zemfira Hacıyeva, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

"Respublika"